Libaslar neçə cür olur? Düzgün libası necə seçməli?
Mьəllif: admin1
Tarix: 1-03-2018, 13:41
Libaslar neçə cür olur? Düzgün libası necə seçməli?
İmam Sadiq (ə) buyurur: “Mömin üçün ən gözəl libas - təqva libasıdır”. Çünki libas elə bir şeydir ki, insanın zahiri eybini örtür. İnsanı soyuqdan və istidən qoruyar. Təqva, Qiyamət günündə insanı bu günün əzablarından və əziyyətlərindən hifz edər. Ona görə insan üçün ən gözəl libasdır. Təqva libası insanı həm zahiri və həm də batini çirkinliklərdən qoruyar.

Həzrət Sadiq (ə) buyurur: “Mömin üçün ən yumşaq libas - iman libasıdır”. İman – Allah Təalaya, Peyğəmbərə (s), İmamlara (ə) və məada iman bəsləməkdir.

Quranda beş növ libasın adı çəkilmişdir.

1. Maddi zahiri libas.

2. Təbii libas.

3. Mənəvi libas.

4. Behişt libası.

5. Cəhənnəm libası.

Maddi zahiri libas.

İnsanların bədəninə geyindiyi - zahiri libasdır. Bu libas nemət kimi tanıdılmışdır və insan bu nemətlərə görə şükür etməlidir. İnsan çalışmalıdır ki, Allahın razılığını qazanacaq libasları geyinsin. “Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik)”. (“Əraf ” 26).

“Allah evlərinizi sizin üçün məskən və rahatlıq yeri etdi, dördayaqlıların dərisindən səfər gününüz və səhranişinlik vaxtlarınızda asanlıq və rahatlıqla daşıdığınız (daşınan) evlər qoydu və onların yun, tük və qıllarını müəyyən bir müddətədək ev əşyası və istifadə avadanlığı etdi. Və Allah (ağac, tavan və çardaq kimi) yaratdıqlarından sizin üçün kölgələr yaratdı, sizin üçün dağlardan mağaralar və sığınacaqlar düzəltdi və sizin üçün sizi istidən (və soyuqdan) qoruyan paltarlar və sizi bir-birinizin zərərindən qoruyan geyimlər (döyüş geyimləri) müəyyənləşdirdi. O, Öz nemətini sizə belə tam həddə çatdırır ki, bəlkə (Onun istək və iradəsinə) təslim olasınız”. (“Nəhl” 80-81).

Bəli, bu ayələrdən göründüyü kimi, maddi geyimin özü də Allahın bizə verdiyi nemətdir. Bu Allahın bizim üçün qərar verdiyi örtükdür. Eyni zamanda bizləri soyuqdan və istidən də qoruyur. Yəni, siz bu geyimin vasitəsiə rahat olacaq və Allahın əmrlərini sağlam şəkildə yerinə yetirə biləcəksiniz. Ona görə də əynimiziə geyindiyimiz bu libasların əsl məqsədini dərk etməli və onu təkəbbür və göstəriş üçün deyil, məhz Allaha rahat halda ibadət etmək üçün qərar verildiyini bilməliyik.

Təbii libas.

Allah ərlə arvad haqqında danışan zaman onları bir-birlərinin geyimi kimi bizlərə tanıtmışdır. Eyni zamanda gecələrin də insanın örtüyü olduğunu vurğulamışdır. İnsan bu nemətlərə də diqqət edib, Allaha şükür etməlidir. “Gecəni(n qaranlığını) sizin üçün örtük (kimi), yuxunu işlərdən ayrılmaq və rahatlıq vasitəsi və gündüzü (cəmiyyət arasına çıxaraq ruzi qazanmaq üçün) dağılışmaq vaxtı edən Odur”. (“Furqan” 47).

“Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız”. (“Bəqərə” 187).

Mənəvi libas.

Mənəvi libas - təqvadır. Allahın insana əta etdiyi ən mənfəətli və böyük nemətlərdəndir. Bu libas insanı dünyada etiqadi, elmi və əxlaqi çirkinliklərdən qoruyar. Axirətdə isə Allahın amanında saxlayar. İnsana behiştin ən ali dərəcəsini nəsib edir. “... Əlbəttə, təqva libası daha yaxşıdır». Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar”. (“Əraf” 26).

Behişt libası.

O insanlar ki, saleh əmələ və möhkəm imana malikdirlər, Allah onlara behişt libası verəcəyini vədd etmişdir. “Əlbəttə, iman gətirmiş və yaxşı işlər görmüş kəslər (bilsinlər ki,) şübhəsiz, Biz gözəl iş görmüş kəsin mükafatını zay etməyəcəyik. Onlar üçün altından çaylar axan əbədi Cənnətlər vardır. Onlar orada taxtların üzərində söykənmiş halda qızıl bilərziklərlə bəzədilər və yaşıl rəngli nazik və qalın ipək paltarlar geyinərlər. (Bu,) gözəl mükafat və gözəl bir məkandır!”. (“Kəhf” 30-31).

“Həqiqətən təqvalılar (xəstəlik, qəm-qüssə, qocalıq və ölümdən) amanda olan bir yerdə olacaqlar. Bağların və çeşmələrin arasında. Nazik və qalın ipək paltarlar geyinəcək, (ünsiyyətdə olub söhbət etmək üçün) bir-birləri ilə üz-üzə oturacaqlar”. (“Duxan” 51-53).

Cəhənnəm libası.

O kəslər ki, insanlıqlarını yaddan çıxardıblar və günlərini qəflət və cahiliyyət içində keçirirlər, işləri ancaq qarınlarını doyuzdurmaq və şəhvətdir, Allahla və xəlq olunmuşlarla müxalifətlikdən başqa işləri yoxdur - onlar dünyada olan zaman qorxu libası geyinər və axirətdə isə ən ağır və əzablı libasa malik olacaqlar. “Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libası geyindirdi və onlara onun tamını dadızdırdı”. (“Nəhl” 112). “

“Həmin gün günahkarları (məzhəb, məslək, günah, rəhbər və davamçılarının yaxınlığı baxımından) zəncirlərdə bir-birlərinə bağlanmış görəcəksən. Onların köynək və libasları qətrandan (pis iyli və alışan tünd yağdan)dır və üzlərini od bürüyəcəkdir”. (“İbrahim” 49-50).

Zahiri libas - Allahın bizə verdiyi bir nemətdir. Çünki insan əgər bu nemətə malik olmasaydı həyatı necə olardı və qiymətli anları nəyə sərf oluna bilərdi? Libas - paklıq deməkdir, libas iffət deməkdir, libas çirkinliklərdən qoruyan bir vasitə deməkdir. İmam Sadiq (ə) buyurur: “Zahiri libas Həzrət Haqın verdiyi nemətdir ki, onunla eyblər örtülür. Bu zahiri libas Allahın kəramətidir ki, Adəm övladını əziz tutur və Adəm övladından qeyrisinin onunla bəzənməsini buyurmamışdır. Mömin insanlar üçün bu libas Allahın vacibatını yerinə yetirmək üçün bir vasitədir”.

Ancaq insanların əksəriyyəti bu zahiri libasları nə üçün geyindiyini bilmir. Ona görə də Allahın bizə verdiyi bu bədəni hər cür ölmüş heyvanın dərisi və daş-qaşlarla bəzədilmiş təkəbbürlü libaslarla xar edir. Çünki bu libasları geyinən zaman insan təkəbbür və eqoistlik hiss edir və bu da dünyada ona verilmiş dəyərli zamanını tələf edir. Boş şeylərə sərf etməsinə gətirib çıxardır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim ipək libas geyinər, Qiyamətdə dərisi alovda yandırılacaqdır”.

İpək libas bu dünyada həqiqətən də təkəbbürə gətirib çıxarır. Ona görə də kişilərin bu libası geyinməsi dinimiz tərəfindən qadağan edilmişdir.

Beləliklə deyə bilərik ki, Allahın bizə əta etdiyi çox sayda nemət vardır. Onlardan biri də zahirimizə geyindiyimiz libasdır. Çalışaq ki, bu libas Allah istəyən kimi olsun və onda özümüzü rahat hesab edərək, Allah Təalaya daha kamil şəkildə ibadət və itaət etməyə çalışaq.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031