QƏZƏBİN KONTROLU ÜÇÜN DÖRD TÖVSİYƏ
Mьəllif: admin1
Tarix: 10-03-2018, 10:33
QƏZƏBİN KONTROLU ÜÇÜN DÖRD TÖVSİYƏ
İmam Sadiq(ə) şərif bir hədisdə belə buyurur:

أَلْغَضَبُ مِفْتاحُ کُلِّ شَرٍّ

“Qəzəb bütün pisliklərin açarıdır.”[1]

Qəzəb və əsəb insitnktiv bir hiss olsa da, onun kontrolda saxlanılması zəruridir. Fərdi və ictimai araşdırmalar göstərir ki, nə çox insan bir anlıq əsəbə görə özü və digərinə böyük zərbələr endirmiş, acı hadisələrin törənməsinə səbəb olmuşdur. Elə buna görə də, vəhy və nübüvvət xanədanı “اجتَنِبِ الغضب” (Qəzəblənməkdən çəkinin!)[2] – təbiri ilə insanları qəzəblənməkdən çəkindirmişlər. Əmirəlmöminin Əli (ə) buyurur:

الغضبُ نارٌ مُوقَدة، مَن كَظَمَه أطفأَها، ومَن أطلَقَه كان أوّلَ مُحتَرِقٍ بها

“Qəzəb yanar oddur ki, kim onu cilovlasa, odu söndürmüşdür, kim onu sərbəst buraxsa, odun yandıracağı birinci şəxs elə onun özü olacaqdır.”[3]

O həzrət başqa bir hədisdə belə buyurur:

اَلغَضَبُ یُردِی صَاحِبَهُ وَ یُبدِی مَعَایِبَهُ

“Qəzəb öz sahibini məhv edir və eyibləri üzə çıxarır.”[4]

Qəzəb və əsəbin ən yaxşı dərmanı onun kontrolda saxlanılmasıdır; yəni insan elə bir iş görməlidir ki, dini etiqadlara söykənmək və əxalqi göstərişlərə riayət etməklə öz həyatına aramlıq bəxş edə bilsin. İslam Peyğəmbəri (s) ən gec əsəbiləşən və ən tez razılaşan insanı ən yaxşı insan kimi tanıtdırır və buyurur:

الا اِنَّ خَیرَ الرِّجالِ مَن کانَ بَطیءَ الغَضَبِ سَریعَ الرِّضا

“Bilin ki, insanların ən yaxşı gec əsəbiləşən və tez razılaşan (barışan) insandır.”[5]

Qəzəb və əsəbin kontrolu və aradan qaldırılması üçün İslamda bir sıra göstərişlərə əməl etmək tövsiyə olunur:

1. Əsəb zamanı dəstəmaz almaq və qüsl etmək: Peyğəmbəri-Əkrəm (s) buyurur:

إِنَّ الْغَضَبَ مِنْ الشَّیْطَانِ وَإِنَّ الشَّیْطَانَ خُلِقَ مِنْ النَّارِ وَإِنَّمَا تُطْفَأُ النَّارُ بِالْمَاءِ فَإِذَا غَضِبَ أَحَدُکُمْ فَلْیَتَوَضَّأْ

“Həqiqətən, əsəbiləşmək şeytandandır və şeytan da oddan yaranmışdır. Od isə su ilə söndürülər. Elə isə sizdən hər hansı biriniz əsəbiləşərsə, dəstəmaz alsın.”[6]

Başqa bir hədisdə isə belə buyurur:

فَاِذا غَضِبَ اَحَدُکُمْ فَلْیَغْتَسِل

“Sizdən hər hansı biriniz əsəbiləşərsə, qüsl etsin.”[7]

Müasir tədqiqatçıların mülahizələrinə görə, suyun insana aramlıq bəxş etmə təsiri olduqca böyükdür.

2. Əsəb zamanı məkan və mövqeyin dəyişdirilməsi əsəbin kontrolu üçün çox önəmlidir: Məsələn bir hədisdə imam Sadiq (ə) buyurur:

أيُّمَا رَجُلٍ غَضِبَ وَ هُوَ قَائِمٌ فَلْيَجْلِس

“Qəzəblənən şəxs ayaq üstədirsə otursun.”[8]

3. Zikr demək və Allah-Taalanı yad etmək: Qurani-Kərimin “Rəd” surəsinin 28-ci ayəsində buyurulur:

أَلا بِذِکْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

“Agah olun! Qəlblər yalnız Allahın zikri (yadı) ilə aram olur.”

Tövsiyə olunur ki, “qəzəbləndikdə “La həvlə və la quvvətə illa billahil əliyyil əzim” (Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur) zikri və yaxud “Əuzu billahi minəş-şəytanir-rəcim” (Qovulmuş şeytandan Allaha sığınıram” ibarəsi deyilsin ki, bu zikrlər qəzəbi yatırır.” (“Camiul-əhadis”, 13-cü cild, səh.472.)

4. Əl verib görüşmək, qucaqlaşmaq və başqalarının səhvlərinə göz yummaq: İmam Xomeyni yazır ki, hər kəs öz qohum-əqrəbasından kiməsə qarşı qəzəbli və əsəblidirsə, qəzəbi və əsəbini aradan qaldırmaq istəyirsə, onun yanına getsin, “sileyi-rəhim” (yaxınları yad etmək) adı ilə onunla əl verib görüşsün, qucaqlaşsın. Bu iş əsəbli insana ruhi-psixoloji aramlıq və rahatlıq gətirir. (“Çehl hədis”, İmam Xomeyni, “əql və cəhl qoşunları” bölümü, səh.238.)

Qurani-Kərimin “Şura” surəsinin 37-ci ayəsində buyurulur:

وَ الَّذینَ یَجْتَنِبُونَ کَبائِرَ الْإِثْمِ وَ الْفَواحِشَ وَ إِذا ما غَضِبُوا هُمْ یَغْفِرُون

“(Allahın yanında olanlar – axirət mükafatları) o kəslər (möminlər) üçündür ki, böyük günahlar və rəzil işlərdən çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar.”

Demək, bu ayə və bundan öncəki ayələrə əsasən, ilahi nemətlərə və axirət mükafatlarına sahib olmaq üçün Allaha iman və təvəkküllə yanaşı, günahlardan uzaqlaşmaq, şəhvət və qəzəbi kontrolda saxlamaq zəruri şərtdir.

Möminlər də qəzəblənirlər, amma qəzəbləndikləri zaman özlərinə nəzarəti itirmir və nalayiq rəftarlara yol vermirlər, buna rəğmən, özlərini səbirli olmağa vadar edir, qarşı tərəfi bağışlayaraq əfv edir, güzəştə gedirlər. Necə ki, “Ali-İmran” surəsinin 133-134-cü ayələrində buyurulur:

(وَ سارِعُوا إِلی‏ مَغْفِرَةٍ مِنْ رَبِّکُمْ وَ جَنَّةٍ عَرْضُهَا السَّماواتُ وَ الْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقین.الَّذینَ یُنْفِقُونَ فِی السَّرَّاءِ وَ الضَّرَّاءِ وَ الْکاظِمینَ الْغَیْظَ وَ الْعافینَ عَنِ النَّاسِ وَ اللَّهُ یُحِبُّ الْمُحْسِنینَ :

“Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, təqvalılar üçün hazırlanmış cənnətə tələsin. O təqvalılar ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.”


[1] “Tuhəful-uqul”, mütərcim: Həsənzadə, səh.893.

[2] “Nəhcül-fəsahə”, Əbülqasim Payəndə, səh.116.

[3] “Uyunul-hikəm”, 5-ci cild, səh.266.

[4] “Qurərul-hikəm”, hədis 1709.

[5] “Nəhcül-fəsahə”, Əbülqasim Payəndə, səh.243.

[6] “Nəhcül-fəsahə”, Əbülqasim Payəndə, səh.286.

[7] “Nəhcül-fəsahə”, Əbülqasim Payəndə, səh.286.

[8] “Biharul-ənvar”, 70-ci cild, səh.272.


(Maide.az)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930