Quran dilin ən gözəl danışıq üslublarını belə bəyan edib - Ayətullah Xamenei
Haqq Təalanın insana saysız nemətlərindən biri də dildir. İnsan Allahın ona bəxş etdiyi dil vasitəsi ilə danışır,duyğularını, düşüncə və dərdini ifadə edə bilir. Dilin yaxşılıq və gözəllikləri çox olduğu kimi pislikləri də çox və ağırdır. Hikmət sahibləri dil haqqında belə deyiblər:
“Dilin həcmi kiçik, günahları isə böyükdür.” Böyük alimlərdən Molla Möhsin Feyz-Kaşani “Muhəccətul-bəyza” adlı kitabında dilin qeybət, yalan,söz gəzdirmək, lağ etmək, dedi-qodu, söyüş və digərlərini alçaltmaq kimi 20- dən artıq böyük günah işlətməyə qadir olduğunu yazmışdır. Qurani Kərim dilin 10 gözəl formada danışmasını zikr etmiş və icazə vermişdir. Əgər insan bu 10 danışığa riayət edə bilərsə o zaman Allaha öz dili ilə qulluq etmiş ola bilir. Bu 10 danışıqdan başqa dilin bütün danışıqları günaha və Şeytana qulluq etmiş olur. Quranın dilə izin verdiyi danışıq tərzləri bunlardır: 1-Gözəl söz. “İnsanlara gözəl söz söyləyin.” (Bəqərə-83) 2- Ən gözəl söz. Ən gözəl söz insanları Allaha doğru dəvət etməkdir. “(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: 'Mən müsəlmanlardanam!' – deyən kəsdən daha gözəl danışan kim ola bilər?!” (Fussilət-33) 3- Adil söz: Ədalətli söz anlaşılmazlıq vaxtı haqqa şahidlik etməkdir. “Danışdığınızda, qohum olsa belə sözünüzdə adil olun.” (Ənam-152) 4- Doğru söz: Doğru söz, yaşadığı toplumda keçmiş mömin bəndələrin xeyrini danışmaq, dili yalandan qorumaqdır. “Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə!” (Şüara-84) 5- Uca söz: Uca söz ata, ana ilə sevgi və hörmətlə danışmaqdır. “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: 'Uf!' belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” (İsra-23) 6- Yumşaq söz: Yumşaq söz yaxşılığa dəvətdir, pislikdən çəkindirməkdir. “Fironun yanına yollanın. O (allahlıq iddiasına düşməklə), həqiqətən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!” (Ta Ha 43-44) 7- İman sözü: İman sözü Allahın birliyini, ibadət və itaətin yanlız Ona məxsus olduğunu və Peyğəmbəri (s) təsdiq etməkdir. “(Ey möminlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq) belə deyin: 'Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!” (Bəqərə-136) 8- Sağlam söz: Sağlam söz, şərtlər hər nə olur olsun hər zaman və məkanda doğru danışmaqdır. “Özlərindən sonra (aciz və zəif) övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, (yetimlərdən ötrü də) o cür qorxsunlar! Və buna görə də onlar Allahın qəzəbindən çəkinərək sözün doğrusunu danışsınlar!” (Nisa-9) 9- Yaxşı söz: Yaxşı söz yetimlərə və insanın öz ailəsinə dediyi yaxşı sözlərdir “Allahın sizə dolanmaq ünün bəxş etdiyi malları (və ya Allahın sizi üzərində qəyyum təyin etdiyi yetim malını) səfehlərə (ağılsızların əlinə) verməyin. Onları həmin maldan yedirdib geyindirin və özlərinə xoş sözlər deyin.” (Nisa-5) 10- Yetkin söz: Yetkin söz, hikmətlə deyilmiş və dəlilə söykənən sözdür “Onlar elə şəxslərdir ki, Allah onların ürəklərindəkini (yaxşı) bilir. (Ya Rəsulum!) Sən onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında təsirli söz de!” (Nisa-63) Allah Rəsulu (s) Hz.Əlini Yəmənə insanları Allah yoluna dəvət üçün göndərdiyində belə buyurdu: “Ya Əli! Haqqa dəvət etmədikcə heç kimlə döyüşmə. Allaha and olsun ki, əgər Allah sənin əlinlə birini hidayət edərsə, bu sənin üçün günəşin üzərinə doğub, batdığı hər şeydən xeyirlidir” (əl-Kafi. 5/28. Vəsiyyəti Rəsuləllah .s) Dilin namazı Allahı zikr etməkdir. Quran oxumaq Allahı zikr etməkdir. Gözyaşları ilə bəzənmiş dualar Allahı zikr etməkdir. Quranda qeyd edilən dilin işlədilmə şəkilləri, işarə edilmiş 10 qayda Allahı zikr etməyin başqa bir halətidir. Dil vasitəsi ilə edilən zikirlərin ən ucası, ən faydalısı və ən çox təriflənmişi isə qəflətdə olan bir insana Allahı xatırlatmaq və onu haqq yola dəvət etməkdir. Ayətullah Xamenei (Rasthaber) Oxşar xəbərlər
|