“Qadınla məsləhət etmək olmaz” - böhtanına islami baxımdan cavab
Allah Rəsulunun (s) tarixə “Vida xütəbəsi”adı ilə həkk olunmuş xütbəsində “Qadınlar sizə Allahın bir əmanətidir.” deyə buyurur. Gəlin əmanətə öz nəfsimizdən doğan çirkin sözlərlə xəyanət etməyək
Çox təəssüf ki cəmiyyətimizdə qadınlarla bağlı mənfi fikirlər və mənfi tendensiyalar baş alıb gedir. Təəssüflənəcək hal budur ki, bu məsələ din adı ilə ayaq açıb yerimək istəyir. Bu cür mənfi fikrilərdən biri də “Qadınla məsləhətləşmək olmaz!” fikridir. Bu cür mənfi tendensiya qadınla kişi arasında yersiz bir uçurum yaradaraq sinfi bölünməyə, kişinin qadından daha üstün olması və bu kimi mənfi fikirlərə gətirib çıxarır ki, bu məsələnin kökü cahiliyyə ərəblərinə gedib çıxır. Qurana diqqət etdikdə görərik uca yaradan Quranın əksər yerlərində qadın kişi bərabərliyinə diqqət çəkir; “Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.” (“Əhzab” 35, həmçinin bax: “Tövbə” 71-72) Quran mənfi işlərdən də danışanda bu işin günah və cəzasının hər iki cins üçün ortaq olduğunu qeyd edir: “Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir.” (Tövbə 68. Həmçinin bax: “Tövbə” 67, “Əhzab” 73, “Fəth” 6) Allah qatında kişi və qadını üstün edən onların yaxşı əməlləridir. Quran yenə buyurur: “Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.” (“Nisa” 124) “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz”... (“Ali-İmran” 195) Dinimiz İslam ümumiyyətlə insanlara üstünlük verərkən ən başlıca meyarın “təqva” olduğunu qeyd edir. “Sizin Allah yanında ən üstününüz ən təqvalı olanınızdır.” (“Hucurat” 13) Dinimiz qadınlara qarşı o qədər diqqətlidir ki, hətta iş boşanma həddinə yetişdikdə belə xoşluqla boşanmağı bizə tövsiyə edir: “Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın….” (“Bəqərə” 231. Həmçinin bax: “Əhzab” 49) Quran kişi və qadın haqda danışarkən buyurur: ...“Onlar sizin, siz də onların libasısınız... (“Bəqərə” 187) Qurani-Kərim valideynə itaət edərkən kişi qadın, ana-ata deyə ayırd etmədən, onların hər ikisinə də itaəti əmr edir. (“Əhqaf” 15) Görəsən qadınla məsləhət etmək olmaz deyənlər nəyə əsaslanır? Bir ayəyə diqqətinizi çəkmək istəyirəm. Bu ayə qadınla məsləhətin bariz bir nümunəsidir. Həzrət Musa (ə) və Şueybin (ə) Qurandakı qissəsindən bir ayəyə diqqət edək. “Qızlardan biri dedi: “Atacan! Onu muzdla işə götür, çünki o, muzdla işə götürdüklərinin ən yaxşısı, güclü və etibarlı olanıdır.” (“Qəsəs” 26) Diqqət edin! Şueybin (ə) qızları atalarına məsləhət verir ki Həzrət Musanı (ə) muzdla işə götürsünlər. Allahın peyğəmbəri (ə) də məlum olduğu kimi Həzrət Musanı özünə çoban götürür ki, sözügedən qissədə özünüz daha ətraflı oxuya bilərsiniz. Qurani-Kərim bu ibrətli qissələrlə bizə həyat dərsi keçir. Allah bizə öyrədir ki, bir ata öz övladı ilə məsləhət edə bilər, və ya övlad doğru hesab etdiyi məsləhəti valideyninə ehtiramla deyə bilər. O qızlar da elə bir qadın timsalı deyilmi? Deməli bu ayə “qadınla məsləhət etmək olmaz” deyənlərə bir dəlil olmaqla yanaşı, məsləhət və məşvərətin önəmini də bir daha çatdırır. Məsləhət, məşvərət və fikir mübadiləsi qarşı tərəfə önəm və dəyər verməkdir ki, ailədaxili məsələlərdə, xüsusən, qadın və kişi, ata və övlad münasibətlərinin müsbət məcrada inkişaf etməsinə səbəb olur. Məsləhət və məşvərət etmək insanın dəyərini azaltmaz, əksinə onun bu təvazökar əməli həm nümunə və həm də qarşı tərəflərin ona qarşı daha da diqqətli olmasına gətirib çıxaracaq. Əgər məsləhət etmək pis olsaydı heç uca Rəbbimiz onu ən sevimli bəndəsi və peyğəmbərinə (s) əmr edərdimi? (“Ali-İmran” 159) Quran məsləhət və məşvərəti möminlərin xüsusiyyətləri kimi təqdim edir: “İşlərini məşvərətlə görərlər.” (“Şura” 38) Bütün bunlara rəğmən axı nə səbəb olur ki bəziləri “Qadınla məsələhət etmək olmaz” deyirlər? Qarşı tərəf bu məsələni Həzrət Əliyə (ə) nisbət verir və bir neçə hədis qeyd edir. Qeyd edilən hədisləri araşdırdıqda məlum olur ki, Hz Əli (ə) heç də elə deməyib. Qarşı tərəf özü səhv anlayıb və ya hədisin bir hissəsini təhrif edib. Bir yerdə hədisə nəzər salaq. Həzrət Əli (ə): “Qadınlarla məsləhətləşməkdən çəkinin.” Bu hədisin bir cümləsidir ki bu fikri dəstəkləyənlərin əsas dəlilidir. Amma hədisin öz mənbəyinə müraciət etdikdə məsələnin səhvliyi aydın olur. Həzrət Əli (ə) bu cümlədən sonra buyurur: “ağılları sınanmış qadınlar istisna edilir.” (“Biharul-ənvar”, c. 103, səh. 253) İslamın tarixində ağıllı qadınların əvəzsiz rollarının olması heç kimə sirr deyil. Məgər təcrübəsiz, əqli naqis, qadıntək emosiyaya qapılan kişi nümunələri azdır? Bir daha qeyd edirəm ki, meyar cinsdə deyil, iman və ağıldadır. Əziz İslam peyğəmbəri (s) hətta qadınla məslətləşməyi əmr edir: “Qızlarınızla bağlı məsələlərdə həyat yoldaşlarınızla (xanımlarınızla) məsləhətləşin.” (“Nəhcul-fəsahə”, “Həzrət Peyğəmbərin (s) qısa kəlamları toplusu”, səh. 2, hədis 7) Övlad tərbiyəsində ananın bildiyi bəzi nüansları ata bilmir. Çünki kişilik xüsusiyyəti və təbiəti buna yol vermir. Elə ona görə də İslami mənbələrə görə ailədə əsas tərbiyəverici anadır, ata yox! Ananın övlada xitab şəkli, davranışı, və bir çox məsələləri ana daha yaxşı bilir və daha yaxşı bacarır. Çünki ana, Allahın fitrətinə qoyduğu sevgi, emosiya və mürəbbilik xüsusiyyətlərini daha yaxşı şəkildə idarə etməyi və qarşı tərəfə ötürməyi bacarır. Hətta uşağın iki ildən tez süddən kəsilməsini də yalnız ata və ana məsləhət etdikdən sonra qərar verə bilərlər: Əgər ata və ana aralarındakı razılıq və məsləhətləşmə əsasında (körpəni nəzərdə tutulan zamandan qabaq) süddən ayırmaq istəsələr, onlara günah yoxdur”. (“Bəqərə”, 233) Yuxarıda qeyd edilən hədisin ilk cümləsi məsləhəti qadağan edirsə də, o qadın, həmin qadınlardır ki, Allahın və Rəsulunun (s) deyil, öz nəfsani istək və arzularının qurbanı olublar. Və həyatlarını da bu minvalla davam etdirirlər. Nəticə. 1. Quran baxımından kişi və qadın bərabərdir və üstünlük təqva ilədir. 2. Qadın ilə məsləhətləşmək Allahın və Rəsulunun (s) bizə tövsiyəsidir. 3. Qadınla məsləhətləşmək olmaz deyilirsə, bu dünyəvi həvəs və arzularının ardınca qaçan qadınlara xasdır ilahi qanunları həyatında ülgü edənlərə yox. 4. Meyar cins deyil, iman və ağıldır. Allah Rəsulunun (s) tarixə “Vida xütəbəsi”adı ilə həkk olunmuş xütbəsində “Qadınlar sizə Allahın bir əmanətidir.” deyə buyurur. Gəlin əmanətə öz nəfsimizdən doğan çirkin sözlərlə xəyanət etməyək. İlahiyyatçı araşdırmaçı / Mahir Şəkərov Oxşar xəbərlər
|