Mömini əziz tutan – Allahı əziz tutmuşdur. Mömini təhqir edən - Allaha qarşı qiyam etmişdir
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurmuşdur: Hər kim Mənim dostlarımdan birini təhqir edərsə, Mənimlə mübarizəyə qalxmış deməkdir”.
İmam Sadiqdən (ə) nəql edilir ki, buyurub: “Hər kim mömini alçaldar və həqir edər, Allah Təala onu alçaltmaqdan və onunla düşmənçilikdən qalmaz”. Ona görə də hər bir aqil insana vacibdir ki, bu mənanı dərk etsin və heç bir Allah bəndəsini təhqir etməyə qalxmasın. Çünki bu əməl onu həm dünyada və həm də axirətdə rüsvay edər. Möminlərə ehtiram göstərmək və hörmət etmək ən şərəfli və fəzilətli əməllərdəndir. Hədislərin birində deyilir ki, Allah Təala buyurub: “Hər kim Mənim mömin bəndəmə hörmət edər, Mənim qəzəbimdən amanda olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimdə elə bir bəndə yoxdur ki, mömin qardaşına yaxşılıq etsin, Allah onun üçün behiştdə xidmətçi təyin etməsin”. İmam Sadiq (ə) buyurur: “Hər kim zilləti mömin qardaşının üzərindən götürər, Allah onun üçün on həsənə yazar. Hər kim mömin qardaşına təbəssüm edərsə, Allah onun üçün həsənə müəyyən edər” Həzrət (ə) buyurur: “Hər kim müsəlman qardaşının yanına gələr və onu əziz tutarsa, Allah Təalanı əziz tutmuşdur”. Həmçinin buyurur: “Hər kim mömin qardaşını tərifləyərsə, Allah Təala Qiyamət gününə qədər onun üçün tərif yazar”. Bir gün İmam Sadiq (ə) İshaq ibni Əmmara buyurur: “Ey İshaq! Mənim dostlarıma hər nə qədər bacarırsan, yaxşılıq et. Hər mömin o biri möminə ehsan edərsə, şeytanın üzünü cırmaqlayar və qəlbini yaralayar”. İnsan hansı nəzərlə başqalarına baxarsa, başqaları da ona həmin nəzərlə baxarlar. Hər kim nə əkərsə, onu da biçər. Cavanlar ağsaqqallara ehtiram etməlidir. Onlara ehtiram göstərmək cavanlara vacib və zəruridir. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim böyüklərin yaşının çox olmasına görə onlara ehtiram edərsə, Allah Təala onu Qiyamət gününün qorxusundan amanda saxlayar”. İmam Sadiq (ə) buyurur: “Qocaları böyük saymaq, onlara ehtiram göstərmək - Allaha ehtiram göstərməkdir”. Həmçinin buyurur: “Bizdən deyildir o kəs ki, qocalarımıza hörmət etməz. Uşaqlarımıza rəhm etməz”. Ehtiram göstərməli olduğumuz insanlardan biri də seyyidlərdir. Onları sevmək və onlara hörmət etmək - risalətin əcridir. Peyğəmbər (s) buyurur: “Mənim şəfaətim o kəs üçün ki, mənim zümrəmə əli ilə, dili ilə və ya malı ilə inayət edər, sabit olmuşdur”. Həmçinin buyurur: “Qiyamət günü dörd nəfəri şəfaət edəcəyəm, baxmayaraq ki, dünya əhlinin bütün günahını gətirsə belə. 1. O kəs ki, mənim zümrəmə hörmət edər. 2. Onların hacətini yerinə yetirər. 3. Onlar giriftar olan zaman onlar üçün çalışar. 4. O kəs ki, qəlb və dili ilə onlara məhəbbət bəsləyər və dostluq edər”. (Deyerler.org) Oxşar xəbərlər
|