XANIM ZEYNƏB (S.Ə.) – İFFƏT VƏ MÜQAVİMƏT NÜMUNƏSİ
Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar onun şəxsiyyəti, çalışqanlığı və şücaəti qarşısında baş əyiblər.
O, yetkinlik yaşına çatanda, çoxlu elçilər arasından igid və şəxsiyyətli bir oğlanı – əmisi oğlu Abdullah ibn Cəfər Təyyarı özünə həyat yoldaşı seçir; bu şərtlə ki, hər zaman imam Hüseyn (ə) səfərə getmək istəsə, Zeynəbin (s.ə.) qardaşı ilə birlikdə olmasına mane olmasın. Zeynəbi-Kubranın (s.ə.) barəsində deyilməli sözlər çoxdur və onun qanlı Aşura inqilabındakı şücaətinə nəzər salaq: İmam Hüseyn (ə) Mədinədən çıxıb, bir müddət Məkkədə qaldıqdan sonra İraqa tərəf mənzil-mənzil hərəkət edəndə, xanım Zeynəb (s.ə.) qardaşı ilə birlikdə olur. O, yaxşı munis və möhkəm sirdaş kimi, imam Hüseyni (ə) himayə edir və Kərbəlada İslam döyüşçülərinin misilsiz köməkçisi olur. O, altı qardaş (imam Hüseyn (ə), Əbülfəzl-Abbas (ə), Cəfər, Osman, Abdullah (Ümmül-Bəninin oğulları) və Ovn (Əsmanın oğlu)) dağı görür. Gözünün iki nuru – Ovn və Məhəmməd adlı iki yeniyetmə oğlu – Kərbəlada şəhadətə yetir. Bunlardan əlavə, Əliəkbər, Qasim və Abdullah kimi qardaşı uşaqlarının da dağına dözür. Xanım Zeynəb (s.ə.) qardaşlarının başlarının bədənlərindən ayrılmasının, xeymələrin yanmasının və yetim uşaqlara zülm olunmasının şahidi olur. Bütün bu müsibətlər müqabilində əgər dağ olsaydı əriyərdi. Amma tarixin bu dilavər carçısı, bu yorulmaz qəhrəmanı elə bir müqavimət göstərir ki, onu bəyan və qələmlə təcəssüm etmək olmur. O, atasının zamanında Kufədə qadınların müəllimi idi. İmam Həsənin (ə) dövründə isə imkanı qədər İslamın vüsəti üçün çalışdı. Camaatın onun atası və qardaşına etdiyi xəyanətlər, qədirbilməzliklər və ailəsinə edilən zülmlər Zeynəbin (s.ə.) cəddi və atasının sünnəsini dirçəltməsi yolunda iradəsinə azacıq belə mənfi təsir göstərmədi. O, qardaşı imam Hüseynin (ə) dövründə, ağır Kərbəla faciəsində özünü bütün çətinliklərə uyğunlaşdırdı. Maraqlısı budur ki, imam Səccadın (ə) buyurduğuna əsasən, bütün bu çətinliklərdə o, gecə namazını tərk etmədi. Xanım Zeynəb (s.ə.) ər evindəki firavan həyatından əl çəkib özünün bütün güc və qüvvəsini imam Hüseynin (ə) yolunda sərf etdi. Kərbəla müsibəti baş verəndə, onun yaşı əlli beşdən çox idi. Bu yaşda dağ kimi möhkəm qaməti və dərya qədər geniş qəlbi vardı. Zeynəb (s.ə.) bu hadisələr zamanı üç mühüm işi layiqincə yerinə yetirdi: 1. İMAMI HİMAYƏ ETMƏK Xanım Zeynəb (s.ə.) imam Hüseyn (ə) sağ olduğu müddətdə o həzrəti, o da şəhid olduqdan sonra imam Səccadı (ə) himayə etdi. Bir neçə dəfə istədilər ki, imam Səccadı (ə) qətlə yetirsinlər, xanım Zeynəb (s.ə.) buna imkan vermədi. Bu vəziyyətdən biri də İbn Ziyadın Kufə iqamətgahında, imam Səccadla (ə) İbn Ziyad arasında mübahisə zamanı yarandı. İbn Ziyad imam Səccadı (ə) şəhid etmək istədikdə, xanım Zeynəb (s.ə.) qoymadı və dedi: “Əgər o öldürüləcəksə, elə isə məni öldür.” (“Məqtəlul-Muqərrəm”, səh.371.) 2. ŞƏHİDLƏRİN UŞAQLARINI HİMAYƏ ETMƏK VƏ QORUMAQ Xanım Zeynəb (s.ə.) şəhidlərin uşaqlarından elə himayədarlıq edirdi ki, hətta öz yemək payını da onlar üçün saxlayır, uşaqlara gecə-gündüz nəvaziş göstərir və dayanmadan öz səyi ilə onları düşmən təhlükəsindən amanda saxlayırdı. 3. ŞƏHİDLƏRİN QANINDAN HİMAYƏDARLIQ ETMƏK, HƏDƏF VƏ MƏQSƏDLƏRİNİ ÜMMƏTƏ AŞILAMAQ Xanım Zeynəb (s.ə.) imam Hüseyn (ə) və Kərbəla igidləri şəhid olduqdan sonra hər fürsətdə, hara getdisə onların hədəf və məqsədlərini çatdırırdı. Zalımların başı üzərində elə fəryad etdi ki, hələ də çəkdiyi fəryadın zərbələri Yezidin və Yezid dəstəsinin üzünə dəyir və uca bəyanı zülmkarları lərzəyə salır. O xanım Yezidin Kufədəki qaniçən valisi İbn Ziyadın hökumət iqamətgahındakı çıxışında bütün mətləbləri bəyan etdi və hamını ağlatdı. Zeynəb car çəkdi: “Ey kufəlilər! Heç bilirsinizmi Peyğəmbərin (s) qəlbini necə parçaladınız, hansı qanı axıtdınız, necə də böyük bir günah etdiniz? Göydən sizə yağış əvəzinə qan yağacaq. Axirətdə isə elə bir əzaba giriftar olacaqsınız ki, heç bir şəfaətçinin sorağınıza gəlməyəcəyinə təəccüb edəcəksiniz?” (“Məqtəlul-Hüseyn (ə)”, Muqərrəm, səh.384.) Həzrət Zeynəbin (s.ə.) Yezidin Şamdakı hökumət iqamətgahındakı xütbəsi Yezid və onun əlaltılarını qiyamətə qədər rüsvay etdi. Onun çıxışı Qurani-Kərimin ayələrinə əsaslanan, hərtərəfli və qaneedici bir xütbə idi. Elə bil ki, bu xütbəni o xanımın ata-anası söyləyirdi. Yezidin burnunu yerə sürtdü. Xanımın (s.ə.) xütbəsi çox genişdir və bir neçə cümləsi ilə kifayətlənirik: “Ey Yezid! Ey Məkkənin fəthində əsir düşmüşkən cəddim Peyğəmbərin (s) əli ilə azad edilən kəslərin oğlu! Nə qədər hiylə və kələk bilirsənsə işlət! Lakin and olsun Allaha! Bizi və bizim səhnədəki hüzurumuzu heç vaxt məhv edə və vəhyin nurlu işığını söndürə bilməyəcəksən. Hərçənd ki, sənin zülmlərin dağları uçurdan və göyləri viran edəndir. Ancaq sənin nənən İslamın ilkin şəhidlərinin ciyərini (həzrət Həmzənin (ə) ciyərini) çeynəyibsə, səndən bundan artıq nə gözləmək olar? Sən İslamla açıq-aşkar müxalifət bayrağı qaldıranların oğlusan. Mən istəməzdim ki, zəmanə məni səninlə üz-üzə gətirsin. Ancaq indi belədirsə, mən səni şəxsiyyətsiz bilib, sənə qarğış yağışı yağdıracağam. Bizim əzizlərimizi öldürməyinə sevinmə! (Quran buyurur): “Allah yolunda öldürülənləri (şəhid olanları) ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub, ruzi (cənnət ruzisi) yeyirlər.” (“Ali-İmran” surəsi, ayə 169.) Zeynəbin (s.ə.) xütbəsi elə bir iş gördü ki, Yezid bütün günahları İbn Ziyadın boynuna yıxdı. (Tarixi-Təbəri, 6-cı cild, səh.266.) O həzrət (s.ə.) Kərbəla faciəsindən sonra Mədinəyə qayıtdı. Orada da fürsət düşdükcə, camaatı Yezidin əleyhinə qaldırar, onun çirkinliklərini ifşa edərdi. Əhvalatı Yezidə xəbər verdilər. Bəzi alimlərin nəqlinə görə, Yezid Mədinənin valisinə əmr etdi ki, Zeynəbi (s.ə.) Misirə sürgün etsin. Beləcə, xanım Zeynəb (s.ə.) imam Hüseyn (ə) şəhid olandan bir il neçə ay sonra dünyadan getdi. Bəzi alimlərin nəzərinə görə isə, xanım Zeynəb (s.ə.) əri ilə Şama getdi və orada dünyasını dəyişdi. Bu, tarixdə həmişəyaşar və dağ kimi vüqarlı olan bir neçə şəhid bacısının və iki şəhid anasının qəhrəmanlığı barəsindəki qısa məlumat idi. O, İbn Ziyadın qarşısında açıq-aşkar şəkildə demişdi: “Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim.” Yəni şəhidlik bizim üçün səadətdir. O, imam Hüseynin (ə) yaralı bədənini əlləri üstə qoyub dedi: “Pərvərdigara! Bu qurbanı bizdən qəbul et.” (Maide.Az) Oxşar xəbərlər
|