SÜD VERMƏ VƏ ONUN BƏZİ HÖKMLƏRİ VƏ SÜDÜN ÖVLADLARDAKI TƏSİRİ
Valideynlərin övladların hüququnu yerinə yetirməkdə ən mühüm vəzifələrindən biri də onlara süd vermələr və bu işin şərtlərinə riayət etmələridir.
Ana südü körpə üçün ən münasib və kamil qida sayılır, körpənin sümüklərinin möhkəmlənməsinə səbəb olur, doğuşdan sonra onun üçün ən faydalı və ən münasib qida hesab olunur. Bu cəhətdən də müqəddəs İslam şəriətində bu məsələ xüsusi vurğulanmışdır. Uşaq təvəllüddən sonra bir müddət ana südü ilə qidalanmalıdır ki, öz ehtiyaclarını təmin etsin və bu, onun həyatının zəruri məsələlərindəndir. Əgər atanın maddi imkan cəhətindən dayə tutmağa, süd verən qadını muzdla işə götürməyə imkanı olmasa, habelə başqa bir şəxs də uşağa pulsuz süd verməsə, bu halda analara vacibdir ki, onlara süd verərək zəruri tələblərini ödəsinlər. Şübhə yoxdur ki, şəriət baxımından ata uşağın anasını adi şəraitlərdə ona süd verməyə məcbur edə bilməz və ananın haqqı vardır ki, bu iş üçün muzd alsın. Allah-taala “Təlaq” surəsinin 6-cı ayəsində buyurur: “Əgər sizin qadınlarınız övladlarınıza süd versələr, onların muzdunu verin.” Qurandan əlavə, hədislərdə də buyurulur ki, insan azad və bir kəsin qulu olmayan arvadını onun öz uşağına süd verməyə məcbur edə bilməz. İmam Sadiq (ə) ananın öz övladına süd verərkən ərindən muzd alması, həmçinin, atanın uşağın anasını bu işə məcbur edib edə bilməyəcəyi barədə buyurur: “Atanın azad (qul olmayan) qadını (öz arvadı, uşağın anası) bu işə məcbur etməyə haqqı yoxdur, amma əgər kənizi olarsa, onu bu işə məcbur edə bilər.” Deməli, adi halda ananın haqqı vardır ki, uşağına süd verməkdən imtina etsin və ya bu iş üçün ərindən muzd alsın. Amma atanın bu işə imkanı çatmazsa və sair zərurət hallarında anaya vacibdir ki, bu məsuliyyəti öhdəsinə alsın. Çünki ananın südü körpə üçün ən faydalı və ən münasib qida sayılır. Əmirəl-möminin Əli ibn Əbutalib (ə) buyurur: “Heç bir süd uşaq üçün ana südündən münasib və bərəkətli deyildir.” Təəssüflər olsun ki, çox analar övladlarini bu ilahi nemətdən məhrum edərək öz övladlarına qarşı olan ilahi borclarını yerinə yetirməkdən imtina ediblər. SÜDÜN ÖVLADLARDAKI TƏSİRİ Qeyd olunduğu kimi, imkan daxilində ananın özü övladına süd verməlidir. Çünki onun südü övladı üçün ən münasib bir qidadır. Əgər onun özünün hazırlığı olmasa və ya hazırlığı olduğu təqdirdə süd vermək istəməzsə, İslam dini südverən qadınlar üçün bəzi keyfiyyətlər və şərtlər nəzərdə tutmuşdur ki, onlara riayət edilməsi lazımdır. Çünki dayə və mürəbbinin bütün xüsusiyyətləri, hətta batini və zahiri xüsusiyyətləri övlada təsir göstərir. İslam buyurur ki, siz müsəlmanların uşaqlarına süd verən qadın müsəlman, aqil, agah və ismət və paklıq Əhli-beytini (ə) sevənlərdən olmalı, bütün gözəl sifətlərə malik, rəzilə sifətlərdən uzaq olmalıdır. Hətta İslam rəvayətlərində buyurulur ki, “zərurət halında əhli-kitab qadınlarının sizin övladlarınıza verdiyi süd Əhli-beyt (ə) düşmənləri olan nasibi qadınların verdiyi süddən qat-qat yaxşıdır.” İndi isə uşaqlara süd verilməsinin təsirləri barəsində bir neçə hədisi əziz oxucuların nəzərlərinə çatdırırıq: Əmirəl-möminin Əli (ə) buyurur: “Həyat yoldaşı seçməkdə nə qədər diqqət edirsənsə, övladına süd vermək üçün dayə təyin etməkdə də bir o qədər diqqət et. Çünki süd insan təbiətini dəyişdirə bilir.” Həzrət (ə) yenə buyurur: “Baxın görün sizin övladlarınıza kim süd verir; çünki sizin övladınız süd ilə inkişaf edib kamala çatır. Süd verən şəxsin əxlaqi xüsusiyyətləri onda təsirlidir.” İmam Baqir (ə) buyurur: “Məbada axmaq və qanmaz qadını övladlarınıza dayə götürəsiniz; Çünki südün təsiri var və südəmər uşaqlar süd verən qadının əxlaqi xüsusiyyətləri ilə ünsiyyətdə olur və bu işlər onda son dərəcə təsir qoyur.” Həzrət (ə) başqa bir hədisdə göstəriş verir ki: “Öz südəmər uşaqlarınızı gülərüz və gözəl üzlü dayələrə verin. Məbada bəd qiyafə, eybəcər qadınları dayəliyə götürəsiniz! Çünki uşağa süd verən qadınların qiyafələri, zahiri fomaları da sizin övladlarınızda təsirlidir.” O Həzrət (ə) yenə buyurur: “Zərurət halında yəhudi və məsihi qadınlarının sizin övladlarınıza süd verməsi, Əhli-beyt (ə) düşmənləri olan nasibi qadınların süd verməsindən daha yaxşıdır.” Qeyd olunan bu hədislər südün uşağın müxtəlif yönlərində təsirli olmasını təkidlə bildirir və sübut edir ki, südəmərlik dövrü çox həssas bir dövrdür, süd verən qadının dindarlığı, əxlaqı, təqvası və hətta onun eybəcər və ya gözəl olması südəmər körpədə təsir qoyur, ananın batini və zahiri xüsusiyyətləri südvermə nəticəsində uşağa nəql olunur. Məhz bu səbəbdən də Rəsuli-Əkrəm (s) südəmər çağlarında Məkkə qadınlarının döşündən süd əmmirdi. Çünki Məkkə qadınları besətdən əvvəlki dövrlərdə kişilər kimi, xurmadan şərab çəkib içirdilər. Məlum olduğu kimi, şərab içən qadınlar aludə, südvermək üçün qeyri-münasibdirlər və bu da övladın ruhiyyəsində xoşagəlməz təsirlər qoyacaq, onun əməli təsirləri zahir olacaqdır. Həmçinin Musanın (ə) doğulduğu dövrə də nəzər saldıqda görürük ki, o Həzrət də uşaqlıq çağlarında Firon tayfasından olan qadınların döşündən süd əmmədi. “Qurani-Kərim” “Qəsəs” surəsində bu hadisəni təfsilatı ilə buyurmuşdur. Burada südvermənin təsirləri barəsində iki qısa hadisəni əziz oxucular üçün nəql edirik. Şeyx Mürtəza Ənsari barəsində yazırlar ki, o alicənab alim üsulda öz istidlali və dəyərli kitablarını qələmə aldığı vaxt ictihad məqamına çatır. Şeyxin yaxın adamları və müridləri onun anasına təbrik deyərək sevinirdilər. O böyük alimin anası onların cavabında deyirdi ki, əgər mənim oğlum çəkdiyim zəhmətlər sayəsində nəinki ictihad, hətta nübüvvət məqamına çatsaydı belə, əsla təəccüb etməzdim. Camaat bu mənalı sözdən daha da təəccüblənib əlavə izahat verməsini istədilər. O buyurdu ki, sizin mənim çəkdiyim zəhmətləri eşitməyə taqətiniz olmaz, amma nümunə olaraq deyirəm ki, oğlumun bütün südəmərlik dövründə bir dəfə də olsun belə, ona dəstəmazsız süd verməmişəm. Bu ayə, rəvayət və tarixi hadisələrə diqqət yetirməklə başa düşürük ki, valideynin körpənin südəmər çağlarındakı məsuliyyəti çox ağırdır. Çünki ananın və ya dayənin südü övladda öz təsirini qoyur. (İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI) Hacı Rasim Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|