Qurandan hər kəsə örnək olacaq gözəl ədəb ayəsi
Quran Allah təalanın hikmət dolu bir kitabıdır. Mütəal Allah Quranı Hz. Cəbrail vasitəsi ilə Öz peyğəmbərinə (s) nazil etmişdir. Bu kitab hər cür xəta və müdaxilədən uzaqdır:
Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir! (Qiyamət 17-19) Quran insanları Allah barəsində düzgün etiqada, qeyb aləminə inama, insanlarla ədalətlə davranmağa və bu kimi müxtəlif mətləblərə inama və diqqətə çağırır. Əxlaq və ədəb də Quranın önəm verdiyi əsas məsələlərdəndir. Ədəb hətta etiqad qədər önəmlidir. Quranın öyrətdiyi ədəb və əxlaq nümunələrindən biri də evə daxil olmaq ədəbidir. Fərq etməz bu ev öz evin olsun, yaxud başqasının evi. Quran buyurur: Ey iman gətirənlər! Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, (ədəb-ərkan baxımından) sizin üçün daha yaxşıdır. Bəlkə, (Allahın bu əmrinin hikmətini) düşünüb anlayasınız. (Nur- 27) Nur təfsirində qeyd olunan ayənin işarə etdiyi və çatdırmaq istədiyi mətləblərə toxunaraq buyrulur: Ayədə bir neçə mətləbin əhəmiyyətinə işarə edilir ki, gərək diqqət olunsun: 1- İmana. İmanlı olmağa. Ey əhli iman öz ömrünüzdə, həyatınızda vəhy göstərişlərinə əməl edin. 2- Hər bir evin əmniyyət və sərbəstliyinə gərək diqqət edilsin (xəbərsiz girməklə digər evin əmniyyətini pozmayın). 3- Töhmət gətirən işlərdən uzaq olun (bu əməl sizə töhmət gətirə bilər). 4- Qapıların açıq olması istədiyiniz yerə girmək üçün sizə əsas vermir. 5- Hər bir kəsin mülkünün toxunulmaz olmasını (ümumiyyətlə mülkiyyət anlayışını) aşılayır. 6- Möminlərin digərləri ilə əməl və rəftarı insanlıq və sevgi üzrə olmalıdır (bu cür yaraşmaz hərəkət göz xəyanətinə və ya dava dalasi səbəb ola bilər). 7- Hicabı, həyanı aradan aparan hər əməldən uzaq olmağı öyrədir. (Ola bilsin ki, icazəsiz daxil olduğumuz yerdə həyanı aradan aparan bir səhnə ilə qarşılaşdıq, yaxud özümüzü və ya başqasını utandıracaq bir şey gördük). (Təfsiri-Nur 6. Səh-168) Qeyd olunan Quran ayəsini və verilmiş təfsiri ardıcıllığı diqqətlə oxuduqda bir şey hasil olur, bu da ədəb və həyadır. İnsan ayənin ümum ruhunu öz həyatında tətbiq edərsə həm öz həya və mənliyini, həm də başqalarının iffət və abrını gözləmiş olur. Bunun üçün evlərə və həyətlərə daxil olarkən çağırıb icazə almağı və uca səslə salamlamağı unutmayaq. Oxşar xəbərlər
|