ARZULARINI YALNIZ ÖZ ALLAHINDAN İSTƏ!
İnsan yalnız təhlükə vaxtı yox, adi vaxtlarda da xeyir əldə etmək üçün Allaha sığınmalıdır. Çünki bütün işlər, bəlaların dəfi də, nemətə çatmaq da Allahın əlindədir. Qeyd etməliyik ki, həm əməl meydanında, həm etiqad sahəsində Allahın dərgahına üz tutmaq zəruridir. Əlbəttə ki, təhlükə və ehtiyac hiss edən insan bütün varlığı ilə Allaha üz tutmalıdır. Məsələn, insan nəfəs almaq üçün havaya ehtiyac duyursa, unutmamalıdır ki, havanı onun ciyərinə çatdıran Allahdır. Allah insana güc verməsə, insan göz qapaqlarını belə hərəkətə gətirə bilməz!
Belə bir ruhiyyə Allahın xalis bəndələrinə xasdır. İxlas odur ki, insan vücudunda Allahdan qeyrisinə etimad olmasın. Həqiqi bəndə yalnız Allaha ümid bağlamalı, yalnız Allahdan çəkinməlidir. Odur ki, imam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən buyurur: و أَخْلِصْ فِى الْمَسْأَلَةِ لِرَبِّكَ، “Arzularını yalnız öz Allahından istə!” İnsan qəlbən inanmalıdır ki, onun istəklərini yalnız Allah yerinə yetirməlidir. Qəlb daim Allahı düşünməli, hər şeyi Ondan istəməlidir. İmam Əli (ə) vəsiyyətinin davamında buyurur: فَاِنَّ بِيَدِهِ الْعَطَاءَ وَ الْحِرْمانَ، “Bağışlamaq və məhrum etmək Onun əlindədir.” (“Nəhcül-bəlağə”, məktub 31.) İnsan bir şəxsə inandıqda, çətinlik zamanı məhz ondan kömək gözləyir. Ümidi puça çıxmış insan tənhalıq hiss edir. O, kömək gözlədiyi şəxsin diqqətini cəlb etmək üçün təvazökarlıq göstərir, özünü sındırır. Məqsədinə çatmaq üçün həmin şəxsin razılığını əldə etmək istəyir. Bundan ötrü onun əlini öpür, qarşısında ikiqat əyilir. Amma Allaha və Onun qüdrətinə inanan insan başqalarına yox, məhz Allahın hüzurunda təvazökarlıq göstərir, müti olur. Yalnız Allahı sığınacaq hesab edən bəndə özü kimi insanlara münasibətdə Allah əmrini əsas götürür. Məsələn, Allah-Taala buyurur: وَقَضَى رَبُّكَ أَلاَّ تَعْبُدُواْ إِلاَّ إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا... “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur...” (“İsra” surəsi, ayə 23.) Əgər insan öz ata-anası qarşısında təvazökarlıq edirsə, bu təvazökarlıq Allahın əmrinə əsaslanır. Əslində belə bir təvazökarlıq Allah qarşısında təvazökarlıq deməkdir. Amma çıxış yolunu yalnız və yalnız başqalarına əyilməkdə görmək Allaha şərik qoşmaqdır. Yəni belə bir insan öz taleyində Allahla bərabər başqalarını da təsirli bilir. Zəiflik onun ruhuna hakim kəsilir. Allah isə Öz bəndəsini zəif görmək istəmir. Allah insanı Özü kimi yaranmışlara qul olmamağa çağırır. Yalnız ilahi hikmət səbəbindən məsumlara, valideynə itaət caizdir və Allah nəzərində hörmətli olan şəxslərə ehtiram Allaha ehtiramdır. Beləcə, kiminsə önündə dünya nemətlərinə görə əyilmək şirkdir – Allaha şərik qoşmaqdır. Allah Öz bəndəsinin bu şəkildə alçalmasını istəmir. Qurani-Kərimdə buyurulur: اَلا لِلّهِ الدِّينُ الْخالِص “Həqiqətən, xalis din Allah üçün olan dindir” (“Zumər” surəsi, ayə 3.) Başqa bir ayədə oxuyuruq: وَ ما اُمِرُوا اِلاَّ لِيَعْبُدُوا اللّهَ مُخْلِصينَ لَهُ الدِّين “Əmr edilmədimi ki, dini yalnız Allaha aid edərək Ona ibadət etsinlər?” (“Bəyyinə” surəsi, ayə 5.) İmam Əli (ə) də bu əsasla “Arzularını yalnız öz Allahından istə!” – deyə buyurur. İnsan öz əməlində riyaya, Allahdan qeyrilərinin razılığına yer verdiyi zaman öz dəyərini aşağı salır. Qatqı qızılın dəyərini saldığı kimi, riya da insanın qiymətini endirir. Qızıl kimi, insanın da dəyəri onun xalisliyindədir. Allah öz bəndəsinin xalis, qatqısız olmasını istəyir. Xalislik yolu ilə kamala çatan bəndə Allaha yaxınlaşır. Bəndələrinin xalisliyini, kamilliyini istəyən Allah onu şirkdən çəkinməyə, ixlaslı olmağa çağırır. Nemətlərin Allah ixtiyarında olduğuna inanan şəxs Allahdan başqa digər birinin qarşısında əyilmir. Övliyalara təzim isə, yalnız Allahın əmri əsasında mümkün olur. Allah-Taala bu məsələni aydınlaşdıraraq buyurur: إنْ يَمْسَسْكَ اللّهُ بِضُرٍّ فَلا كاشِفَ لَهُ اِلاّ هُوَ وَ إِنْ يُرِدْكَ بِخَيْر فَلا رادَّ لِفَضْلِهِ يُصِيبُ بِهِ مَنْ يَشاءُ مِنْ عِبادِه “Əgər Allah sənə bir zərər yetirsə, səni Ondan başqa heç kəs qurtara bilməz...” (“Yunus” surəsi, ayə 107.) Xeyir də belədir, şübhəsiz! Bu ayədə Peyğəmbərə (s) müraciət olunsa da, məqsəd bütün insanları xəbərdar etməkdir. Axı Peyğəmbərin (s) mərifəti bizim mərifətimizdən çox-çox dərindir. Allah-Taala buyurur ki, sizə zərər yetirmək istəsəm, yenə də kimsə buna mane ola bilməz; bəs nə üçün qəlbiniz başqalarına tərəf yönəlir?! Allahını tanıyan bəndəyə layiqdirmi ki, başqalarına üz tutsun?! Biganələrin qapısında boyun büküb, məhbubdan uzaq dayanmağın əsası nədir?! Ehtiyacsızın qapısından yan keçib möhtacların qapısını döyərək nəsə istəmək ağıllı işdirmi?! Kimdə nə varsa, Allahın əmanətidir. Nemət sahibi ola-ola həmin nemətdən pay umana ağız açmağa dəyərmi?! Belə bir münasibət nadanlıq deyilmi?! Ağıllı iş isə budur ki: و أَخْلِصْ فِى الْمَسْأَلَةِ لِرَبِّكَ، فَاِنَّ بِيَدِهِ الْعَطَاءَ وَ الْحِرْمانَ، “Arzularını yalnız öz Allahından istə. Bağışlamaq və məhrum etmək Onun əlindədir.” (“Nəhcül-bəlağə”, məktub 31; “Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh. 140-143.) (Maide.Az) Oxşar xəbərlər
|