Quran oxumağın zahiri və batini ədəbləri
Qurani-Kərim – biz müsəlmanların müqəddəs kitabı olmaqla yanaşı, həm də bizim hidayət mənbəyimiz və bizə hər cür mənəvi xəstəlikdən şəfa verən səma kitabıdır. Bu kitabı tilavət etmək – Məsumlarımızın (ə) tövsiyəsidir. Quran tilavətinin həm zahiri və həm də batini ədəbləri vardır ki, onlarla tanış olaq:
Quran oxumağın zahiri ədəbləri: 1. Quran oxuyan insan dəstəmazla halda olub, Quranı həm ayaq üstə və həm də əyləşən zaman ədəb qaydalarına riayət edərək, tilavət etməlidir. Qiraətin ən yaxşı növü – onu namazda oxumaqdır. 2. Quran oxuyan insan onu ahəstə və tələsmədən oxumalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Quranı üç gündən az müddətdə oxuyar, nə Quran onu agah edər, nə də o onun (Quranın) mənasını dərk edər”. 3. Müstəhəbdir ki, Quran tərtillə oxunsun. 4. Hər bir ayənin haqqına riayət etmək lazımdır. Səcdə ayəsinə çatan zaman səcdə etmək lazımdır. 5. Səcdə ayəsi oxunan zaman həm qari, həm onu eşidən və həm də dinləyicinin səcdə etməsi – sünnətdəndir. Abdullah ibni Ömər nəql edir: “Peyğəmbər (s) Qurandan bir surə oxudu ki, orada səcdə ayəsi var idi və Həzrət (s) səcdəyə getdi. Biz də onunla birlikdə səcdəyə getdik, o yerə qədər ki, bizlərdən bəzisi alnını torpağa qoymaq üçün yer tapmadı”. 6. Əgər Quranı məsciddə oxuyuruqsa və bu qiraətimiz başqalarının namaz qılmağına mane olursa, onda Quranı ahəstə səslə oxumaq lazımdır. 7. Quranı tilavət etməzdən əvvəl qovulmuş şeytandan Allaha pənah aparmaq lazımdır. Çünki Allah Təala buyurur: “O zaman ki, Quranı oxumaq istəyirsən, qovulmuş şeytandan Allaha pənah apar!”. Quran tilavətinin batini ədəbləri: 1. Quranı oxuyan insana lazımdır ki, onu təfəkkür və düşünərək oxusun. Allah Quranı bəşərin dərk edəcəyi dillə nazil etmişdir və onda agah insanlar üçün çoxlu ibrətlər vardır. İnsan Allahın sifət və zatını dərk etməkdə acizdir. Quran insana bu elmə yiyələnməkdə yardım edir. 2. Quran oxuyan insan Onu nazil edənə qarşı qəlbində təzim halını yaratmalıdır. Belə təsəvvür etməlidir ki, Allah Quran vasitəsilə ona xitab edir. 3. Quran oxuyan zaman səbirli və hüzurlu olsun. Həzifə ibni Yəman nəql edir: “Bir gecə Peyğəmbərlə (s) namaza dayanmışdım. O Həzrət (s) “Bəqərə” surəsini oxuyurdu. Ürəyimdə dedim ki, yəqin yüz ayədən sonar rükuya gedəcəkdir. Ancaq Həzrət yüzüncü ayəni keçdi. Ürəyimdə dedim ki, yəqin “Bəqərə” surəsini bitirən zaman rükuya gedəcəkdir. Ancaq Həzrət (s) “Bəqərə” surəsini bitirib, “Ali-İmran”, “Nisa” və “Maidə” surələrini də oxudu. Qiraəti aram və tərtillə idi”. 4. Quran oxuyan zaman yadınıza salın ki, Allah sizinlə söhbət etməkdədir. Belə bir hədisimiz vardır ki, Peyğəmbər (s) buyurur: “O zaman ki, sizlərdən biriniz Allahla söhbət etməyi iradə edər, namaz qılsın. Əgər istəyirsə ki, Allah onunla söhbət etsin – Quran oxusun”. /Deyerler.org/ Oxşar xəbərlər
|