ÖVLADLARIN MADDİ HÜQUQLARI
Ailədə atanın vəzifəsi budur: nə qədər ki, övladlar uşaqlıq yaşlarındadırlar və işləyib qazanc əldə etməyə qüdrətləri yoxdur, onların maddi ehtiyaclarını (yemək, geyim, məskən, səhiyyə və s. kimi) təmin etsinlər.
Övlad cavanlıq və böyük yaşlarında da əgər ata imkanlı və sərvətli olarsa, övladı isə yoxsulluqda yaşasa, ataya vacibdir ki, imkanı çatan qədər övladın ehtiyaclarını təmin etsin. Bu islami hökm və qanunda ata və ana öz övladlarının hüquqları qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Yəni ana da gərək ata kimi şəxsi mal-dövlətə, maddi imkanlara malik olduğu surətdə övladlarının ehtiyaclarını təmin etsin. Amma ata bu ehtiyacları təmin etməkdə anadan irəlidir. Bu məsələ İslam nəzərindən tam aşkar olan mövzulardan biridir. İslami rəvayətlər bu əsasda hökm, alimlər və fəqihlər də buna uyğun fətvalar vermişlər. Məsələn, İmam Sadiq (ə) buyurur: “Beş dəstənin xərcləri insana vacibdir və onların xərclərini islami vergilərin hesabına yazmaq olmaz: ata, ana, övlad, qul və həyat yoldaşı.” Yəni övladların və valideynlərin hüquq və xərclərinin təmin olunması qarşılıqlıdır, onlardan hər biri fəqir olsa, digərinə vacibdir ki, imkanı çatan qədər onların ehtiyaclarını təmin etsin. İstər ata və ana olsun, istərsə də onların böyük yaşlı övladları. “Cəvahirül-kəlam” kitabının müəllifi buyurur: “Bütün fəqihlərin nəzərinə görə ata ana və övladların xərcləri insana vacibdir. Həmçinin qız və oğlan nəvələrinin xərcləri də vacib və lazımdır.” Dahi şiə alimi mərhum Şəhid Sani (kitablar hal-hazırda elmiyyə hövzələrində tədris olunur) yazır: “Ata-ananın və onların ata-anasının xərcləri, həmçinin oğul və qız övladın və onların da övladlarının xərcləri insana vacibdir. Hətta bu şəxslər fasid və kafir olsalar belə.” Deməli, övladların xərcləri islami rəvayət və sünnəat nəzərindən, habelə, böyük fəqihlərin fətvalarına əsasən (bu, onların fikir birliyində olduqları məsələdir) valideyn üçün vacibdir. Ata və ana bu barədə səhlənkarlıq, qəflət və etinasızlıq edə bilməzlər. Hətta bəzi hədislərdən məlum olur ki, valideyn gərək övladların iqtisadi inkişafı üçün şəraiti, hətta özünün vəfatından sonra da nəzərdə tutsunlar, öz övladlarını işə və təhsilə, elmə o qədər vadar etsinlər ki, həyatda fəqirliyə, yoxsulluğa düçar olmasınlar. Həmçinin öz mal-dövlətlərini övladları üçün qoyub getsinlər. Valideyn öz övladlarının yoxsulluğa, bədbəxtliyə səbəb olan yersiz bəxşiş və hədiyyələrdən çəkinməli, Allahın və Onun Rəsulunun (s) qəzəbinə səbəb olmamalıdırlar. Mədineyi-münəvvərədə Rəsuli-Əkrəm (s) səhabələrindən biri savab qazanmaq, Allah dərgahına yaxınlaşmaq üçün öz mal-dövlətini yoxsullara, fəqir-füqəraya bağışladı. Nəticədə vəfatından sonra kiçik (səğir) övladları yoxsulluq ucbatından dilənməyə başladılar. Həzrət (s) bu hadisədən xəbərdar olduqda bərk narahat olub səhabələrdən soruşdu: “O kişini harada dəfn etmisiniz?” “Onu müsəlmanların qəbiristanlığında dəfn etmişik”,- deyə cavab verdilər. Həzrət (s) buyurdu: “Əgər əvvəldən xəbərdar olsaydım, qoymazdım ki, onu müsəlmlanların qəbiristanlığında dəfn edəsiniz. Çünki o, öz övladlarının hüquqlarını nəzərə almamışdır, nəticədə onlar fəqirliyə düçar olmuşlar.” Bu hədis bəyan edir ki, Peyğəmbərin (s) o Ənsardan olan kişinin hərəkətlərindən narahat olmasının səbəbi bu idi ki, mal-dövlətini fəqirlərə verərək övladlarının gələcəyini nəzərə almamış, bu barədə məsuliyyət hiss etməmişdir. (İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI) Hacı Rasim Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|