100 müctəhid yetişdirən alim
Axund Xorasani kimi tanınan Molla Hüseyn oğlu Məhəmməd Kazım qəməri təqvimilə 1255-ci ildə Məşhəd şəhərində dünyaya göz açıb.
Atası Molla Hüseyn din təbliğindən əlavə, Məşhəd-Herat arasında ipək ticarəti ilə məşğul olub. Peşəsilə əlaqədar həmişə səfərdə olan Molla Hüseyn, səfərlərinin birində Kaşanda evlənir. Bu izdivacdan Nəsrullah, Məhəmmədrza, Qulamrza və Məhəmmədkazım (Axund Xorasani) adlı dörd övlad dünyaya gəlir. Axund Xorasani 12 yaşında Məşhəd mədrəsəsinə daxil olur. Burada məntiq, ərəb dili qrammatikası, fiqh, üsul elmlərini mənimsəyir. O, 22 yaşında təhsilini davam etdirmək üçün karvanla İraqa səfərə yola düşür. Kar- van Səbzivarda oturaq edir. Zamanın böyük filosofu Molla Hadi Səbzivarinin böyük elm məqamından agah olan Məhəmmədkazım, karvandan ayrılaraq alimin yanına gedir. O, qəməri təqvimilə 1277-ci ilin rəcəb, şaban və rama- zan aylarını Səbsivar mədrəsəsində qalır. Sonra Tehrana gedərək, 13 ay "Sədr” mədrəsəsində məskunlaşır, Molla Hüseyn Xoyi, Mirzə Əbulhəsən Cilvə kimi böyük alimlərin dərsində iştirak edir. Daha sonra İraqa gedərək Şeyx Ənsari, Mirzə Həsən Şirazinin dərslərinə qatılır. Axund Xorasani elmi səviyyəsini, mənəvi halını yüksəltmək üçün gecə-gündüz zəhmətə qatlaşır və bu istiqamətdə heç bir çətinlikdən qorxmur. Özü bu barədə deyir: "Yeganə yeməyim təfəkkür idi, lakin yenə də qane olmurdum. Heç vaxt nəyəsə görə gileyim olmadı. Altı saatdan çox yatmırdım. Gecələri oyaq qalırdım. Ulduzlarla dostlaşmışdım. Ac qarına yatmaq çox çətindir”. Alim Kərbəlaya etdiyi səfərlərinin birində Axund Ərdəkaninin dərsində iştirak edir. Dərs əsnasında Axund Ərdəkani Şeyx Ənsarinin bir nəzərini açıqlayıb tənqid edir. Axund Xorasani Nəcəfə qayıtdıqdan sonra Ərdəkaninin iradlarını müəllimilə müzakirə edir. Şeyx Ənsari Axund Ərdəkaninin bir tənqidini qəbul edir, digərini isə qəbul etmir. Axund Xorasani Ərdakaninin tənqidini müdafiə edir, ustad yenidən onu cavablandırır. Yenidən Axund Xo- rasani başqa ifadəylə Ərdəkaninin fikrini müdafiə edir. Beləliklə söhbət çox uzanır. Dərsdə iştirak edən yüzlərlə tələbə 25 yaşlı tələbənin belə güclü dəlillərlə ustadla elmi mübahisə etməsindən çox təəccüblənirlər. Tələbələrdən biri digərinə "Bu Axunda (Xorasaniyə) baxın ki, o axundu (Ərdəkanini) müdafiə edir”, - deyir. Bu zamandan sonra Nəcəfdə onu "Axund” ləqəbiylə tanıyırlar. Axund Xorasani 13 il ərzində Şeyx Ənsari, Seyid Əli Şüştəri, Şeyx Razi ibn Məhəmməd Nəcəfi, Mirzayi Şirazi kimi böyük alimlərin dərsində iştirak edir. Axund Xorasani tələbə vaxtlarında Mirzayi Şirazinin fikirlərinə də irad tutur. Şagirdlə ustad arasında baş verən uzun elmi mübahisə zamanı Axund ustada ehtiram olaraq susur. Sabahı gün dərs başlamazdan öncə Mirzayi Şirazi: "Dünənki mübahisədə Axund haqlı idi”, - deyir. Axund Xorasaninin 3000-ə qədər tələbəsi olduğu və bu tələbələr arasında 100-ə yaxın müctəhidin yetişməsi qeyd edilir. Bu müctəhidlər arasında Seyid Sədrəddin Sədr, Şeyx Əbdülkərim Hairi, Şeyx Məhəmmədhüseyn Naini, Ağabozorg Tehrani, Hüseyn Burucerdi və d. adını çəkmək olar. Axund Xorasani zöhd və təqvada da böyük nailiyyətlər əldə etmişdi. Hətta qocalıq çağlarında müstəhəb namazları tərk etməməsi deyilir. Axundun qonşularından birinin dediyinə görə, alimin gecə yarısı nalə və sızıltısı hər daşqəlblini belə titrədirdi. Axund Xorasani çox sadə həyat tərzi sürüb. O üç evli oğlu ilə bir mənzildə qalırmış. Evin darlığından şikayət edən oğlanlarından birinə: "Əgər bu şəhərin evlərini yoxsullar arasında bölsələr, bəlkə bizə bundan daha az düşər”, - deyir. Axund Xorasani xeyli sayda əsərin müəllifidir. Ən məşhur əsəri "Kifayə əl-Üsul” kitabıdır. Kitab hal-hazırda dini mədrəsələrdə Üsul sahəsində tədris olunan ən ali dərsliklərdən biridir. Alim hicri-qəməri təqvimilə 1329-cu ildə vəfat edib. Oxşar xəbərlər
|