Xəstəni ziyarət etməyin ədəb qaydaları
İslam dini xəstə ziyarətini xeyir əməllərdən hesab edir.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir müsəlmanın başqa müsəlman üzərində olan haqqı budur ki, nə zaman onunla görüşsə, ona salam versin. Nə zaman xəstələnsə, onu ziyarət etsin və nə zaman dünyadan getsə, cənazə mərasimində iştirak etsin”. Əziz Peyğəmbərimiz (s) sübh namazı bitəndən sonra insanlara yaxınlaşar və soruşardı ki, sizlərdən kimsə xəstə deyil ki, onu ziyarət edək. Çünki bu əməl – Həzrətin (s) gündəlik proqramına daxil olan əməllərdən idi. İmam Əli (ə) beş yerə ayaqyalın gedərdi: Fitr namazına gedən zaman, Qurban bayramının namazına gedən zaman, cümə namazına gedən zaman, xəstə ziyarətinə gedən zaman, cənazə mərasiminə gedən zaman. Buyurardı ki, bunlar - İlahi yollardır. Mən istəyirəm ki, bu İlahi yolları ayaqyalın Allaha tərəf gedəm. İmam Əli (ə) buyurur: “Xeyir işlərdən ən yaxşısı – xəstə ziyarətidir”. Bir çoxlarımız ancaq namazı, orucu, zikr deməyi, Quran oxumağı xeyir işlərdən hesab edirik. Ancaq bəzi əməllər də vardır ki, xeyir dərəcəsində heç də o biri ibadətlərdən geri qalmırlar. Bunlardan biri də xəstə ziyarətidir. Həzrət Musa (ə) Allah Təaladan soruşur ki, hansı bəndə Sənin yanında daha sevimlidir? Xitab gəlir ki, üç dəstə: o kəslər ki, xəstə ziyarətinə gedirlər, o kəslər ki, müsibət görənə başsağlığı verirlər, o kəslər ki, cənazə mərasiminə gedirlər. Allah Təala Qiyamət günü buyuracaqdır: “Ey Adəm övladı! Mən xəstə oldum, ancaq Məni ziyarət etmədin?”. Deyər: “Allahım, Səni necə ziyarət edim ki, Sən aləmlərin Pərvərdigarısan?”. Buyurar: “Məgər bilmirdin ki, filan bəndəm xəstə idi və ziyarət etmədin. Məgər bilmirdin ki, əgər ziyarətinə getsəydin, Məni onun yanında tapardın?”. Xəstə ziyarətinin ədəbində oxuyuruq ki, Həzrət Peyğəmbər (s) üç gün səbir edərdi və əgər səhabəsini görməsəydi, onun haqqında soruşardı. Əgər həmin insan səfərdə olsaydı, Həzrət (s) onun üçün dua edərdi. Əgər xəstə olsaydı, onu ziyarət edərdi. Ona görə də deyə bilərik ki, bir xəstə üç gündən sonra ziyarət edilməlidir. Üç gündən əvvəl ola bilsin ki, sadə bir soyuqdəyməsi olsun və ayağa qalxsın. İkinci ədəb qaydası budur ki, Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ziyarətinə get ki, sənin ziyarətinə gəlməmişdi, çünki sən Allaha xatir addım atırsan”. Üçüncü ədəb qaydası budur ki, xəstə yanına gedəndə ona hədiyyə aparasan. Həzrət Peyğəmbər (s) görür ki, bir dəstə xəstə ziyarətinə gedir və buyurur ki, mən də sizinlə gəlirəm. Soruşur ki, onun üçün hədiyyə və ya meyvə almısınızmı? Deyirlər ki, xeyr. Buyurur ki, gəlin ona hədiyyə alaq, çünki kiçik hədiyyə belə, onu sevindirə bilər. Dördüncü qayda budur ki, xəstə ziyarəti qısa olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Ən yaxşı ziyarət – onun qısa olanıdır”. Beşinci ədəb qaydası budur ki, Həzrət Peyğəmbər (s) buyurur: “Xəstə görən zaman Allahın həmdini deyin. Ancaq elə olsun ki, xəstənin qulağına getməsin”. Bir nəfər İmam Kazımın (ə) yanına gəlir və deyir ki, mənim bütün ailəm xəstədir, nə edim? Həzrət Musa Kazım (ə) buyurur:“Sədəqə verərək, xəstələrini müalicə et. Sədəqə ilə bir yerdə olan dua yerinə yetər”. İmam Sadiq (ə) buyurur: “Xəstə ehtiyacı olana yardım etsin və ona desin ki, onun sağlamlığı üçün dua etsin. Bu (əməl) çox təsiredəndir”. /Deyerler.org/ Oxşar xəbərlər
|