Uşağa necə bir ad qoyulmalıdır?
Övlad üçün yaxşı və münasib ad seçmək ata üçün dini bir vəzifə və övladın hüquqlarından biridir. Övladların adları valideynin bu adlara, habelə adların sahibinə olan eşq və məhəbbətinin göstəricisi, meyarıdır. Övlada ad qoyma ata və anaların malik olduğu təfəkkür tərzinin göstəricisidir ki, bununla da onlar öz fikri hədəf və yollarını göstərirlər.
Ata və ana övlada ad seçməkdə müəyyən cəhətləri nəzərə almalıdırlar ki, övlad böyüyəndən sonra cəmiyyətdə həqarət hissi keçirməsin, təhqir və bəzi hallarda məsxərə olunmuş hesab etməsin. Özünün və təfəkkürünün müstəqilliyini möhtərəm sayaraq yad mədəniyyətlərin, fikirlərin və təbliğatların təsiri altına düşməsinlər, əzizlərini yoldan azmışların, azğınların və üsyankarların adları ilə adlandırmasınlar, çünki bu özü də pozğunçuluğun, zülmün və uduzmağın nişanəsidir. İmam Həsən (ə) buyurur: "Atanın övlada ilk hədiyyəsi və bəxşişi budur ki, ona yaxşı ad qoysun." Peyğəmbər (s) buyurur: "Övladlarınızın hüqüqlarından bəziləri budur: 1. Ən gözəl ad qoymaq, 2. Yazı yazmağı öyrətmək, 3. Həddi-buluğa çatdıqda onları evləndirmək." O Həzrət (s) yenə buyurur: "Hər kəsin 4 oğlu olsa və onlardan heç birinə mənim adımı qoymasa, mənə cəfa etmişdir." Əmirəlmöminin Əli (ə) buyurur: Övladın ata üzərində olan haqqı budur ki, atası ona gözəl ad qoysun, gözəl ədəbləndirsin və ona Quranı öyrətsin." İmam Məhəmməd Baqir (ə) buyurur: "Peyğəmbər (s) kişilərin və şəhərlərin çirkin və pis adlarını dəyişib onlara gözəl adlar qoyurdu." Bir gün Ümmü Sələmənin (ana tərəfdən bir olan) qardaşı övladının adını Vəlid qoydu. Peyğəmbər (s) buyurdu: "Öz fironlarınızın mənfur adlarını dirçəldirsinizmi?!" Sonra Həzrət onun adını dəyişib Abdullah qoyub buyurdu: "Bu camaatın Vəlidi gələcəkdir ki, onun bu ümmətə qarşı rəva gördüyü şər və zülmü Fironun öz qövmünə etdiyi zülmdən çox olacaqdır."( Həzrətin məqsədi Müaviyyənin nəvəsi, Yezidin oğlu Vəlid idi) İmam Məhəmməd Baqir (ə), Peyğəmbər (s) və Əli ibn Əbu Talibin (ə) mübarək adlarının təsiri barəsində buyurur: "Həqiqətən, hər vaxt şeytan bu adları eşidirsə, qurğuşun əriyən kimi əriyib suya dönür." Rəsuli-Əkrəm (s) buyurur: "Özünüz üçün gözəl və münasib adlar seçin, çünki qiyamət günü həmin adlarla çağırılacaqsınız." Peyğəmbər (s) bu mübarək adların əzizlənməsi barəsində buyurur: "Hərgah övladınıza mənim adımı qoysanız, ona ehtiram göstərin, yerini dar etməyin və üzünüzü ona turşutmayın." İmam Hüseyn (ə) buyurur: "Əgər mənim yüz oğlum olsa, çox istərdim ki, hamısının adını Əli qoyum." Qeyd olunan bu şərif hədislər Məsum İmamların adqoymanın müxtəlif zəminələrindəki göstərişləridir ki, öz ardıcıllarına tövsiyə etmişlər və bu yolla düşmənlərinin qeyri-səhih təbliğatları və mədəniyyətləri ilə mübarizə yollarını bizə öyrətmişdir. (İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI) Hacı Rasim Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|