Nəfslə cihad zamanı insanın nəzərə almalı olduğu 3 tövsiyə
Hədislərimizin və Quranın nəzərinə görə, nəfslə mübarizə aparmaq aşkarda düşmənlə mübarizə aparmaqdan daha çətin olduğu üçün əkbər cihad hesab olunur. Qurani-Kərimdə əkbər cihad etmək üçün üç tövsiyə və göstəriş irəli sürülür.
1. Nəfsi islah etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün cihad – nəfslə cihaddır ki, iki böyrün arasında yerləşir”. Qurani-Kərim bu haqda öz nəzərini belə bildirir: “Və kim (öz nəfsi, yaxud Allah düşməni ilə) cihad etsə, yalnız öz xeyrinə cihad etmişdir, çünki Allah aləmdəkilərin heç birinə möhtac deyil”. (“Ənkəbut” 6). Bu ayənin təfsirində bəyan olunur ki, söhbət əkbər cihaddan gedir, xüsusilə də ondan əvvəlki ayədə Liqallahdan söhbət açılmışdır. Liqallaha çatmağın tək yolu isə nəfslə cihaddır. “Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək)yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (“Ənkəbut” 69). Bu ayənin təfsirində isə bəyan olunur ki, cihad deyildikdə, məhz əkbər cihada – nəfslə cihada işarə edilmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün cihad odur ki, insan öz nəfsi ilə cihad edər”. 2. Ruhunu müalicə etmək. Hər bir insanda müəyyən əxlaqi xəstəliklər vardır ki, onları müalicə edib, aradan qaldırmaq lazımdır. Qurani-Kərim bir çox əxlaqi xəstəlikləri bizə tanıdır ki, bunlardan biri də nifaqdır. Ona görə də münafiqlər barəsində buyurur: “Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır”. (“Bəqərə” 10). Qurani-Kərim başqa bir ayəsində şəhvətpərəstliyi xəstəlik adlandırmışdır. “Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”. (“Əhzab” 32). Bu xəstəliklərin müalicəsinin tək yolu – təqvalı olmaqdadır. Quranda bu cür çox sayda xəstəliklərin adı çəkilmişdir. Əgər əkbər cihad etmək istəyiriksə, gərək bu xəstəliklərdən sağalmağa çalışaq. 3. Seyr və süluk yolu. Quranın nəzərinə görə, insanlar müsafirlərə bənzəyirlər ki, müəyyən nöqtədən yola düşüb, İlahi qürbə tərəf gedirlər. Bu ruhani yolda da cismani səfərdə olduğu kimi quldurlar, oğrular, tələlər vardır. Ona görə də insanın gərək bu tələlərdən agahlığı olsun ki, təhlükələri arxada qoya bilsin. “O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə «həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər”. (“Bəqərə” 156). “Şübhəsiz, (bütün canlıların öldükdən sonra dönüşü) sənin Rəbbinədir”. (“Ələq” 8). “Ey insan, şübhəsiz, sən öz Rəbbin(in camal və cəlalını, savab və cəzasını görməy)ə doğru böyük bir səylə (yaradılışla və təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan”. (“İnşiqaq” 6). İmam Əli (ə) buyurur: “Bu fani əyyamdan, qalıcı əyyam üçün azuqə götürün”. /Deyerler.org/ Oxşar xəbərlər
|