Ən çətin anlarda belə müşriklərə nifrin etməyən Peyğəmbərin (s) hədəfi
Peyğəmbərlik bəşər üçün çox önəmli bir məsələdir. İnsan var olandan daima peyğəmbərlər olub. Hətta dini mənbələrə əsasən ilk insanın özü belə peyğəmbərdir. Yəni Allahın elçisidir. İlk insan olan Adəm (ə) yər üzünə gələndə özündən sonrakıların peyğəmbəri olaraq gəlmişdi. Bu da o deməkdir ki, Allah Təala yer üzünə ilk olaraq peyğəmbəri sonra isə diğər insanları göndərdi və heç bir insan dünyada rəbbinə qarşı məsuliyyətsiz və höcətsiz (dəlilsiz) olmasın.
Peyğəmbərlərin vəzifəsi insanları rəbbinə doğru düz etiqada dəvət etmək, Allahın bəndələri üzərində olan tələbini onlara çatdırmaq, dünya və axirət işlərində insanlara yol göstərən olmaqdır. İslam peyğəmbəri də Allahın sonuncu elçisi olaraq bəşərin hidayəti və insanlığın hər iki dünyasını abad etmək üçün göndərilmiş bir elçidir. Həm də rəhmət və mərhəmət dolu bir elçi!: “Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik.” (Ənbiya-107) Bütün peyğəmbərlər Allahın yerüzünə bir rəhmətidir. Amma Quranın qeyd etdiyimiz ayəsində “Səni” deyə müraciət olunur. Bu da o deməkdir ki, sonuncu peyğəmbər (s) Allahın xüsusi bir rəhmətidir. Uhud döyüşü haqqında məlumatımız vardır. Bu döyüş peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra müşriklərlə baş vermiş ikinci döyüşdür. Bu döyüş sayca çox az olan müsəlmanların məğlubiyyəti ilə bitir. Hz. Həmzə şəhid olur, Peyğəmbər (s) və Hz. Əli (ə) yaralanırlar. Məğlubiyyətin sarsıntısından özünü itirmiş bir gənc mömin Peyğəmbərə (s) yaxınlaşıb deyir : “Ya Rəsuləllah (s) nə üçün nifrin etmirsən? Bunlara nifrin eylə!”. Peyğəmbər (s) səbrlə əlini qaldırıb dedi: “İlahi qövmümü hidayət eylə! Onlar nə etdiklərini bilmirlər.” (Təbərisi. İlamul-vəra. 1/92) Qeyd etiyimiz Quran ayəsi (Ənbiya-107) və bu kimi hədislər Peyğəmbərin (s) böyük ruhiyyəsindən, mərhəmət dolu qəlbindən xəbər verir. Təbii ki, Peyğəmbər (s) nifrin etsə nifrin olunmuşlar böyük bəlalara düçar olar, məhv olardılar. Necəki Quran buna “Mübəhilə” ayəsində diqqət çəkir (Ali-İmran-61). Amma Allah Rəsulu (s) heç bir yerdə keç kimə nifrin etmir. Peyğəmbərin (s) bunu etməməsi, o Həzrətin bir ilahi rəhmət olaraq mərhəmətindən doğur. O Həzrətin (s) hədəfi insanların bəla və nifrinə tuş gəlməsi yox, onların hidayəti və İlahi rəhmətə qovuşmasıdır. Baxmayaraq ninsanların çoxu bunu anlamırdı və indi də anlamır. Həmçinin Peyğəmbər (s) nifrin etməyi tərk etməklə özündən sonra bizim üçün böyük mənəvi bir irs qoyub ki, insanlar daima bir-birinə qarşı şəvqətli və mərhəmətli olsunlar. Ən çətin anlarında belə Allahdan nifrin yox rəhmət diləsinlər. Yaşar Nuriyev Oxşar xəbərlər
|