YENİ DOĞULMUŞ KÖRPƏNİN SƏKKİZ HAQQI
Mьəllif: admin1
Tarix: 31-12-2022, 21:37
YENİ DOĞULMUŞ KÖRPƏNİN SƏKKİZ HAQQI
İslam rəhbərləri körpənin hüquqları ilə bağlı təvəllüddən başlayaraq valideynlərinin üzərinə səkkiz hüquq təyin etmişlər ki, aşağıdakılardan ibarətdir:

1. Təvəllüd mərasimi: Allahın insana vücud bəxş etdiyi gün “bayram”dır və körpə ailə üçün ən böyük nemət sayılır. Təvəllüd mərasimi həqiqətdə bu böyük ilahi nemətin şükür bayramıdır və həmin günü təbrik etmək, qonaqlıq süfrəsi açmaq, bir sözlə, bayram keçirmək məqsədəuyğundur.

Peyğəmbəri-Əkrəm (s) imam Əlidən (ə) “Allahın sənə bəxş etdiyi ilk nemət nədir?” – deyə soruşduqda buyurdu: “Allahın mənə ilk neməti məni yoxdan yaratmasıdır...”

Ümumiyyətlə, hər il təvəllüd bayramını qeyd etmək ilahi neməti xatırlayıb, onun şükrü üçündür.

2. Qüsl mərasimi:[1] Körpənin qüslü ilə əlaqədar neçə məsələ diqqəti cəlb edir:

a) Qüsldə məqsəd körpənin yuyulması yox, şəri qüsl nəzərdə tutulur. Demək, körpəyə qüsl verən onun hökmlərinə (qürbət qəsdi, tərtib) riayət etməlidir.

b) Bu qüsl müstəhəbdir və körpəyə zərərli olduqda, riayət olunmur.[2]

s) Qüslü iki-üç gün gecikdirməyin maneəsi yoxdur.[3]

3. Körpənin qulağına azan və iqamə deyilməsi mərasimi:

a) Azan körpənin sağ qulağına, iqamə isə sol qulağına deyilir.

b) Azan və iqamənin deyildiyi vaxt bəzi rəvayətlərdə uşaq doğulandan sonra çığırıb səsini ucaldarkən, bəzi rəvayətlərdə isə göbəyi düşməzdən qabaqdır. Bu islami ənənə uşağın təbiətində səslərin rolunu, onun tərbiyə və taleyində təsirini göstərir.[4]

4. Uşağın kamının alınması mərasimi: Məsləhət görülür ki, ilk dəfə olaraq uşağın ağzına imam Hüseynin (ə) türbəti və Fərat çayının suyu bir az dadızdırılsın. Bəzi rəvayətlərdə qeyd olunur ki, bununla uşağın canına həyatın ilkin anından haqq-ədalət istəyi və Əhli-beytə (ə) sevgini yetirməkdir.

Bəzi rəvayətlərdə yağış suyu, isti su, xurma və bal dadızdırmaq da tövsiyə olunur. Bu baxımdan imkan daxilində uşağın dilinə azacıq bal, xurma, Fərat suyu və yaxud yağış suyu qarışığından dadızdırmaq daha yaxşı olar.[5] Demək, uşağın taleyi və gələcəyində ilk eşidilən səslər kimi, ilk dadın da müəyyən təsiri vardır.

5. Adqoyma mərasimi: İslami rəvayətlərə görə, körpəyə yaxşı ad qoymaq ailənin övlada bəxş etdiyi ilk yaxşılıq sayılır. Müsəlman ailələr öz rəhbərlərinin göstərişləri əsasında övladlarına yaxşı ad seçməlidirlər. Bu göstərişlər aşağıdakılardan ibarətdir:

1. Uşağa hər hansı yaxşı adı qoymaq olar.

2. Ən münasib adlar insanın Yaradanla bağlılığı və bəndəliyini göstərən adlardır.

3. Yaxşı olar, peyğəmbərlər və dini rəhbərlərin adları qoyulsun və ən yaxşı ad Muhəmməddir.

4. Övlada təvəllüddən qabaq ad qoyulsun və əgər rüşeymin oğlan, ya qız olması məlum deyilsə, hər ikisinə uyğun ad seçilsin. İmam Əli (ə) buyurur:

سَمّوا أَولادَكُم قَبلَ أَن يولَدوا ، فَإن لَم تَدروا أَذَكَرٌ أَم اُنثى فَسَمُّوهُم بِالأَسماءِ الَّتي تَكُونُ لِلذَّكَرِ وَ الاُنثى ؛ فَإِنَّ أَسقاطَكم إذا لَقوكُم يَومَ القِيامَةِ و لَم تُسَمُّوهُم يَقولُ السِّقطُ لِأَبيهِ : ألاّ سَمَّيتَني ؟ و قَد سَمَّى رَسولُ اللّه ِ صلى الله عليه و آله مُحسِنا قَبلَ أَن يولَدَ !

“Övladlarınıza doğulmamış ad qoyun. Əgər qız, ya oğlan olacağını bilmirsinizsə, hər ikisinə münasib ad seçin ki, tələf olan övladlar qiyamət günü adsız halda atası ilə görüşəndə deyərlər: “Nə üçün mənə ad qoymadın?” Peyğəmbəri-Əkrəm (s) özü (Fatimənin (s.ə.) vaxtsız düşən övladı) Möhsinə dünyaya gəlməmiş ad qoymuşdu.”[6]

Əlbəttə, təvəllüddən sonra adı dəyişmək də olar.

6. Oğlanı təvəllüddən sonra yeddi gün “Muhəmməd” çağırıb, sonra istənilən adı seçmək olar.

7. Muhəmməd və Fatimə kimi bəzi adların böyük İslam şəxsiyyətləri ilə əlaqəli olduğundan xüsusi ehtiramı riayət olunmalıdır.

8. Şahab, Həriq, Hübab, Kəlb, Fərar, Hərb, Zalım kimi adlar şər məfhumlarına görə məkruhdur.

9. İnsanı həddən artıq tərifləyən və lovğalığı ifadə edən, yaxud inkar forması kinayəli danışıqlarda pis səslənən adların qoyulması da (Mübarək, Xeyirxah kimi) bəyənilmir.

10. Mütəal Allaha layiq olan adlar (Quddus, Həkəm, Xaliq kimi) da qoyulmasın ki, hətta bəzi fəqihlər belə adları haram bilmişlər.

6. Körpənin saçının qırxılma mərasimi: Körpənin təvəllüdündən yeddi gün sonra saçını qırxıb, ağırlığı qədər qızıl və ya gümüş sədəqə vermək müstəhəbdir. Bu müstəhəb işin qızla oğlan arasında fərqi yoxdur.

7. Körpəyə görə qurbanlıq mərasimi: Övladın dünyaya gəlişi münasibətilə qoyun[7] kəsib ehsan vermək yaxşı əlamətdir.[8] Bununla bağlı aşağıdakılara diqqət yetirmək lazımdır:

a) Övlad üçün qurbanlıq çox tövsiyə olunur, hətta bəzi keçmiş fəqihlər onu vacib bilmişlər.[9]

b) Yaxşı olar, oğlan üçün erkək, qız üçün dişi qoyun kəsilsin.

s) Qurbanlığın vaxtı təvəllüdün yeddinci günüdür və təxirə düşsə də, qiymətini itirmir. Hətta ata-ana övlad üçün qurbanlıq etməsə də, insan özü yetkinlik həddinə çatdıqda, qurban kəsə bilər.

d) Yaxşı olar, qurbanlıq əti möminlərə paylanılsın və onlar da körpə üçün dua etsinlər. Amma qurbanlıq ətini bişirib on nəfər mömini yeməyə dəvət etmək, süfrə açmaq və həmin məclisdə körpəyə dua etmək də tövsiyə olunur.

q) Yaxşı olar, qurbanlıq əti bölünərkən qolu, budu, başqa sözlə, ətin dörddə biri mama qadına göndərilsin.

ğ) Körpənin ata-anasının və atanın ailəsinin qurbanlıq ətindən yeməsi məkruhdur və bu anaya daha çox məkruhdur.[10]

c) Qurbanın kəsildiyi zaman dua etmək müstəhəbdir və bu haqda Əhli-beytdən (ə) nəql olunan məxsus dualar vardır.[11]

8. Sünnət mərasimi: Oğlan uşağının yeddinci gün sünnət edilməsi müstəhəbdir və onun yetkinlik həddinə qədər təxirinə icazə verilir və yetkinlik həddindən sonra bu dərhal vacib olur və təxiri caiz deyildir. Həmçinin bu mərasimin məxsus duası da vardır. İmam Sadiq (ə) buyurub ki, oğlan uşağının sünnəti zamanı belə deyilsin:

اللّهُمَّ هذِهِ سُنَّتُكَ ، و سُنَّةُ نَبِيِّكَ صَلواتُكَ عَلَيهِ و آلِهِ ، وَ اتِّباعٌ مِنَّا لَكَ و لِنَبِيِّكَ ، بِمَشِيَّتِكَ و بِإِرادَتِكَ و قَضائِكَ ؛ لأَِمرٍ أنتَ أرَدتَهُ ، و قَضاءٍ حَتَمتَهُ ، و أمرٍ أنفَذتَهُ ، فَأَذَقتُهُ حَرَّ الحَديدِ في خِتانِهِ و حِجامَتِهِ لِأمرٍ أنتَ أعرَفُ بِهِ مِنِّي ، اللّهُمَّ فَطَهِّرهُ مِنَ الذُّنوبِ ، و زِد في عُمُرِهِ ، وَ ادفَعِ الآفاتِ عَن بَدَنِهِ ، وَ الأَوجاعَ عَن جِسمِهِ ، و زِدهُ مِنَ الغِنى ، وَ ادفَع عَنهُ الفَقرَ ، فَإِنَّكَ تَعلَمُ و لا نَعلَمُ . و قالَ أبو عَبدِ اللّه ِ عليه السلام : أيُّ رَجُلٍ لَم يَقُلها عِندَ خِتانِ وَلَدِهِ فَليَقُلها عَلَيهِ مِن قَبلِ أَن يَحتَلِمَ ، فَإِن قالَها كُفِيَ حَرَّ الحَديدِ مِن قَتلٍ أو غَيرِهِ.

“İlahi, bu Sənin və Peyğəmbərinin (salam və salavatın ona və Əhli-beytinə olsun!) ənənəsi, bu da bizim Sənə və Peyğəmbərinə itaətimizdir! Onu Sənin istəyin, iradən və hökmünlə yerinə yetiririk. Çünki Özün onu istəmiş, qəti hökm vermişsən! Bu işin xeyrini hamıdan yaxşı Özün bildiyinə görə, biz də dəmirin hərarətini ona dadızdırırıq. İlahi, onu günahlardan təmizlə, uzunömürlü et, zərər və dərdləri bədən və cismindən qaldır, sərvətini artır, yoxsulluğunu dəf et! Şübhəsiz, (hər şeyi) bilən Sənsən, biz isə anlamırıq!”[12] (“Hikmətnameye-kudək”, Ustad Məhəmməd Məhəmmədi Reyşəhri, 2-ci fəsil, səh.70-76.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.Az)


[1] Bəzi fəqih və alimlərə görə, burada qüsl, ümumiyyətlə, körpənin təmizliyi və bədənin yuyulmasıdır. (“Cəvahirül-kəlam”, 5-ci cild, səh.71.)

[2] “Təhrirül-vəsilə”, 2-ci cild, səh. 31, məsələ 2.

[3] “Əl-ürvətül-vüsqa”, 2-ci cild, səh.157.

[4] “Kəşfül-ğümmə”, 2-ci cild, səh.151; “Biharul-ənvar”, 43-cü cild, səh.255.

[5] “Cəvahirül-kəlam”, 31-ci cild, səh.253.

[6] “Əl-kafi”, 6-cı cild, səh.18, hədis 2 (Əbu Bəsir imam Sadiqdən (ə), o da atasından, o da cəddindən nəql edir); “Əl-xisal”, səh.634.

[7] Keçi, inək və dəvə də qurbanlıq etmək olar və onlarda da qurbanlığın şərtlərinə riayət etmək yaxşıdır.

[8] “Təhrirül-vəsilə”, 2-ci cild, səh.316

[9] İskafi, Seyid Mürtəza, Feyz Kaşani kimi böyük fəqihlər (“Əhkamül-ətfal”, səh.196).

[10] “Vəsailüş-şiə”, 21-ci cild, səh.428.

[11] “Vəsailüş-şiə”, 15-ci cild, səh.426-428.

[12] “Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh.488, hədis 4726; “Vəsailüş-şiə”, 15-ci cild, səh.169, hədis 1.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031