İnsan qocaldıqca, onda cavan qalan 2 mənfi xislət
Tarixdə oxuyuruq ki, Harun ər-Rəşid xəlifə olan zamanda vasitəsiz olaraq birbaşa Peyğəmbərdən (s) bir kəlam eşitmək istəyirdi. Ona görə də Həzrət Rəsuli-Əkrəmi (s) görən və ondan söz eşidən insan axtarırdı.
Nəhayət bir qoca kişini tapırlar ki, o, Peyğəmbəri (s) öz gözləri ilə görmüşdü. Qoca o qədər arıq və halsız idi ki, onu zənbilə qoyub, xəlifənin yanına gətirirlər. Harun onu görən zaman çox sevinir və deyir: “Ey qoca, sən Peyğəmbəri (s) görmüsən?”. Qoca deyir: “Uşaq olan zaman atam əlimdən tutub, Həzrətin (s) yanına aparmışdı. Ondan sonra onu görməmişəm”. Harun soruşur: “De görüm, o günü Peyğəmbərdən (s) bir söz eşitmisənmi?”. Qoca deyir: “Bəli. Eşitmişəm ki, buyurub: “Adəm övladı tədricən qocalar, ancaq iki sifət onda cavan qalar: Biri hərislikdir, o birisi isə uzun arzular””. Harun əmr edir ki, bir kisə qızıl gətirsinlər və onu qocaya verib, yola salır. Qoca zənbilin içində sarayı tərk edən zaman fəryad çəkir və deyir ki, məni geri qaytarın, xəlifəyə sözüm vardır. Onu geri qaytarırlar. Üzünü xəlifəyə tutub deyir: “Ey sultan! Mənə verdiyin bu hədiyyə ancaq bu il üçündür, yoxsa başqa illərdə də verəcəksən?”. Harun yüksək səslə gülür və deyir: “Peyğəmbərin (s) buyurduğu necə də doğrudur”. Zənbildə gəzməyinə baxmayaraq, bu qoca gələn illərdə də sağ qalmağını güman edir və onun üçün də hədiyyələr gözləyirdi. Həqiqətən də, insanda qocalmayan rəzil sifətdən biri də məhz hərislikdir. /Deyerler.org/ Oxşar xəbərlər
|