Yaxşılığa çağırış və pisliyə qadağanın ən gözəl yolu
Həsən ibn Məhəmməd Qummi deyir: Qumun böyük şəxsiyyətlərindən nəql olunub ki, Həsən ibn Həsən ibn Cəfər ibn Məhəmməd ibn İsmail ibn Cəfər Sadiq Qumda aşkar şəkildə şərab içirdi.
Bir gün Qumda vəqf vəkili olan Əhməd ibn İshaq Əşərinin qapısına gedib nə isə istədi. Əhməd ibn İshaq ona daxil olmaq icazəsi vermədi. Həsən ibn Həsən peşiman halda evinə döndü. Bir müddət sonra Əhməd ibn İshaq Həccə yola düşdü. Samirrada olduğu vaxt imam Həsən Əskərinin (ə) qapısına gedib daxil olmaq üçün icazə istədi. İmam ona icazə vermədi. Əhməd uzun bir müddət göz yaşı axıdıb ahu-zar etdi. Nəhayət həzrət ona daxil olmaq icazəsi verdi. Əhməd daxil olub ərz etdi: “Ey peyğəmbər oğlu! Nə üçün məni qəbul etmək istəmədiniz?! Axı mən sizin şiələrinizdən, ardıcıllarınızdanam!” Həzrət buyurdu: “Çünki sən mənim əmim oğlunu qapından qovdun!” Əhməd ağladı və Allaha and içdi ki, onu yalnız tövbəyə vadar etmək üçün qapısından qovub. Həzrət buyurdu: “Doğru deyirsən. Amma hər halda əsil-nəslinə görə hörmət göstərməli idin...” Əhməd geri qayıtdıqdan sonra Qum əyanları onun görüşünə gəldi. Həsən də onlarla gəlmişdi. Əhməd onu görüb cəld yerindən qalxdı və hörmətlə qarşılayıb məclisin yuxarı başına keçirdi. Əhmədin bu münasibəti Həsəni təəccübləndirdi. Ondan bunun səbəbini soruşdu. Əhməd imam Əskəri (ə) ilə olan söhbəti ona nəql etdi. Əhvalatı eşidən Həsən öz pis əməllərindən peşiman olub tövbə qıldı. Evinə qayıdıb şərabları yerə dağıtdı, təqvalı və abid insanlar cərgəsinə qatıldı. Məscidə gedib etikaf saxladı. Həsəni Xanım Fatimeyi Məsumənin yaxınlığında dəfn etdilər. (“Biharul-ənvar”, 50-323, bab 4, hədis 17) Oxşar xəbərlər
|