Atanın övladına öyrətməli olduğu şeylər – İmam Əlinin (ə) mübarək nəzərində
Cəmiyyətdə uşaq tərbiyəsindən söz düşən zaman, ilk olaraq analar yada düşür. Çox təəssüf ki, atanın tərbiyədəki rolundan bəhs olunmur. Halbuki, atanın da övlad tərbiyəsində mühüm vəzifələri vardır ki, gərək onların vaxtında yerinə yetirsin.
Əmirəl-möminin (ə) də bir ata idi və böyük oğlu İmam Həsənin (ə) və İmam Hüseynin (ə) tərbiyəsi ilə özü xüsusilə məşğul olmuşdur. Əziz İmam (ə) buyurur: “Oğlum! Dünyanın xahişləri və dəyişiklikləri sənə hücum etməzdən əvvəl, mən əxlaqi dəyərləri və fəzilətləri sənin üçün göstərmişəm və saymışam. Çünki yeniyetmənin qəlbi torpaq kimi əkilməyə hazırdır ki, hər nə toxum səpsən – qəbul edəcəkdir. Ona görə də qəlbin sərtləşməzdən, fikrin, ağlın başqa şeylə məşğul olmazdan əvvəl, sənin tərbiyəndə tələsmişəm. Oğlum, bu, düzdür ki, mən keçmişdəkilər qədər yaşamamışam, ancaq onların rəftarına nəzər salmışam və xəbərləri barəsində düşünmüşəm. Sanki onlardan biri kimi olmuşam. Bəlkə onların tarixini mütaliə edən zaman, ömürlərinin əvvəlindən axırına qədər onlarla olmuşam. Ona görə də həyatlarının aydın dövrlərini zülmətli dövrlərindən tanımışam. Onların faydalı həyatını və ziyanlı həyatını araşdırmışam. Sonra onların ən mühüm və dəyərlisini, hər hadisənin gözəl və şirin tərəflərini sənin üçün seçmişəm.Tanınmamışları isə uzaqlaşdırmışam. Ona görə də hər bir mehriban ata kimi ki, övladının yaxşılığını istəyir, mən də bu qərarda olmuşam ki, səni yaxşı tərbiyə edəm”. İmam Əlinin (ə) nəzərinə görə, ata övladının əxlaqi, mənəvi, fikri, etiqadi mövzularını təlim etməkdə məsuldur. Eyni zamanda övladına təcrübə toplamağın yolunu və başqalarından ibrət götürməyi öyrətməlidir. Ata çalışmalıdır ki, övladı bir şəxsiyyət kimi tərbiyə ala bilsin və zillətə boyun əyməsin, izzət sahibi olsun. Əgər cəmiyyətə həm ruhi və həm də etiqadi cəhətdən sağlam övlad təhvil vermək istəyirsinizsə, əziz İmamın (ə) tövsiyələrinə diqqət edin ki, dünya və axirətiniz üçün faydalıdır. /Deyerler.org/ Oxşar xəbərlər
|