VALİDEYN HÜQUQLARI NƏDİR?
Allah “Qurani-kərim” buyurur: “Allahın qəti hökmü bu olmuşdur ki, Ondan başqasına pərəstiş etməyəsiniz, ata və ananıza yaxşılıq edin. Hər vaxt sənin valideynlərindən biri və ya hər ikisi sənin yanında qocalıq yaşlarına çatsalar, (onlara ən kiçik təhqiri belə rəva görmə və) onlara “uf” demə, onlara gözəl və ədəbli sözlər de, təvazö, nəvaziş qanadlarını onların üstünə sal və de: Pərvərdigara, necə ki onlar məni körpə yaşlarında tərbiyə etmişlər, onlara Öz lütfünü şamil et.” Bir şəxsin başqasının ona etdiyi xidmətlər müqabilində lazımi və münasib rəftar etməsinin zəruriliyi məsələsində şəkk yeri yoxdur. Bu iş də hər bir sağlam ruhiyyəli insanın atifəsindən nəşət tapır. Camaatın etdiyi müxtəlif xidmətlər və nəvazişlər müqabilində etinasız olmaq əqlin, insaniyyət yolunun əksinə deyilmi? Həmçinin, bir şəxsə edilən lütf və ehtiramları görməməzliyə vurmaq aqil insanların adətinin əksinə deyildirmi? Deməli, əgər xidmətlər və məhəbbətlər qarşısında edilən təşəkkür bir insani vəzifədirsə, onda ata-ananın çəkdiyi zəhmətlər, fədakarlıqlar müqabilində səy etmək, haqqını tapdalamamaq, valideynlərin üzücü zəhmətlərinə əməli təşəkkür etmək lazımdır. Çünki ata və ana insan üçün hamıdan artıq xidmət etmişlər, yalnız onlar öz övladlarının səadət və rifahını özlərinin şəxsi səadət və rifahlarından ön plana çəkmiş, öz mənfəətlərini övladlarının tərbiyəsi və kamala çatması yolunda sərf etmişlər. Müqəddəs İslam dini bu insani vəzifənin əhəmiyyətini təkidləndirərək valideynə ehtiram barəsində lazımi göstərişləri verir və ata-anaya ikram edib nəvaziş göstərməyi təkidli bir vacib əməl kimi vəsf edir və bu məsələyə o qədər əzəmətlə yanaşır ki, onu tovhid və allahpərəstlik məsələsi ilə yanaşı qeyd edir. Bu tövsiyə Qurani-məciddə 5 yerdə qeyd edilmişdir: “Bəqərə” surəsi, ayə 83, “Nisa” surəsi, ayə 36, “Ənam” surəsi, ayə 151, “İsra” surəsi, ayə 23, “Loğman” surəsi, ayə 14. “Əl-mizan” təfsirinin müəllifi mərhum Əllamə Məhəmmədhüseyn Təbatəbai buyurur: “Valideynin əmr və göstərişlərinə tabe olmaq və onlara yaxşılıq, ehsan etmək tovhiddən sonra vacib əməllərin ən mühümlərindən sayılmış, onların hüquqlarında nöqsanlı hallara yol verilməsi Allaha şərik qoşmaq günahından sonra ən böyük günah sayılır.” Həmçinin, dahi İslam alimi, “Məcməül-bəyan” təfsirinin müəllifi Mərhum Təbərsi buyurur: “Ata və ana qocalığın təsiri nəticəsində elə bir yerə çata bilərlər ki, uşaq kimi qorunub saxlanmağa, sərpərəstliyə daha çox ehtiyac duya bilərlər və özləri müstəqil şəkildə hərəkət edə, yaxud özlərini paklaya bilməzlər. Bu ayədə valideynə məhəbbət göstərib sözlərinə itaət etməyin qocalıq vaxtında tövsiyə olunmasının səbəbi budur ki, bu yaş dövründə qeyd olunanlara daha çox ehtiyac duyulur, əgər belə olmasaydı, ata-anaya təzim və ehtiram etmək onsuz da bütün yaş dövrlərində vacib və lazımdır.” Bu bəyanla aydın olur ki, ata-anaya ehtiram edib nəvaziş göstərmək bütün zamanlarda insani və dini bir vəzifə olmaqla vacibatın ən mühüm qismlərindən sayılır. Amma onların yaşları ötdüyü bir zamanda bu vəzifə daha həssas olur və ciddiləşir. Bu münasibətlə əlaqədar qeyd olunan ayədə bu barədə söz açılır. Çünki onlar bütün dövrlərdə bizim ata-anamızdır və bizim vəzifəmiz budur ki, həmişə onlara təşəkkür edək, valideynlik duyğularını, atifələrini cəmiyyətdə canlı saxlayaq. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur ki, bir nəfər övlad sahibi olmaq barəsində çox etinasız idi və övladı olmasına ikrah hissi ilə yanaşırdı. Bir il həcc mövsümündə “Ərəfə” vüqufunda gördü ki, bir cavan ah-nalə ilə ağlayıb öz valideyni barəsində dua edir. Bu əməl ona o qədər təsir göstərdi ki, birdən-birə övlad arzusuna düşdü. Bəli, övladların müsbət və qurucu hərəkətləri axirət savabından, valideynə qarşı təşəkkür və qədir bilməkdən əlavə, bu dünyada da ata-analıq duyğularını, vəzifələrini yerinə yetirmək hisslərini başqalarında da dirçəldir. Deməli cavan nəsil və cəmiyyətin bütün əziz övladları öz ata-analarına təzim etməyə və ehtiram göstərməyə səy göstərməlidirlər. Biz indi möhtərəm oxucuların diqqətini bu barədə olan hədislərə cəlb edirik. “İsra” surəsi, ayə:23-24 “Əl-mizan” təfsiri, 13-cü cild, səh.83 “Məcməül-bəyan” təfsiri, 6-cı cild, səh.409 “Fürui-kafi”, səh3-5 (İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI) Hacı Rasim Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|