ÖZLƏRİNİ DOST KİMİ GÖSTƏRƏN NİQABLI DÜŞMƏNLƏR
Qurani-Kərimin “Bəqərə” surəsinin başlanğıcında insanlar İslam dininin qəbulu ilə bağlı üç qrupa bölünürlər:
1. Təqvalılar; bu haqda söhbət beşinci ayədə yekunlaşır. 2. Təqvalılara qarşı duran kafirlər; bu haqda söhbət yeddinci ayədə bitir. 3. Zahirdə İslam dininə iman gətirən, batində isə kafirlər zümrəsindən sayılan münafiqlər və ikiüzlülər; bu haqda söhbət səkkizinci ayədən başlayıb iyirminci ayəyə qədər davam edir. Burada münafiqlərə on üç ayənin həsr edilməsi onların kafirlərdən daha təhlükəli olduğuna əhəmiyyət verildiyini göstərir. Özlərini dost kimi göstərən niqablı düşmənlər yırtıcı canavarı xatırladır. Onlar arxadan zərbə endirən zahirdə dost, batində düşməndirlər; guya sirdaş və əmanətdar, həqiqətdə isə xain və casusdurlar. Belə tanınmaz düşmənlərdən qorunmaq olduqca çətin, bəzən də qeyri-mümkündür. Qurani-Kərimin bir çox surələrində onlardan söz açılır və hətta adlarını daşıyan ayrıca bir surə də (“Munafiqun” surəsi) vardır. İmam Əli (ə) İslam Peyğəmbərindən (s) bu zümrə barəsində belə nəql edir: “Mən ümmətim üçün mömin və müşrikdən qorxmuram. Çünki Allah mömini imanına görə (başqalarını yoldan azdırmaqdan) saxlayır (demək, ondan müsəlmanlara ziyan dəyməz), müşriki də şirkinə görə zəlil və xar edir. (Müsəlmanlar da şirkinə görə onun sözlərinə qulaq asmaz və dalınca düşməzlər.) Amma mən sizin üçün qəlbən ikiüzlü və dildə alim olan kimsədən (şəriət hökmlərini əzbər bilən riyakardan) qorxuram. O, zahirdə sizin bəyəndiyiniz şeyləri deyirsə, gizlində isə nalayiq hesab etdiyiniz işləri görür.” (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah əl-uzma Cəfər Sübhani, səh.21-dən nəqlən.) Məsələn, Qurani-Kərimin “Bəqərə”, “Ali-İmran”, “Ənfal”, “Tövbə”, “Ənkəbut”, “Əhzab”, “Fəth”, “Munafiqun”, “Hədid” və “Təhrim” surələrində münafiqlərlə bağlı söz açılır və onların zahirdə gözəl, batində isə xəyanətkar olduqları tez-tez xəbərdarlıq edilir. Qurani-Kərimin “Bəqərə” surəsinin 17-18-ci ayələrində verilən məsəl və təşbehlər münafiqlərin halını açıqlayır. Belə ki, hər tərəfə qaranlıq çökən və yırtıcı heyvanların qorxusundan insanın bütün vücudunu vəhşət bürüyən bir gecədə od yandırıb ətrafı işıqlandırmaq yolu tapmaq üçün nə qədər əhəmiyyətlidirsə, həmin anda şiddətli bir küləyin əsərək onu söndürməsi bir o qədər ümidüzücü və qüssəlidir. Qurani-Kərim münafiqləri eynilə belə vəziyyətə düşən şəxsə bənzədir və buyurur: مَثَلُهُمْ كَمَثَلِ الَّذِی اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِی ظُلُمَاتٍ لَا یبْصِرُونَ “Onların (münafiqlərin) halı (qaranlıq gecədə geniş bir səhrada ətrafını işıqlandırmaq üçün) od yandıran şəxsin halına bənzəyir. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işığını keçirər və onları heç görə bilməyəcəkləri bir qaranlıqda boşlayar.” “Munafiqun” surəsinin 3-cü ayəsində onların düşdüyü vəziyyətin səbəbləri də açıqlanır. Belə ki, Peyğəmbəri-Əkrəm (s) Mədinəyə daxil olduğu zaman çoxları zahirdə o həzrətə iman gətirirdisə, sonralar yeri gəldikcə xəyanətkarlıqlarını aşkar edirdi. Həmin ayədə buyurulur: ذَلِكَ بِأَنَّهُمْ آمَنُوا ثُمَّ كَفَرُوا فَطُبِعَ عَلَى قُلُوبِهِمْ فَهُمْ لَا یفْقَهُونَ “O (nifaq və pis əməl) buna görə idi ki, onlar (bəzi möcüzələri görməklə) iman gətirdilər, sonra isə kafir oldular. Beləliklə, onların qəlblərinə möhür vuruldu, buna görə də başa düşmürlər.” Bu məsəl onların bu dünyadakı nadanlıqlarını göstərir. Ümid və ümidsizlik, iman və küfr elə bu dünyada baş verir. Düzgün təfəkkür tərzini əldən verən və mərifət vasitələrindən bəhrələnməyənlərin həqiqətdə qulaqları olsa da, kar, dilləri olsa da, lal, gözləri olsa da, kordurlar. “Bəqərə” surəsinin 17-18-ci ayəsində buyurulur: صُمٌّ بُكْمٌ عُمْی فَهُمْ لَا یرْجِعُونَ “Onlar (haqqı eşitməkdə) kar, (haqqı deməkdə) lal və (haqqı görməkdə) kordurlar. Buna görə də, haqqa tərəf qayıtmırlar.” Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|