Bu insanlara iblisin niyə gücü çatmır?
Eşq – elə bir məhəbbətdir ki, həddini aşar, insanı adi haldan çıxardar. Ona görə də hər bir eşq məhəbbətlə birlikdə olar.
İnsanlarda məhəbbətin növləri müxtəlifdir. Ancaq onların hamısı eşq mərtəbəsinə qalxmayıblar. İki dostun bir-birinə qarşı məhəbbəti vardır, ancaq aşiq deyildirlər. Həqiqi aşiq o kəsə deyilir ki, bir an belə xəyal və fikri məşuqundan ayrılmasın. Aşiqin hicranı qəlbini o qədər əhatə etsin ki, yeməyi və içməyi ona unutdursun. Məşuqundan savayı heç kəsi və heç nəyi düşünməsin. Hər kim belə deyildirsə, deməli aşiq deyildir. (Tebyan) Şeytan (lən) behiştdən qovulmazdan əvvəl demişdi: “(İblis) dedi: «İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam. Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla»”. (“Sad” 82-83). Bəs bu xalis bəndələr kimlərdir? Bu, o kəslərdir ki, aşiqdirlər və ürəklərini başqalarından qırıblar və ancaq Allah üçün xalis olublar. Muxlis o aşiq bəndədir ki, qəlbində olanların hamısını bir dəfəyə çıxartmışdır ki, Allahdan qeyrisi ora daxil ola bilməsin. Ondan başqa nə bir söz eşitsin və nə də bir şey görsün. Aşiq olmağın yolu – ubudiyyət və bəndəlik yolundan keçir. İnsan o zaman aşiq olar ki, ürəyi və ruhu ayıq olar, ürəyində iman çırağı yanar və bu çırağın yağı saleh əməl, iman və günahı tərk etməkdir. Aşiqin gözü həmişə məşuqun yolundadır. Quran buyurur: “De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır»”. (“Ali-İmran” 31). Allaha aşiq olan insan İlahi rəhbərlərin mütisi olar. Allah bu insanlar haqqında buyurur: “Bilin ki, Allahın peyğəmbəri sizin aranızdadır. (Buna görə də gərək siz onun əmrinə qulaq asaraq, tabe olasınız). Əgər işlərin çoxunda o, sizə tabe olsa, mütləq çətinliyə düşər və məhv olarsınız. Lakin Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi və küfr, itaətsizlik və günahı nəzərinizdə nifrətə layiq etdi (ki, məhvdən nicat tapasınız). (Doğru) yolu tapmış kəslər belələridir”. (“Hucurat” 7). Biz bu dünyaya ömür sərmayəsi ilə gəlmişik. Bu sərmayəni hansı yolda xərcləyəcəyimiz özümüzdən asılıdır. Biz bu sərmayəni şeytanın yolunda da xərcləyə bilərik, İlahi qürbə hər an yaxınlaşmaq yolunda da. Əgər insan şeytan yolunun yolçusu olarsa, aşiq olmaz. “Və cəhənnəmin (yaxına) gətiriləcəyi gün – məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?! O: «Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər)göndərmiş olaydım!» - deyər”. (“Fəcr” 23-24). Ona görə də ömür sərmayəmizi hansı yolda xərclədiyimizə bir nəzər salaq və kimə aşiq olduğumuzu müəyyən edək. Fürsət əldən gedir və ömür elə bir sərmayədir ki, hər an azalır və qısalır. Yadda saxlayaq ki, aşiq olduğumuzu sadəcə dildə demək kifayət etməz. İnsan əgər aşiq olarsa, gərək Məşuqun istəklərini yerinə yetirsin və Ona qarşı laqeyd olmasın. Həmçinin bilsin ki, bu yolda ona yardım edən insanlar və rəhbərlər vardır və onlar Məsum İmamlarımızdır (ə). Əgər belə əməl etsək, əmin ola bilərik ki, Allahın sevimlisinə çevrilə bilmişik. O kəs ki, Allahın sevimlisi olar, onu Peyğəmbər (s), Məsum İmamlar (ə) və bütün insanlar sevərlər. “Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır”. (“Məryəm” 96). Oxşar xəbərlər
|