İLAHİ ZİKR QURAN VƏ RƏVAYƏTLƏRDƏ
Qurani-Kərim və rəvayətlərdə Allahı yad etməyə böyük əhəmiyyət verilmişdir. Bu əhəmiyyətə görədir ki, hədislərdə müfəssəl olaraq ilahi zikr, onun dünya və axirətə faydası, kəmiyyət və keyfiyyəti və s. kimi mövzular araşdırılıb təhlil edilmişdir.
Həmçinin dil və qəlblə olan zikr, onların hansının daha üstün olması, zikrin təklikdə və xəlvətdə deyilməsi daha yaxşıdır, yoxsa göz qabağında və cəmdə deyilməsi barəsində Əhli-beyt (ə) və din alimləri tərəfindən fikirlər söylənilmişdir. Rəvayətlərdən birində imam Sadiq (ə) buyurur: ما اجْتَمَعَ قَوْمٌ فى مَجْلِس لَمْ يَذْكُرُوا اللّهِ وَ لَمْ يَذْكُرُونا اِلاّ كانَ ذلِكَ الْمَجْلِسُ حَسْرَةً عَلَيْهِمْ يَوْمَ الْقِيامَةِ “Hər hansı bir qövm məclisə toplaşdığı zaman Allahı və bizi yad etməzsə, qiyamət günü həmin məclisin peşmançılığını çəkəcək.” Həmçinin buyurur: اِنَّ ذِكْرَنا مِنْ ذِكْرِ اللّهِ “Bizi yad etmək də Allahı yad etmək deməkdir.” (“Biharul-ənvar”, cild 72 (Beyrut çapı), səh.468.) Allahı zikr etməyin əhəmiyyətini nəzərə alaraq, yenə də imam Sadiq (ə) buyurur: “Məclisdən qalxdığınız zaman bu ayəni oxuyun: سُبْحانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ. وَ سَلامٌ عَلىَ الْمُرْسَليِنِ. وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعالَمينَ “Sənin yenilməz qüvvə sahibi və (mülkündə) hər şeyə qalib olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır! Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha da həmd olsun!” (“Saffat” surəsi, ayə 180-182.) Bu səbəbdən, Allahın zikri hər zaman insanın qəlbi və dilində olmalıdır. Bu zikrin xüsusi məkana, zamana və məclisə aidiyyəti yoxdur. “Hədisi-qüdsi”də deyilir: “Həzrət Musa (ə) Allaha-Taalaya belə ərz etdi: “İlahi! Bəzi yerlərdə və hallarda Sənin adını dilə gətirməyə, Sənin haqqında düşünməyə utanıram.” Allah buyurdu: “Məni yad etmək hər yerdə bəyəniləndir.” Allahın zikrinə bu qədər təkid edilməsi, ilahi zikrin insanı əxlaqi rəzilətlərdən çəkindirməsi, onu səadət və xoşbəxtliyə çatdırmasında oynadığı roluna görədir. Çünki insan həmişə Allahı yad etmiş olsa və özünü hər zaman Allah dərgahında hazır görsə, Allahın razı olmadığı işlərə toxunmaz və nəfsini tüğyan etməyə qoymaz. Şeytan və nəfsi-əmmarə tərəfindən baş verən bütün xətaların əsas səbəbi insanın Allahı yad etməkdə qəflətə dalması və Onun verəcəyi əzabı yaddan çıxarmasıdır. Haqdan qafil olmaq insan qəlbini qaraldır və nəticədə, şeytan və həvayi-nəfs insanı qələbə çalır. Bunun müqabilində haqqı yad etmək, insan qəlbinə səfa gətirir və onun ruhunun nəfsin əsarətindən azad olmasına, əxlaqi rəzalətlərdən silinib xalisləşməsinə səbəb olur. Belə olan surətdə, bütün xəta və azğınlıqların mənşəyi olan dünya məftunluğu ürəkdən qovulub çıxarılır. Rəvayətlərin birində Peyğəmbəri-Əkrəm (s) buyurur: وَ اعْلَمُوا أَنَّ خَيْرَ أَعْمالِكُمْ (عِنْدَ مَلِيكِكُم) وَ أَزْكاها وَ أَرْفَعَها فى دَرَجاتِكُمْ وَ خَيْرَ ما طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ ذِكْرُ اللّهِ سُبْحانَهُ وَ تَعالى فَاِنَّهُ أَخْبَرَ عَنْ نَفْسِهِ فَقالَ: أَنَا جَليسُ مَنْ ذَكَرَنى “(Bilin ki,) Allah yanında (görə biləcəyiniz) ən yaxşı işiniz sizin dərəcənizi yüksəldən ən pakizə əməl və günəşin nur saçdığı ən yaxşı şey Sübhan Allahı zikr etməyinizdir. Çünki Allah Özü xəbər verərək buyurur: “Mən, Məni yad edənin yoldaşıyam!” (“Uddətul-vai”, səh.238.) Əzəmət və şövkət sahibi olan Allah həzrət İsaya (ə) buyurdu: يا عيسى اذْكُرْنى فى نَفْسِكَ أَذْكُرْكَ فى نَفْسى وَ اذْكُرْنى فى مَلاَِكَ أَذْكُرْكَ فى مَلاَِ خَيْر مِنْ مَلاَِ الْآدَمِيّينَ. يا عيسى أَلِنْ لى قَلْبَكَ وَ أَكْثِرْ ذِكْرى فىِ الْخَلَواتِ وَاعْلَمْ أَنَّ سُرُورى أَنْ تُبَصْبِصَ اِلَىَّ وَ كُنْ فى ذلِكَ حَيّاً وَ لا تَكُنْ مَيِّتاً “Ey İsa! Məni yad et ki, Mən də səni yad edim. Məni xalq arasında da yad et ki, Mən də səni insan toplusundan daha üstün bir toplumda (mələklər arasında) yad edim. Ey İsa! Ürəyini Mənim üçün mülayim et və tək-tənha olduğun vaxtlarda məni çox xatırla. Bil ki, Mən, Mənə təvazökar olduğun zaman şad oluram. Bu iş üçün ürəyini həmişə diri (oyaq) saxla və ölü (süst) olma.” (“Uddətul-vai”, səh.264.) Qurani-Kərimin Allahın zikrinə olan təkidi o həddədir ki, Qurani-Kərimdə insanın namaz qılmasındakı hədəfi Allahı zikr etməsi bildirilir. İslamda namazın əhəmiyyət və yerini nəzərdə tutsaq, zikrin hansı əhəmiyyətə malik olduğu bizə daha aydın olar: ... وَ أَقِمِ الصَّلوةَ لِذِكْرى “…Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!” (“Taha” surəsi, ayə 14.) Bildiyimiz kimi, hədəf vasitədən daha mühümdür. Bu ayədən belə anlaşılır ki, Allahın zikri namazdan daha önəmlidir. Həqiqətdə, namaz Allah-Taalanı yad etmək və anmaq üçün bir vasitədir. (Həqiqətdə, Quran baxımından zikr məfhum və həqiqət sahibidir ki, namaz o qədər əhəmiyyəti ilə belə, onun üçün yalnız bir vasitə rolunu oynayır. Söz burasındadır ki, namaz özündə bir sıra zikr və ayələri, xüsusi əməl və hərəkətləri əhatə etməsinə baxmayaraq, Allahın zikri üçün necə vasitə hesab edilir? Bu müəmmanın izahında deyə bilərik ki, namaz özünün bir sıra xüsusi əməlləri və onda oxunan zikrləri ilə heç də “zikr” hesab olunmur. Zikr əslində qəlbi və ruhi diqqətə əsaslanır və insan qəlbinin Yaradanla olan rabitəsidir. Demək, insan ona görə namaz qılır ki, Allahla özü arasında qəlbi bağlılıq əldə etsin. Buna görə də, namaz özlüyündə bir vasitədir və hədəf qəlbi əlaqənin yaradılmasıdır ki, şübhəsiz, namazın özündən daha şərəflidir. (“Rəhe-tuşe” – Axirət azuqəsi, Ayətullah Misbah Yəzdi, 1-ci cild.263-266.) (Maide.Az) Oxşar xəbərlər
|