ALLAH-TAALAYA SIĞINANLAR HEÇ VAXT MƏĞLUB OLMUR!
Mьəllif: admin1
Tarix: 27-01-2018, 12:47
ALLAH-TAALAYA SIĞINANLAR HEÇ VAXT MƏĞLUB OLMUR!
İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən buyurur:

واَلْجِىءْ نَفْسَكَ فِى الاُْمُورِ كُلِّهَا إلَى اِلهِكَ فَاِنَّكَ تُلْجِئُهَا إلى كَهْف حَريِز و مَانِع عَزيِز،

“(Ey oğlum!) Bütün işlərdə özünü Allaha tapşır. Belə etsən, özünü möhkəm qala və yenilməz bir sığınacağa tapşırmış olarsan.” (“Nəhcül-bəlağə”, məktub 31.)

Dünya həyatı bəlasız ötüşmür. Şübhəsiz, hər bir insan çətinliklərlə üzləşir. Hadisələrlə üzləşən zaman hazırlıqlı olmaq çox mühümdür. Hər bir insan bəlalarla üzləşməzdən əvvəl öz düşüncə və əməl fəzasında həmin bəlalar üçün yer hazırlamalıdır. Belə olduqda insan bəlaya təslim olaraq var-yoxunu əlindən vermir. Bəlaları zərərsizləşdirəcək amilləri əvvəlcədən tanımaq lazımdır. Əks tədbir görən insan bəlaların hücumundan xilas ola bilir. Buna görə də, bəla növlərini müəyyənləşdirmək, təsirli amilləri tanımaq zəruridir.

İnsan öz həyatında bir çox düşmənlərlə üz-üzə gəlir. Bəzi təhlükələr onun həyatını, var-dövlətini hədələyir. Bəzən şəxsiyyət, bəzən isə ruh və qəlb düşmənə hədəf olur. Həm nəfs, həm də insan və cindən olan şeytanlar hücuma keçir. Məqsəd əqidəni puça çıxaracaq şübhələr yaratmaq, əxlaqı korlamaqdır. İnsan əbədi axirət səadətini məhv edəsi rəftara sövq olunur. Təhlükə dərəcəsi insanın mərifətindən asılıdır. Mömin şəxs üçün mənəvi təhlükələr daha qorxuludur. Mömin insan günaha batmaqdan daha çox qorxur. O, dərk edir ki, günahın vurduğu ziyanı aradan qaldırmaq çətin olur. İstənilən maddi zərər ödənə bilər. Eyni zamanda dünyəvi zərər əbədi axirət səadətinə çatmaq üçün də ola bilər. Maddi çətinliklər çox vaxt düşüncəyə, mənəvi tərəqqiyə yardımçı olur. Ona görə də, dünyəvi çətinlik mömini bir o qədər də narahat etmir. Maddi zərər mənəvi zərərlə müqayisədə olduqca əhəmiyyətsizdir. Amma insanların iman dərəcəsi fərqli olduğundan çoxları dünyəvi zərərdən daha çox qorxur. Məsələn, çoxlarını ağır xəstəlik günahdan daha çox narahat edir. Bu münasibət mərifət və imanın zəifliyindən yaranır. Amma iman nə qədər zəif olsa da, insan heç vəchlə onu itirmək istəmir.

TƏHLÜKƏ İLƏ MÜBARİZƏDƏ İMANIN ROLU

Bəs təhlükələrdən qorunmaq üçün hansı tədbirlər görülməlidir? Bir çox təhlükələrin yaranmasında bizim də rolumuz var. Əksərimiz ciddi təhlükələrlə üzləşərkən zəiflik göstərir, çıxış yolu tapa bilmirik. Məsələn, zəlzələ olduqda, xəstəliklə üzləşdikdə qurtulmaq asan olmur. İnsan özünü aciz gördükdə sığınacaq axtarır. Əksər insanlar belə problemlərlə üzləşirlər. Bəli, insan daim təhlükə hədəfidir. Təhlükəni hiss edən insan özünü qorumaq üçün vasitə axtarır. Bu axtarış onun iman dərəcəsindən asılıdır. Əksər insanlar çətinlik zamanı Allahı xatırlayır. Çünki o, Allahdan qüdrətli varlıq tanımır. İnsan inanır ki, bütün güclülər öz gücünü Allahdan alır. Əgər insan mağaraya sığınırsa, bu mağaranı da vücuda gətirən Allahdır. Bütün şəfaverici otlar Allah tərəfindən yaradılmışdır. Güclü iman sahibləri heç vaxt ümidsizləşmir, daim Allaha təvəkkül edirlər. Cücə öz anasının qanadları altına sığındığı tək, mömin insan da Allahın rəhmətinə sığınır.

Zəifimanlı insanlar isə çətinliklə qarşılaşarkən öncə yaxın ətrafda kömək axtarırlar. Belələri xəstələnərkən, adətən, əvvəlcə həkimə müraciət edirlər. Həkimi aciz gördükdə Allahı xatırlayır, Ondan yardım diləyirlər. Dünyəvi vasitələri gücsüz görən insan məsumlara (ə) təvəssül edir, onları Allahla öz aralarında vasitə seçirlər. Bütün bunlar insanın imanının zəifliyini göstərir. Əslində imanlı şəxs təhlükə hiss edən kimi Allaha üz tutur, Onun misilsiz qüdrətindən faydalanır. Allah insanı bütün bəlalardan hifz edə biləcək yeganə varlıqdır. Allahın qüdrəti qarşısında bütün qüvvələr acizdir.

Əlbəttə ki, Allahın əmri əsasında təbii vasitələrdən də yararlanmalıyıq. Xəstələnərkən həkimə müraciət etməmək, dərmandan imtina etmək düzgün deyil. Zəlzələ, sel vaxtı Allaha təvəkkül etməklə yanaşı, tədbir tökmək də zəruridir. Təbii vasitələri də Allah yaratmışdır. Onlardan istifadə edilməsi ilahi vəzifədir. Çətinliklər, xəstəliklər zamanı təbii vasitələrin köməyi Allahın hikmətidir.

İnsan təhlükə zamanı öz iman səviyyəsinə uyğun sığınacaq axtarır. Diqqətin sığınacağa yönəlməsində mərifət də rol oynayır. Bu diqqət özü imanı gücləndirən amildir. Çünki iman və mərifətin artmasında diqqət, düşüncə böyük rol oynayır. Diqqət və düşüncə qəlbdə yeni hal yaradır, münasib rəftar imanı gücləndirir. Ona görə də, Əmirəlmöminin Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən buyurur: “Bütün işlərdə özünü Allaha tapşır. Belə etsən özünü çox möhkəm bir sığınacağa tapşırmış olarsan.” Bəli, düşmən qarşısında gücə ehtiyac duyarkən Allah-Taalaya sığınanlar heç vaxt məğlub olmur. (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh. 136-139.)


(Maide.Az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031