“Vəhşi heyvanların cəm ediləcəyi zaman” – heyvanlar da qiyamətə gətiriləcəkmi?
Məhşər və qiyamət dinin etiqadi məsələlərindəndir. Bu məsələni inkar etmək Quranın ayə və hökümlərini inkar edib, yalan hesab etmək anlamına gəlir. Çünki bu barədə çoxlu sayda aşkar ayələr vardır.
Qurani Kərim insanları və cinləri mükəlləf hesab edir. Mükəlləf yəni öhdəsinə vəzifə qoyulmuş mənasını ifadə edir. Bu mənada ki, Allah Təala insanı bir ağıl sahibi olaraq müəyyən öhdəlik və vəzifələrlə mükəlləf etmişdir. Bu məsələdə heç bir ixtilaf və fikir ayrılığı yoxdur. Həmçinin Quranda heyvanların da qiyamət günü cəm ediləcəyi barədə ayələr vardır. Quran buyurur: “Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir. (Ənam-38) Yaxud digər bir ayədə: “Vəhşi heyvanların bir yerə toplanacağı zaman. (Təkvir-5). Hər iki ayədə “Həşr” kəlməsindən istifadə olunmuşdur. Təfsirçilər həşr kəlməsini lüğətdə cəm olmaq, toplanmaq, termin olaraq istilahda qiyamət, məhşər mənasında olduğunu qeyd etmişlər. Əgər hər iki ayədə istifadə olunmuş “həşr” kəlməsini istilahi mənasında istifadə etsək, ayələrdən belə anlaşılır ki, heyvanlar da qiyamət günü məhşərə gətiriləcək. Demək olar ki, təsfir alimlərinin heyvanların qiyamətdə cəm olması barədə yekdil rəyləri müsbətdir. Lakin bir sual ortaya çıxır. Əməllərinə məsul olmaq üçün heyvanların ağılı varmı? Əllamə Hüseyn Təbətəbai bu barədə belə qeyd edir: “Mütəal Allah (insanlar üçün) zülm və yaxşı əməl müqabilində olan intiqam və rəhməti ayələrdə çox vəsf edib. Bu iki sifət (zülüm və xeyir) heyvanlarda da mövcuddur. Yəni heyvanların da bir-birinə yaxşılıq etməsini və sitəm (zülm) etməsini müşahidə edirik. Bu səbəbdən (zülüm varsa hesab da var) heyvanlar da məhşərə gətiriləcək. Lakin Allah Təala heyvanların cəza və mükafatı barədə bəyan, açıqlama verməyib.” (Təfsir-əl-Mizan. 7/76) Ayətullah Cəfər Sübhani: “Heyvanların dünyada mükəlləf (məsul) olmaması qiyamətdə cəm olmalarına bir zərəri yoxdur. Həmçinin məsul (mükəlləf) olmamaları həşr (toplanmaq) olmamalarını zəruri etmir. Həmçinin Əbazər Peyğəmbərdən (s) nəql edir ki, heyvanlar qiyamətdə cəm ediləcək. Hədisdə qeyd olunur ki, bir-birinə buynuz vuran iki keçini görən Peyğəmbər (s) buyurur: “Allah Təala tezliklə bunların arasında məhkəmə quracaq.” Peyğəmbər (s) digər bir hədisdə isə buyurur: “Buynuzsuz heyvan ona vurulan buynuzun (zərbənin) qisasın alacaq” (Məcməul-bəyan; Nurus-səqəleyn; Təfsirui-mənar Ənam-38 ayənin təfsiri) Ümumi mütaliələrdən, ayə və hədislərdən ələ gələn budur ki, insan, cin, mələk, heyvan, bütün məxluqat qiyamətdə cəm olunacaq və hər birinin özünə məxsus həşri (cəm olması) vardır. Yaşar Nuriyev Oxşar xəbərlər
|