İnsanın seçim ixtiyarı nə deməkdir?
İnsan elə bir varlıqdır ki, öz seçimi ilə həyatdakı yolunu müəyyən edər, ya iman sahibi olar, ya da küfr.
Allah Təala insan haqqında Quranda buyurur: “Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükür edən olsun, istərsə də nankor”. (“İnsan” 3). Allah Təala insana yol göstərər və hansı yolun haqq olduğunu ona bəyan edər. Bu, insandır ki, özü, öz iradəsi ilə gedəcəyi yolu seçər. Şükür etmək və ya küfr etmək onun ixtiyarına qoyular. İnsanın seçim etməyinə bəzi amillərin təsiri vardır. O cümlədən: irsi amil, evdə və ailədə olan mühitin təsiri, dostların və tanışların təsiri, coğrafi və təbii mühitin təsiri, çətinliklər, giriftarlıqlar... Şərif Rza nəql edir: “O zaman ki, Əmirəl-möminin (ə) Siffeyndən Şama qayıdırdı, bir nəfər Həzrətdən (ə) soruşur: “Bizim Şama getməyimiz Allahın qəza və qədərinə görədirmi?”. Bu insan belə güman edirdi ki, hər şey insan üçün əvvəldən təyin olunur. İnsanın heç bir seçim ixtiyarı yoxdur. İmam Əli (ə) ona belə cavab verir: “Vay olsun sənə! Yəqin ki, qəza və qədəri güman etmisən. Əgər belə olsaydı savab və cəza batil olardı. Sübhan Allah bəndələrinə buyurmuşdur ki, ixtiyar sahibidirlər. O şeyi ki, vəzifə buyurmuşdur asandır, çətin deyildir. Onun aza (əmələ) mükafatı isə çoxdur. Peyğəmbərləri (ə) oyun üçün göndərməmişdir. Kitabı bəndələri üçün yersiz yerə nazil etməmişdir. Səmanı, yeri və onun arasında olanları batil olaraq xəlq etməmişdir. Bu, o kəsin gümanıdır ki, kafir olmuşdur. O kəslər ki, kafir olublar, vay olsun onlara atəşdən”. Ona görə də deyə bilərik ki, insan səadət və bədbəxtliyini özü seçər və yolunu müəyyən edər. İlahi qəza belədir ki, o şey ki, insana çatar – əməl və rəftarlarının nəticəsidir. Allah Təala insana əməl etmək üçün şərait, güc, fürsət verir, seçimi isə insan özü edir. Əlbəttə ki, təqdirat da var – hansı ailədə, hansı mühitdə, hənsı zaman və məkanda dünyaya gəlmək kimi, nəyin necə olmasının dərin hikməti də var ki, bunlar ayrı mövzulardır. İnsan bilməlidir ki, Allah Təala ona fürsətlər və imkanlar təqdim etmişdir, ağıl və vicdan kimi daxili yönəldicilər, peyğəmbərlər (ə) və müqəddəs Kitablar kimi xarici yönəldicilər müəyyən etmişdir. Bu, insandır ki, yolunu özü müəyyən edir və seçimini edir. /Deyerler.org/ Oxşar xəbərlər
|