Hansı halda küfr etmək müsbət mənada işlənir? Küfrün növləri
Qurani-Kərimdə küfr həm aşkar və həm də gizli halda həqiqəti saxlamaqdır. Ona görə də Quranda küfrün 3 növünə rast gəlmək olur:
1. O küfr ki, nə mədh olunur, nə də məzəmmət. 2. Mədh olunan küfr. 3. Məzəmmət olunan küfr. 1. Yəni, nə mədh olunur və nə də məzəmmət olunur. Bu küfr odur ki, ağıl onu gizlətməyi nə yaxşı bilir, nə də pis. Toxumu torpağın altında gizlətmək kimi. Quran bu küfr haqqında buyurur: “Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar”. (“Hədid” 20). 2. Mədh olunan küfr. Mədh olunan küfr odur ki, ağıl onun gizli qalmasını bəyənir və faydalı olduğunu hesab edir. Batilləri, xurafatları gizlətmək kimi. Yəni, batillərin, mövhumatın gizli qalması – bəyənilən bir işdir. Və bu halda küfr tamam başqa rolda çıxış edir - əks rolda. Əgər adi mənada küfr – İlahi həqiqətləri gizlətmək mənasındadır və buna görə böyük günah sayılır, hətta küfr edən napak olur, batilləri gizlədən hala aid olan küfr – müsbət haldır, əslində Allaha iman gətirib, şeytana kafir olmaqdır. “Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub, Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir”. (“Bəqərə” 256). 3. Məzəmmət olunan küfr. Məzəmmət olunan küfrün dörd növü vardır: - cahil küfr, - elmi küfr, - nemətə küfr, - günah küfrü. a). Cahil küfr. Cahil küfr odur ki, cəhaləti elm adı altında gizlədəsən. “(Məadı inkar edən müşriklər) dedilər: «Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; daim ölürük və dirilirik (bir dəstə ölür, bir dəstə dirilir və ya ruhun bir bədəndən digər bir bədənə keçməsi yolu ilə bir bədəndə ölür, digər bir bədəndə yenidən dirilirik) və bizi yalnız zamanın keçməsi öldürür (mələklər zamanın keçməsi ilə ruhları bir bədəndən digərinə keçirirlər və arada başlanğıc söhbəti yoxdur)». Onların bu iddiaya bir (dair) bilikləri yoxdur. Onlar yalnız güman edirlər”. (“Casiyə” 24). b). Elmi küfr. Elmi küfr odur ki, elmi cəhalət adı altında gizlədəsən. İnsan bilir ki, bu həqiqətdir, ancaq təəssübküşliyi üzündən deyir ki, həqiqət deyildir. “Və ona (möcüzələrimizə) daxilən yəqinlikləri olsa da, zülm və təkəbbür üzündən inkar etdilər. Bir gör, fitnə-fəsad törədənlərin aqibəti necə oldu!”. (“Nəml” 14). c). Nemətə küfr etmək. Nemətə küfr odur ki, kiminisə yaxşılığını, ehsanını danışıq və ya rəftarla inkar etmək. “Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir qədər elmi olan birisi dedi: «Mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə, sənin yanına gətirərəm». Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü, dedi: «Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük)? Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir»”. (“Nəml” 40). d). Günah küfrü. Günah küfrü odur ki, itaət etməli olan şəxs, rəhbərinə itaətsizlik edər. Sanki rəhbərin əmrini gizlədər və görməməzliyə vurar. Bu səbəbdən ona kafir deyirlər. “Deməli siz kitabın (Tövratın hökmlərinin) bir hissəsinə iman gətirib, digər bir hissəsinə kafir olursunuz?! (Müharibə etmək və qovub-çıxarmağın haram olmasını rədd, öz dindaşlarınızın azad edilmələrinin vacibliyini isə qəbul edirsiniz?!) Buna görə də, sizdən belə iş görənlərin cəzası dünyada xarlıq və zillətdən başqa bir şey deyildir. Qiyamət günü isə (onlar) ən şiddətli bir əzaba tərəf qaytarılacaqlar. Allah, etdiklərinizdən xəbərsiz deyildir”. (“Bəqərə” 85). Allah Təala bizləri iman əhlindən qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|