Bəsirəti kor olan kimdir? Necə edək ki, bəsirətli insanlardan olaq?
Dünya sevgisi ağıl gözünün xataya düşməsinə səbəb olar. Dünya ləzzətləri insanların ürək gözünü kor edər və həqiqətləri görməkdən məhrum olarlar. Dünyanın oyun-oyuncağına qərq olmaq ağıl gözünün üzərinə pərdə çəkər və ona həqiqətləri görməyə imkan verməz.
Ona görə də dünya – gözü kor olanların hədəfidir. Bu insanlar dünyadan başqa bir şey görməz və eşitməzlər. Ancaq bəsirətli və ayıq insanlar gözlərini dünyaya dikməzlər və bilirlər ki, bu dünyadan sonra əbədi bir aləm gəlir. Ona görə də daha çox insani kamallara tərəf meyl edərlər. Əmirəl-möminin (ə) bu həqiqəti belə bəyan edir: “Dünyaya qarşı rəğbətsiz ol ki, Allah onun çirkinliklərini sənə göstərsin”. O kəs ki, dünyaya bağlanar, onun bütün dəyər meyarları dünya olar. Dünyadan bacardığı qədər çox ləzzət almaq istəyir. Ona görə də İmam (ə) bu insanlar haqqında buyurur: “Həqiqətən, dünya – bəsirətsiz və gözü kor olan insanların son hədəfidir. Bu dünyadan başqa heç nəyi görmürlər”. Quran insanın bəsirət gözünü açar və onu pisliklərdən təmizləyər. İmam Əli (ə) Müqəddəs Kitab haqqında belə buyurur: “Bu, Allahın kitabıdır ki, onun yardımı ilə haqqı görürsünüz, deyir və eşidirsiniz. Bu Kitabın bəzi ayələri bəzilərinin təfsiridir. Bəziləri başqa birinin şəhadətidir. Allah haqqında olan ayələrdə təzad yoxdur və öz həmdəmini Allah yolundan azdırmaz”. İnsanın əgər batini pak və saf olarsa, o zaman bəsirət gözünün açılması da asan olar. Lakin əgər batinində kin, küdurət, nifrət, həsəd varsa, onu pak etmədən bəsirət gözü açılmaz. Bəsirət gözünün açılmasına yardım edən amillərdən biri də təfəkkür etməkdir. Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, düşünər, bəsirət gözü görən olar”. Bəsirət gözünün açılmasına keçmişdəkilərin halından ibrət götürmək də yardım edə bilər. Tarixdə şeytana (lən) aldanmış çox sayda insanın hekayəsi nəql edilmişdir. İnsan əgər onları mütaliə edərək səhvləri təkrar etməsə və onların xatasından ibrət götürsə, bəsirət gözünü aça bilər. Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, ibrət götürər – görən olar, o kəs ki, görən olar – başa düşər. O kəsin ki, dərki olar – bilikli olar”. Bəs bəsirətsiz insan kimdir? İmamın (ə) yuxarıda buyurduqlarından belə nəticə çıxartmaq olar ki, əgər insanda bu xüsusiyyətlərdən hətta əgər biri varsa, o, bəsirətsizdir. 1. Dünyaya bağlı olmaq. 2. Qurana yaxın olmamaq. 3. Küdurət, daxili xəbislik, ruhun çirklənməsi və təqvasızlıq. 4. Fikir və düşüncə əhli olmamaq. 5. Tarixdən və keçmiş hadisələrdən ibrət götürməmək. Allah Təala bizləri bəsirət əhlindən qərar versin! Oxşar xəbərlər
|