Haqqun-nasın mal-dövlətə və abır-həyaya aidliyi. Haqqun-nasın bərzəx əzabına təsiri
Haqqun-nas elə mövzulardandır ki, insanın hesabını ağırlaşdırar. Dini təlimlərdən belə nəticə çıxartmaq olur ki, başqalarının haqqını zay etmək – axirətdə ağrılı əzaba səbəb olacaqdır. Allah Təala haqqun-nasdan az da olsa, keçməz. Hədislərin birində oxuyuruq ki, Allah Təala ola bilsin ki, Öz haqqından keçsin, ancaq izzət və cəlalına and içmişdir ki, haqqun-nasdan keçməyəcəkdir.
Haqqun-nas adətən iki cür olur: biri mal-dövlətə aiddir, o birisi isə abır-həyaya. Mal-dövlətə aid olan haqqun-nas odur ki, insan başqasının malını məhv edər, ya qəsb edər və ya ziyan vurar. Abır-həya haqqun-nası odur ki, insanın qeybəti edilsin, ya töhmət vurulsun, ya böhtan atılsın. Haqqun-nas o qədər mühüm məsələdir ki, hətta insan fikrindən belə onu keçirtsə, bərzəx aləmində əzab görəcəkdir. Müsəlman gərək başqa müsəlmanın qeybətini etməsin, böhtan atmasın və söz gəzdirməsin. Hədislərdə oxuyuruq ki, əgər kimsə başqasına töhmət vurarsa, Qiyamət günü çirk və qan yığınının üzərində qərar tutar o zamana qədər ki, xəlqin hesabı sona çatar. Sonra onu cəhənnəmə apararlar və cəhənnəm əhli bu insana görə fəryad çəkər. İnsan gərək bu dünyada olan zaman haqqun-nas haqqında düşünsün. Onun çətinlikləri can verən andan başlayar və Qiyamət gününə qədər davam edər. Şəfaət haqqında isə deyə bilərik ki, şəfaət olmaq ləyaqət istəyir. O kəsin ki, boynunda haqqun-nas olar, Əhli-beytin (ə) şəfaətinə layiq olmaz. Məsumlar (ə) buyurur ki, şəfaəti Qiyamətə saxlayın və bərzəx aləmində özünüz əməllərinizə cavab verməlisiniz. Qurani-Kərim buyurur ki, insanların bərzəx aləmində və Qiyamətdə görəcəkləri əzab qabaqcadan göndərdikləri əməllərə görədir.“Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir, yoxsa Allah əsla bəndələrə zülm edən deyildir”. (“Ali-İmran” 182). İnsanın bu dünyada gördüyü hər bir çirkin əməl zəncir kimi boynundan asılar və hər nə qədər günah böyük olarsa, bu zəncirlərin sayı da artar. Bəzən insan bir işin günah olduğunu bilməz və onu yerinə yetirər, ancaq bərzəx aləmində əzabını görər. Misal üçün pis əxlaqa malik olmaq, kobud olmaq, ailə üzvlərini incitmək insana qəbir sıxıntısı gətirər. “Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar”. (“Bəqərə” 81). Bəs bu əzabdan necə xilas ola bilərik? Allah Təala böyük günah olan haqqun-nasdan xilas olmaq üçün insanlara bir yol göstərmişdir və o da – xəlqə xidmət etməkdir. Xəlqə xidmət etməyin bərzəx aləmində çox faydaları və təsiri vardır. Əgər kimsə bərzəx aləmində nicat tapmaq istəyirsə, gərək məxluqlara xidmət etsin. Ona görə də insan bacardığı qədər xəlqə xidmət etməlidir ki, həm bu dünyada və həm də axirətdə Allaha yaxın ola bilsin. İnsanlar öz yerində, digər canlılara da qayğı göstərmək lazımdır. Bir nəfər pişiyə əziyyət verdiyi üçün cəhənnəm əhli olur və o birisi isə susuz iti doyuzdurduğu üçün behişt əhli olur. Əgər bu yolda səy göstərsək, şübhəsiz ki, Allah bizə yardım edəcəkdir. Çünki buyurmuşdur: “Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69). Oxşar xəbərlər
|