Bu 3 şərtə riayət edənin ehsanını Uca Allah bəyənir
Əgər Allah bəyənən kimi ehsan etmək istəyirsinizsə, gərək bir neçə nöqtəyə diqqət edəsiniz. Ancaq bu zaman Allahın sizin ehsanınızdan razılığı olar.
1. Allah razılığı üçün niyyəti. Ehsan edən insanın ilk edəcəyi iş budur ki, niyyətini xalis etməlidir və etdiyi ehsanda ancaq Allahın razılığını düşünməlidir. 2. Ehsanın pakizə olması. Ehsan mövzusunda riayət olunmalı ikinci nöqtə isə budur ki, o şeyi ki, ehsan edirsən – gərək pak və sevilən bir şey olsun. Allah Təala Quranda buyurur: “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92). Bu ayə lətif şəkildə işarə edir ki, ehsan edən zaman bir tərəfdə ehtiyacı olan mömin dayanar, o biri tərəfdə isə Allah. Ona görə də əgər pis və lazımsız şeylər ehsan edilərsə, bir tərəfdən ehtiyacı olanlara edilən təhqirdir, o biri tərəfdən isə Allah Təalaya qarşı edilən ədəbsizlikdir. 3. Minnət qoyulmadan edilən ehsan. Ehsanın Allah bəyənən olması üçün onu minnətsiz etmək lazımdır. Çünki minnət qarşı tərəfə əziyyət verər və izzətini alçaldar. Ona görə də Allah Quranda möminlərə xitab edərək, buyurur: “Ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıq və camaata göstərmək məqsədi ilə xərcləyən və Allaha və axirət gününə imanı olmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. O, üzərinə (azacıq) torpaq oturmuş və sonra leysan yağışın yağıb onu təmiz (torpaq və bitkisiz) bir daş halına saldığı möhkəm və hamar daşa bənzəyir (onun sədəqəsi leysanın yuyub apardığı həmin torpaq kimidir). Onlar (riyakarlar) kəsb etdiklərindən heç bir şey əldə etməyəcəklər. Allah kafir qövmü hidayət etmir”. (“Bəqərə” 264). İmam Sadiq (ə) buyurur: “Hər kim möminə ehsan edər, sonra münasib olmayan sözləri ilə onu incidərsə və ya ona minnət qoyarsa – sədəqəsini batil etmiş olar”. Bunu qeyd etməliyik ki, müasir zamanda maddi cəhətdən əziyyət çəkən insanların sayı çoxalmışdır. Ona görə də ehsan və sədəqə əməli cəmiyyətə bir növ yardım və həm də Allahı razı salan əməllərdən hesab olunur. Bu səbəbdən hər bir mömin bacardığı qədər ehtiyacı olanlara yardım etməlidir ki, onların çətinliklərini bir qədər azaltmış olsunlar. /Deyerler.org/ Oxşar xəbərlər
|