Vaxtımızı neçə hissəyə bölək?
Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbazər! Aqil insan gecə-gündüzünü dörd hissəyə bölə bilər. Vaxtının bir hissəsində dua etsin, vaxtının bir hissəsini əməllərini mühasibə etsin, vaxtının bir hissəsini Allahın xəlq etdikləri haqqında düşünsün, vaxtının bir hissəsini isə nəfəsini halalla bəhrələndirsin ki, bu vaxt o biri üç vaxtın kömək və yardımçısıdır”.
Həzrət (s) bizə buyurur ki, vaxtımızı dörd hissəyə bölək. 1. Dua və münacat üçün vaxt ayıraq. Yəni, vacibatlarımızı və ibadətlərimizi yerinə yetirmək üçün müəyyən vaxt ayıraq. Onları əvvəli vaxtında yerinə yetirməyə çalışaq. 2. Nəfsimizi mühasibə etmək üçün vaxt ayıraq. Düşünüb görək ki, hər gün iman və əxlaqın hansı mərhələsində olmuşuq. Bu ticarətdə mənfəət qazanmışıq, yoxsa ziyana uğramışıq. Hər bir insan gecə yatmamışdan qabaq həmin gündə etdiyi əməlləri gözünün önünə gətirib, onları mühasibə etsə, zəif nöqtələrini görər və onları aradan qaldırmağa çalışar. 3. Təfəkkür üçün də vaxt ayırın. Bəs nə haqda təfəkkür edək? İnsan o şeylər haqqında düşünməlidir ki, onda şükür hissini artırsın. Yəni, Allahın verdiyi nemətlər haqqında düşünsün. Ən böyük nemətlər olan iman, İslam, Əhli-beyt (ə) vilayəti, sağlamlıq, itaət tofiqi, elm haqqında düşünsün. Bütün bunlar Allahın bizə verdiyi böyük nemətlərdir. O zaman ki, insan bütün bunlara malik olar, onların qədrini bilməz. Ancaq o zaman ki, onlardan birini itirər, bu zaman qədrini başa düşər. Bu cür təfəkkür hətta bir illik ibadətdən belə üstündür. Ola bilsin ki, təfəkkür insanın taleyini dəyişsin. Ən yaxşı nümunə Hürrün nümunəsidir. 4. İnsan dəmirdən deyildir, ruhu və canı vardır. Cismi yorula bilir. Cisminin istirahətə ehtiyacı olduğu kimi, ruhunun da sağlam gəzintiyə ehtiyacı vardır. Sağlam gəzinti maşının təkərlərini yağlamağa bənzəyir. Bu maşın bir saat dayanar və istirahət edərsə, daha çox güclə işləyə biləcəkdir. Ancaq mühüm budur ki, bu gəzinti sağlam olsun. Əziz Peyğəmbərimizin (s) buyurduğu kimi, sağlam gəzintinin o biri üç əmələ yardımı çox olar. (Deyerler.org) Oxşar xəbərlər
|