İmam Əli (ə) Siratül-müstəqimdirmi? Onun sevgisi bizə kifayətdirmi?
Siratül-müstəqim yolu sözünü çox sayda mənalandırırlar. Bəziləri onu İslam, bəziləri Quran, bəziləri Peyğəmbər (s) və Məsum İmamlar (ə) və bəziləri Allah dini və bəziləri də İlahi peyğəmbərlərin (ə) yolu kimi təfsir edirlər. Saydıqlarımızın hər biri bu sözün geniş mənasının bir hissəsini təşkil edə bilir.
Həzrət Peyğəmbərdən (s) gələn hədislərdə oxuyuruq ki, Siratül-müstəqimin müxtəlif mənaları vardır və onların ən bariz nümunəsi - İmam Əlinin (ə) yoludur. Cabir ibni Ənsari Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Allah Əlini (ə), həyat yoldaşı Həzrət Zəhranı (s.ə) və övladlarını xəlqi üzərində hüccət qərar vermişdir. Onlar İslam ümməti üçün elm qapılarıdır. Hər kim onların vasitəsilə hidayət olar, Siratül-müstəqimə hidayət olmuş olar”. İbni Abbas nəql edir ki, Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurur: “Sən aydın yol, Siratül-müstəqim və müsəlmanların rəhbərisən”. Bu hədislərə əsasən demək olar ki, Siratül-müstəqimin ən bariz nümunəsi Peyğəmbər (s), İmam Əli (ə), xanım Zəhra (s.ə) və övladlarıdır. Hər kim onların ətəyinə çəng vurar və onların xətti ilə hərəkət edər, müstəqim yola qədəm basmış olar. Həmin Siratül-müstəqim yolu onu Allaha yaxınlaşdırar və yolunu azmaqdan uzaq edər. Əhli-beyt (ə) məkətibinin ən böyük imtizayı bundandır ki, kökündə sevgi və məhəbbət durur. Bu məktəb Peyğəmbərin (s) zamanında təşkil edilmiş və bünövrəsini sevgi ilə yoğurmuşdur. Hər bir Əlhi-beyt (ə) davamçısı İmam Əliyə (ə) məftun və aşiqdir. Lakin bunu bilmək lazımdır ki, təkcə sevgi ilə behiştə daxil olmaq olmaz. Həm Quranın və həm də hədislərin nəzərinə görə dünya və axirət səadəti saleh əməllərin və İlahi əmrlərin yerinə yetirməsinin girovundadır. Qurani-Kərim bu haqda belə buyurur: “De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır»”. (“Ali-İmran” 31). Yəni, sevgi sadəcə qəlbdə olan zəif bir qığılcım deyildir, onun təsirini insan əməlində göstərməlidir. O kəs ki, Allahı sevdiyini iddia edir, ilk nişanəsi budur ki, gərək Həzrət Peyğəmbərə (s) və Məsumlara (ə) itaət etsin. İnsan adətən ona görə bir şeyi sevir ki, onu kamal görür və insan heç bir zaman zəif və aciz bir şeyə aşiq olmaz. İnsanın Allaha olan eşqi ona görədir ki, O, hər bir kamalın mənbəyidir. Şübhəsiz, Onun Özü - kamaldır. Ona görə də necə ola bilər ki, Allaha aşiq olan insan Onun əmrlərindən boyun qaçırtsın?! Əgər qaçırdarsa, deməli sevgisi həqiqi deyildir. O kəslər ki, günah edir və belə düşünür ki, sadəcə qəlbində Peyğəmbərə (s) və Məsum İmamlara (ə) sevgi bəsləyərək behiştə daxil ola biləcəkdir – yanılar. Bu insan İslam təlimlərindən çox uzadır. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, buyurub: “O kəs ki, Allahın günahını edər, həqiqətdə Allahı sevməz”. Ona görə də deyə bilərik ki, İmam Əlinin (ə) yolu - Siratül-müstəqim yoludur və biz əgər onun sevgisini iddia ediriksə, gərək bunu əməldə göstərək. Həzrətin (ə) buyurduqlarına əməl edək. Əgər sadəcə iddia etsək və əməli yerinə yetirməsək, imandan bəhrəmiz olmayacaqdır. Behişt də məhz saleh əməlin girovundadır. /Deyerler.org/ Oxşar xəbərlər
|