Ailənin möhkəm olması üçün əməli tövsiyələr
Mьəllif: admin1
Tarix: 21-01-2022, 20:24
Ailənin möhkəm olması üçün əməli tövsiyələr
Bismilləhir-Rahmənir-Rahim!

Mübarək dinimizdə ən çox diqqət ayrılan və diqqət ayırılması tövsiyə edilən mövzu – ailə üzvlərinin qarşılıqlı münasibətləri və ailədə əxlaqdır. İnsan diqqət edəndə görür ki, bu mövzuda zaman-zaman ən sadə məsələlər belə, diqqətdən kənarda qala bilir. Həm kişilər, həm qadınlar, həm uşaqlar bu mövzularda çox zaman qəflət edir.

İnsan həyatında ən çox zədələnən və şeytanın (lən) da hədəfinə çevrilən ünvan – ailədir. Şeytanı (lən) ən çox narahat edən mübarək quruluş – ailədir.

Ailədaxili vəzifələr

Ailə haqqında mövzulara müxtəlif istiqamətlərdən toxunmaq olar. Ailə bir mübarək ocaqdır. Ailə - Allahın bəyəndiyi ən ali bir quruluşdur. Əgər insan bir seçim qarşısında qalsa ki, ailə qursun və ya qurmasın, Allah Təala onun ailə qurulmasını bəyənir.

Ailə qurulandan sonra ailənin başçısı mövzusu yaranır. Həyat yoldaşlarından məhz ailənin kişisi üzərinə ailənin başçısı olmaq kimi ağır məsuliyyət qoyulub. Simvolik deyil, elə-belə deyil, sözün hər mənasında kişi – ailənin başçısıdır. Bunu həm kişilər bilməlidirlər ki, ailənin başsıdırlar, həm də xanımlar bilməlidirlər ki, ailələrinin başçısı onların həyat yoldaşıdır.

Kişi öz məsuliyyətini tam həcmdə dərk etməlidir, xanımlar da başa düşməlidirlər ki, onların bir vəzifəsi də həyat yoldaşlarını ailə başçısı kimi qəbul etməkdir. Əgər bir xanım imanlı olmağa iddialıdır və həyat yoldaşını ailədə ailə başçısı kimi qəbul etmirsə - onun imanı sual altındadır. Əgər bir kişi ailə başçısı kimi məsuliyyətini dərk etmirsə - onun da imanı sual altındadır.

Ailə rifahının təminatı – ailədə kişinin əsas məsuliyyətidir

Ailədə bəzi məsuliyyət və öhdəliklər kişinin üzərində, bəziləri də xanımın üzərindədir. Kişinin ailə başçısı kimi üzərində olan ən mühüm məsuliyyət və öhdəliklərdən biri budur ki, o, özündən asılı olan hər şeyi etməlidir ki, ailəsini rifahla yaxşı təmin etsin, ailəsini yaxşı dolandırsın.

Kişi çalışmalıdır, işləməlidir, tənbəllikdən, süstlükdən uzaq durmalıdır, ruzi dalınca getməlidir, əlindən gələni etməlidir ki, ailəsini yaxşı dolandırsın. Həzrət Rəsulallah (s) buyurur: “Bizdən deyildir o kəs ki, ona rahat bir imkan verilib, amma o, ailəsini çətində tutur”.

Bir var ki, həyat yoldaşının yoxudur, əlindən gələni də edir, amma olanı budur. Belə vəziyyətdə gərək bir-birlərini başa düşsünlər. Bir də var ki, varıdır, amma ailəsi üçün xərcləməyə, ailəsinin rifahını artırmağa əli gəlmir. Peyğəmbərimiz (s) belə kəsdən xoşunun gəlmədiyini bəyan edir.

Kişinin öz ailəsinin yanında olması o qədər önəmlidir ki...

Kişinin üzərində olan ikinci məsuliyyət budur ki, çalışmalıdır ki, evdə əmin-amanlıq olsun. Bu gün ailələrdə ən ciddi şəkildə axsayan mövzulardan biri məhz budur. Kişi ailədə əmin-amanlığı təmin etmək üçün çalışmalıdır. Bunun üçün kişi zamanının bir hissəsini evinə, ailəsinə ayırmalıdır. Evdə xanım bilməlidir ki, bir söykənəcəyi var, uşaq bilməlidir ki, söykənəcəyi var. Kişinin evdə əmin-amanlığı təmin etmək kimi bir məsuliyyəti var. Kişinin ailədə olması, nəzarətinin ailənin üzərində olması, evə mütəmadi baş çəkməsi, xanımı ilə əyləşib söhbət etməsi, övladlarının yanında olması çox önəmlidir.

Həzrət İmam Sadiq (ə) buyurur: “Kişiyə yaraşan deyil ki, bir şəhərdə ailəsi ola-ol,a o istirahəti başqa yerdə edə”.

Dürüst kişi işlərini bitirdikdən sonra evinə getməlidir. Ruzi dalınca getmək, ictimai vəzifələr və s. məsələləri yerinə yetirdikdən sonra kişi evinə getməlidir.

Başqa bir buyuruşda Həzrət Rəsulallah (s) buyurur: “Kişinin öz ailəsinin yanında əyləşməsi böyük Allah dərgahında mənim məscidimdə etikafdan daha sevimlidir”.

Bəzən də insanın vaxtı elə boş-boş məsələlərə, səmərəsiz mövzulara, mənasız söhbətlərə, qeybətlərə, əhəmiyyəti və faydası olmayan batil işlər görməyə, Allahın razı olmadığı mövzulara gedir.

Əgər insan həqiqətən çalışıb öz zamanını tənzimləyə bilsə, daha çox zamanını ailəsinin yanında olar.

Ailəyə ehtiram, məhəbbət – möminin əsas xüsusiyyətləridir

Üçüncü mühüm məsələ budur ki, kişi ailədə xanımına ehtiram etməlidir. Ailədə ehtiram – ailə özülünü təşkil edən mövzulardandır. İmam Sadiq (ə) atasından nəql edir: “Hər kim ki, ailə qurur, gərək xanımını əziz tuta və ona ehtiram edə”.

Ailə quranda insan düşünməlidir. Ailə qurdusa, gərək xanımını əziz tutsun və ona həqiqi mənada hörmət etsin, şəxsiyyətini əziz tutsun.

Kişi ailədə öz məhəbbət və sevgisini izhar etməlidir. İnsanın ailəsinə nə qədər çox məhəbbəti varsa, bir o qədər imanı güclüdür. Həzrət Rəsulallah (s) buyurur: “İnsanın imanı nə qədər daha kamil olar, xanımına daha çox məhəbbət göstərər”.

Həzrət Peyğəmbər (s) bizlərə öyrədir ki, daha imanlı kəs – ailəsinə, xanımına qarşı daha məhəbbətli olan kəsdir. Necə də gözəl dinimiz var! Belə gözəl, praktik dinin həyatın bütün müstəvilərinə aid buyuruşları var.

Dinimiz bəyan edir ki, insanın imanının artmasının göstəriciləri əməli şəkildə öz əksini tapmalıdır. O qədər tapmalıdır ki, ailənə münasibətdə də özünü büruzə vermiş olsun. Əziz Peyğəmbərimiz (s) və Məsumlar (ə) özləri bu məsələlərdə bizlər üçün ən böyük nümunə olublar.

Kişinin həmçinin ailəsinin, övladlarının aqibəti ilə bağlı da məsuliyyətlidir. Ailənin mənəviyyatı, əxlaqi durumu, uşaqların dürüst insan olaraq tərbiyəsi – kişinin üzərində olan ən ümdə vəzifələrdəndir.

Bəli, ailənin hicabı, namazı, ibadəti, ailədə ibadət ab-havasının olması ilə bağlı kişinin məsuliyyəti var.

Ailədə qadının məsuliyyətləri

Kişilərlə paralel olaraq, xanımların da ailədə məsuliyyətləri və öhdəlikləri var. Mənəviyyat yolunu gedən xanımların ailədə üzərlərinə düşən vəzifələrdən biri budur ki, ailə başçısının ehtiramını saxlasınlar. Xanım bütün hallarda həyat yoldaşının ehtiramını saxlamalıdır. Əgər bu ehtiramı saxlamasa, tutduğu oruc da, qıldığı namaz da, oxuduğu Quran da, getdiyi əzadarlıq məclisi də, övlad böyüdüb savab qazanması da Qiyamətdə dadına çatmayacaqdır.

Amma, ailənin xanımı öz həyat yoldaşının ehtiramını saxlasa, onun nəfəsi də ibadətə çevrilər. Möminə xanımlar bunun fərqində olmalıdırlar ki, ailədə müşküllər çox olar, amma bu müşküllərin həlinin böyük hissəsi xanımların ixtiyarındadır. Əgər həyat yoldaşlarına ehtiram etsələr, itaət etsələr və böyük kimi qəbul etsələr – olan müşküllərin böyük bir hissəsi dərhal həll olar.

Xanımların ailədə ikinci mühüm xüsusiyyəti budur ki, qənaətcil olsunlar. Çünki evdəki məsələlər kifayət qədər xanımın sərəncamındadır. Kişi ailəni zəruri məsələlərlə təmin edir, amma məhz xanımdır ki, ixtiyarında olanları qənaətlə də sərf edə bilər, israfla da. Qənaətcillik – xanımın ən ciddi xüsusiyyətlərindədir.

Üçüncü məsələ budur ki, ailədə xanım birmənalı olaraq həyat yoldaşının idarə etməsini qəbul etməlidir. Bir çox hallarda ailədə bərəkət məhz buna görə olmur, ailədə qarmaqarışıqlıq buna görə düşür, ailədə ab-hava buna görə korlanır. Bəzən xanımlar bu tezisi sərf edəndə qəbul edir, sərf etməyəndə etmir və bununla da ailənin nuraniyyəti itir.

Necə ki, uşaq qəbul etməlidir ki, onun böyüyü – valideynləridir, xanımlar da qəbul etməlidir ki, onların ailə başçıları – həyat yoldaşlarıdır. Xanım öz həyat yoldaşının ailəni idarə etməsini qəbul etməlidir və ona əmələn kömək etməlidir.

Ailədə xanımların üzərində olan dördüncü mühüm məsələ - ailədə aramlığın baş tutmasında öz rollarını ifa etməsidir. Kişi ailədə əmin-amanlığa, qadın isə aramlığa cavabdehdir. Qadın cavabdehdir ki, evin emosional tərkibi, duyğular tərkibi, mənəvi aramlığı yerində olsun, çünki, qadından çox şey asılıdır.

Qadının beşinci vəzifəsi – əmanətdarlıqdır. Xanım həyat yoldaşının onun ixtiyarına verdiyi məsələlərlə bağlı əmanətdar olmalıdır. Övladından, onun ixtiyarına verdiyi maddi məsələlərdən, adından, şənindən tutmuş bütün maddi və mənəvi məsələlərinə qədər hamısına münasibətdə xanım ərinə qarşı əmanətdar olmalıdır.

Həyat yoldaşınla həmişə mehriban ol

Təbərrük üçün Məsumlardan (ə) ailədaxili münasibətlərə dair bəzi buyuruşlara diqqət edək.

Əmirəl-möminin (ə) buyurur: “Həyat yoldaşınla həmişə mehriban ol və onunla yaxşı yoldaşlıq et ki, həyatın səfalı olsun”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətimin ən yaxşı kişiləri – o kəslərdir ki, ailəsinə qarşı kobud və təkəbbürlü olmasın. Onlara rəhm etsin və nəvaziş etsin. Onlara əziyyət verməsin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qadınının üzünə sillə vurarsa, Allah cəhənnəmin atəş məmuruna əmr edər ki, cəhənnəm atəşində onun üzünə 70 sillə vursun”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bazara gedər və ailəsi üçün hədiyyə alıb aparar – o kəs kimi olar ki, yoxsullara sədəqə aparar”.

İmam Rza (ə) buyurur: “Hər kim ailəsinin rifahını təmin etmək üçün halal yoldan səy edər, Allah yolunda cihad edən mücahid kimi olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin ən yaxşı qadını o kəsdir ki, əri üçün bəzənər və zinətlənər. Ancaq başqalarından özünü örtər”.

İmam Sadiq (ə) buyurur: “Sizlərin ən yaxşı qadını o kəsdir ki, ona bir şey verilən zaman təşəkkür edər. Əgər ona bir şey verilməzsə, razı olar”.

Uğurlu ailəni şərtləndirən amillər

Ümumi götürəndə isə, İslamın nəzərində uğurlu, nurani, gözəl ailəni şərtləndirən bir sıra amillər var. Əgər biz ailəmizin durumunu müəyyən etmək istəyiriksə, gərək uğurlu ailənin şərtlərini bilmiş olaq. Uğurlu ailəni müəyyən etmək üçün bir sıra meyarlar var ki, onların bəzilərinə toxunacağıq.

İslamın nəzərində uğurlu ailədə olmalı birinci xüsusiyyət – güzəştdir. Güzəşt – ailədə ən mühüm məsələlərdən biridir və belə deyə bilərik ki, əgər ailədə güzəşt və bağışlama varsa, İslamın nəzərdə tutduğu, insan yetişdirmə baxımından dinimizin qarşıya qoyduğu məqsədə nail olunub. Deməli ilk mühüm məsələ - güzəşt ruhiyyəsidir.

Nurani ailəni şərtləndirən ikinci meyar budur ki, ailə üzvləri bir-birilərini xoş adlarla çağırsınlar. Hətta zarafatca da olsa, gərək çalışılsın ki, ailə daxilində müsbət yüklü xitablarla müraciət olunsun. Bu mövzuya böyük önəm vermək lazımdır.

Üçüncü mühüm mövzu – salam verməkdir. Dinimiz bəyan edir ki, evə gələn adam salam verməlidir, evdən gedən adam sağollaşmalıdır.

Dördüncü mühüm məsələ - qarşılama və yola salmaqdır. Ailə başçısı evə gələndə həyat yoldaşı onu qarşılamalı, gedəndə isə yola salmalıdır. Eləcə də ailənin hər bir üzvü bu diqqəti özündə hiss etməlidir.

Ailəni nuraniləşdirən digər xüsusiyyət – münaqişə zamanı məhəbbətli davranışdır. Ailə - canlı orqanizmdir və heç bir neqativ vəziyyətdən sığortalanmayıb. Mühüm odur ki, ailə üzvləri ortaya çıxan münaqişələr zamanı mülayim və məhəbbətlə davranışı davam etdirsinlər.

Altıncı mühüm nöqtə - ailə üzvlərinin səliqə-sahmana riayət etməsidir. Uğurlu ailənin göstəricilərdən biri budur ki, ailə üzvləri səliqə-sahmanlı olsun.

Ailə üzvlərinin bir-birilərini sevindirməsi də uğurlu ailəni şərtləndirən amillərdəndir. Bəzən simvolik bir hədiyyə ilə həyat yoldaşı xanımını nə qədər sevindirə bilər. Bəzən həyat yoldaşının ailə başçısı üçün evdə hazırladığı xüsusi bir yemək mehribançılıq ruhiyyəsini nə qədər artıra bilər.

Ailənin digər mühüm nöqtəsi eyib örtmək və sirdaşlıqdır. Ailə üzvləri bir-birilərinin çatışmayan cəhətləri ilə tanışdır. O ailə uğurlu ola bilər ki, bir-birilərinin eyiblətini gizli tutsunlar.

Allahdan istəyimiz budur ki, ailədə bütün bu məsələlərə nail olmağı nəsib etsin!

Allahım, bütün ailələrdə nurani ab-havanın yaşanmasını nəsib et!

Allahım, ailələrimizi Öz nəzərində kənarda qoyma!

Allahım, övladlarımızın saleh bəndələrdən olmasını nəsib et! Amin!


Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930