Nə üçün bəzi övladlar öz valideynlərinə qarşı çıxırlar?
Ailə - məhəbbət, səfa-səmimiyyət ocağıdır. Elə bir ocaq ki, ailə üzvləri evdən xaricdə olan fəaliyyət, iş-güc, təhsil, tədris və s. kimi işlərdə yaranan narahatlıqları, yorğunluqları bu ailədə insani və islami rəftarlar ilə aradan qaldırır, yenidən lazımi qüvvə və ruh yüksəkliyi ilə müxtəlif fərdi və ictimai fəaliyyətlərə başlayaraq təkamül və inkişaf yolunda öz vəzifələrini yerinə yetirirlər.
Əgər ailələrin talelərindən, onların yaşayış tərzindən az-çox soraqlaşsaq və lazımi məlumatlar əldə etsək, görəcəyik ki, hər bir ailə özünəməxsus ixtilaf odunda yanır və özlərinin nəzərində lazımi, ideal həyat tərzinə malik deyillər. Çox ailələr vardır ki, küskünlüklə, ədavətlə yaşayaraq həyatı cəhənnəm həyatına çevirirlər. Bu fəsildə lazım görürük ki, övladlarla ata-analar arasında yaranan ixtilafları qısa şəkildə araşdırıb onların köklərini tapaq, daha sonra bu amillərlə mübarizə yollarını, ideal, səfa-səmimiyyətlə dolu olan həyata, kamala çatmaq yollarını əziz oxuculara təqdim edək. Çünki fəsad və ixtilafın amilləri ilə mübarizə aparmaq onun nəticələri ilə mübarizə aparmaqdan qat-qat asandır. 1. Ata-anaların övladları ilə dürüst olmayan davranışları Doğru-düzgün rəftarları onların təlim-tərbiyə və təkamülündə əsaslı rol oynayır. Övladların təbii istəklərinə diqqət yetrilməsi, atanın övladına qarşı məhəbbəti, övladlara verilən əhd-peyman, əmanətdarlıq və düzgünlük, bütün bunlar övladların ruhi yönlərində daha çox təsirlidir. Müqəddəs İslam dini övladların hüquqları və onlarla rəftar tərzi haqqında çoxlu şeylər tövsiyə etmişdir ki, onlara əməl edilməsi hər bir ailənin səadətinə zəmanət verir. Din göstəriş verir ki, valideyn də öz övladına ehtiram qoysun, övladların uşaqlıq dövründə onlarla oynasın, pis və nalayiq sözlər danışmaqdan çəkinsin. Öz uşaqları ilə elə sıx ünsiyyətdə olmalıdır ki, onların özləri ata-anaya aşiq olsun. Valideynlər öz övladları ilə o qədər məhəbbətlə rəftar etməlidirlər ki, saleh insanlar kimi böyüsünlər. İmam Sadiq (ə) cəddi Peyğəmbərdən (s) belə nəql etmişdir: " Allahın rəhməti o övladlara olsun ki, yaxşılıq etməkdə ataları onlara kömək etsin. Allahın rəhməti o valideynlərə olsun ki, övladları onlara qarşı yaxşı işlər görməyə kömək etsinlər". Yəni ata və oğul bir-biri ilə o qədər mehriban və səmimi olmalıdırlar ki, heç vaxt bir-birinin barəsində rəva görülməyən, İslamın ziddinə olan rəftara və əmələ yol verməsinlər. Peyğəmbər (s) Əmirəl-möminin Əli ibn Əbu Talibə (ə), ata-anaların öz övladları ilə müxtəlif rəftarları barəsində buyurur: "Ya Əli, Allah lənət etsin o valideynlərə ki, (öz övladlarını elə tərbiyə edir, onlarla elə rəftar edirlər ki,) övladlarını ağ valideyn olmağa vadar edirlər, onların övladları naxələf və bədəməl olurlar; Allahın rəhməti o valideynlərə olsun ki, öz övladları ilə gözəl rəftar edir, onları saleh insanlar kimi yetirirlər." 2. Vlideynlərin bir-biri ilə ixtilafı Ər-arvadın bir-biri ilə qarşılıqlı rəftarı övladlarının təfəkkürünün formalaşmasında çox təsir qoyur, onların hərəkət tərzini təyin edir. Çünki ailə mühiti ilk və ən təsirli mühitdir ki, övladlar orada göz açır, ata-ananın adətini, rəftarını götürür, həyatda, öz davranışlarında onları təqlid edirlər. Adətən, uşaqlar uşaqlığın ilk çağlarında öyrəndikləri, ələ gətirdikləri şeylər mehvərində hərəkət edirlər. Bu cəhətdən İslam dini ailə ocağında müxtəlif şərtlər qoymuşdur ki, bu şərtlərin pozulması övladların inhirafa yuvarlanmalarına səbəb olacaqdır. Ata və ananın bir-biri ilə yola getməməsi övladın pak ruhunu incidərək onları ailə mühitinə etinasız, rəğbətsiz edir, onların isti ailə ocağından qaçmasına səbəb olur, ata-anaya qarşı bədbin olmalarına gətirib çıxarır. Ata-ana bir-biri ilə nə qədər çox münaqişədə, dava-dalaşda olub, Allah eləməmiş, nalayiq sözlər danışsalar, bəzən kötəkləyib, söyüş söysələr, həmin qədər də uşaqları üsyankar olmağa, bəd əməllər görməyə cürətli edəcək, övladların valideynə qarşı hörmətsiz yanaşıb kobud rəftar etməsinə səbəb olacaq və onların üsyankar olmalarını aşkar edəcəkdir. Övlad öz valideyninə qarşı kobud rəftar etməyə cürət taparsa, onun naxələf bir övlad olması qəti bir məsələdir. İmam Həsən Əskəri (ə) buyurur: “Övladın uşaqlıqda ataya qarşı etdiyi kobudluq və hörmətsizlik böyüyəndə onun üzünə durmasına səbəb olur .” Ümumiyyətlə, əgər uşaqlar ata-ananın düzgün olmayan rəftarları səbəbi ilə hörmətsizlik etməyə cürət tapırlarsa, ata-ananın ehtiram dairəsi və müqəddəsliyi pozulur. Bu cəhətdən məlum olur ki, evdə ailə hüquqlarının icra olunması, qanunların qorunması, ailə üzvlərinin, hətta qadınların ailə başçısına (ataya) qarşı son dərəcə ehtiramı müəyyən qədər də olsa, ailədəki nizam-intizamı qoruyacaq. Çünki əgər qadınlar öz ərlərinə ehtiram qoyub şəxsiyyətlərini təhqir etməsələr, ərin himayə və məhəbbətindən faydalanmaqdan əlavə, əməldə də öz uşaqlarını ataya qarşı ehtiram göstərmətə , onun şəxsiyətini qorumağa sövq edəcək. Belə olan halda çox az ailələrdə narazılıq yarana bilər. İmam Sadiqdən (ə) nəql olunub ki, Allahın Rəsulu (s) belə buyurmuşdur: “Əgər hər hansı bir insanın (Allahdan) başqası qarşısında səcdə etmək caiz olsaydı, əmr edərdim ki, qadınlar ərlərinin müqabilində səcdə etsinlər.” Bu hədis qadının öz ərinə itaət etməsinin nə dərəcədə vacib olmasını çatdırır və göstərir ki, gərək o, ərinin müqabilində hər cür inadkarlıqdan və uzundillilikdən çəkinsin, ailədə ərinin ehtiramını və əzəmətini pozmasın. Həmçinin, İslam dini övladlara əmr edib buyurur ki, öz ata-ananızın müqabilində təvazökarlıq edin, onlara qarşı heç bir ehtiramı əsirgəməyin. Həzrət Əmirəl-möminin Əli (ə) bu barədə buyurur: Əvvəldə izah etdiyimiz kimi, bu hədis bizə anladır ki, atanın bir yerdə daxil olduğu zaman ona ehtiram əlaməti olaraq həmişə ayağa qalxaq. Başqa şəxslərə ehtiram əlaməti olaraq onların ayağına durmaq haqqında çoxlu rəvayətlərdə nəql olunmasına baxmayaraq, atalıq məqamına hörmətlə yanaşmaq, onun şəxsiyyətinə təzim etmək üçün Mövla Əmirəl-möminin Əlinin (ə) nəzərində bu iş lazımdır. Onu görməməzliyə vurmaq, ataya ehtiram göstərməmək Allah-taala tərəfindən layiqli cəzaya səbəb olar. Burada bir hekayəni diqqətinizə çatdırırıq. Həzrət Yusif (ə) böyük ilahi peyğəmbərlərdəndir ki, onun adına Quranda bir surə nazil olmuşdur. O Həzrət (ə) Allahın dərgahına o qədər yaxındır ki, müxtəlif yerlərdə ilahi lütfə layiq görülmüşdür. O, qüdrətə, səltənət məqamına çatdıqda, Misirin qıtlıq baş vermiş əhalisinə və ətraf məntəqələrdə olan insanları həlak olmaqdan qurtardı. Atası Həzrət Yəqub (ə) yola düşdü ki, itmiş və müsibətlər görmüş oğlu ilə görüşsün. Yusif (ə) bu xəbəri eşidəndə atasına ehtiram əlaməti olaraq şəhərdən kənara çıxdı, atasının görüşünə tələsdi. Bir-birinə çatanda Yusif (ə) ata minmişdi, amma özünün malik olduğu siyasi mövqeyi əldən verməmək üçün atdan yerə enmədi, ataya qarşı ehtiramı kamal həddinə çatdırmadı. Bu zaman Cəbrail nazil olub bu tərki-övlanı məzəmmət etdi. Yusifə dedi: Allah buyurur ki, nə üçün bizim saleh bəndəmiz atan Yəqubun müqabilində atdan yerə enmədin? Öz əlini aç! Həzrət Yusif əlini açanda barmaqlarının arasından bir nur xaric oldu. Yusif onun nə olduğunu soruşduqda, Cəbrail dedi ki, bu peyğəmbərlik nurudur ki, sənin nəslindən xaric oldu. Sənin övladlarından heç biri peyğəmbər olmayacaqdır, çünki atan qarşısında atdan yerə enmədin. Şübhəsiz, ilahi peyğəmbərlər məsum olmuş, heç bir günaha bulaşmamışlar, yalnız bəzi hallarda onların bəzilərindən tərki-övla müşahidə edilmişdir. Bu tarixi hadisədən aydın olur ki, valideynin xüsusilə atanın hüquqları qarşısında azacıq belə etinasızlıq və hörmətsizlik öz ardınca uyğun cəzanı gətirir. 3. Valideynin öz valideyni ilə rəftarı Övladlar ailədə öz valideynlərinin sanki güzgüdəki inikasıdır. Onların rəftar və danışıqlarına, əməllərinə daim diqqət yetirirlər. Övladın valideyninin öz ata-anası (övladın baba və nənəsi) ilə etdiyi yaramaz, nalayiq və xoşagəlməz rəftarı övladlarda mənfi təsir qoyacaq, övladların da onların özlərinə qarşı xoşagəlməz reaksiya vermələrinə şərait yaradacaqdır. Əksinə, əgər ata-ana öz valideynlərinin hüquqlarına riayət edərək omlara ehtiram qoysalar, onlara xidmət etməkdə səhlənkarlıq və etinasızlıq etməsələr, övladlarının həssas nəzərləri müqabilində öz valideynləri ilə yaxşı və gözəl tərzdə rəftar etsələr, şübhəsiz ki, onların övladları da bu gözəl yolu özlərinə nümunə götürüb öz ata-analarının hüquqlarına ehtiram qoyacaqlar. İmam Sadiq (ə) buyurur: “Öz ata və babalarınıza yaxşılıq edin və onlara qarşı xoş rəftar olun ki, sizin övladlarınız da sizə qarşı yaxşı rəftar etsinlər.” Mövla İmam Əli (ə) buyurur: “Hər kəs öz ata-anasına yaxşılıq etsə, övladı da ona yaxşılıq edər.” Belə bir sual yarana bilər ki, hamının valideyni hali-həyatda deyil ki, nəvələrin diqqət mərkəzində olsunlar, öz valideylərinin babalarına qarşı rəftarlarını görüb ibrət götürsünlər. Bu sualın cavabı aydındır: məgər ata-anaya yaxşılıq və ehsan onların həyatda olduqları vaxtlara aiddirmi? Əksinə, ata-ananın vəfatından sonra da onların barəsində ehsan işləri davam etməlidir. Bu iş Müqəddəs İslam şəriətində çoxlu tövsiyə edilərək ən yaxşı əməllərdən sayılır. Allahın Rəsulu (s) buyurur: “Qiyamət günü yaxşı şəxslərin ağası, sərvəri o kəsdir ki, öz valideynlərinə, onların vəfatından sonra da ehsan etmiş olsun və onları unutmasın.” İmam Məhəmməd Baqir (ə) buyurur: “Camaatdan bəziləri valideynlərinin həyatda olduğu zaman onlara yaxşılıq edir, amma ata-anaları vəfat etdikdən sonra onları unudurlar: onların borclarını vermir, onların barəsində istiğfar etmirlər. Allah bu cür övladları valideynin üzünə ağ olan övlad hesab edir.” İmam Məhəmməd Baqirdən (ə) nəql olunan başqa bir hədisdə atanın zəhmətlərinin əvəzi onun vəfatından sonra borclarını qaytarmaq kimi bəyan olunmuşdur. İmamdan (ə) soruşurlar: “Övlad atanın zəhmət və xidmətləri qarşısında öz borcunu yerinə yetirə bilərmi? Həzrət buyurur ki, yalnız iki əməllə bu borcu ödəyə bilər: 1. Əgər ata kiminsə qulu olmuş olarsa, övlad onu alıb azad etsin; 2. Atanın borclarını ödəsin.” Nəticə alırıq ki, ailədə valideynin öz valideyninə yaxşılıq etməsi (həm həyatda olduğu vaxtlarda, həm də vəfat etdikdən sonra) övladlar üçün son dərəcədə təsirli olub atifələri, ülvi duyğuları cəlb etməkdə, onlarda ehsan etmə xüsusiyyətini oyatmaqla daha təsirlidir. 4. Mühitə hakim olan mədəniyyət Ailəyə hakim olan mədəniyyəti, dini məsələlərə etiqadı və dostların övladlar üzərində qoyduğu təsiri unutmamalıyıq. Dindar ailədə doğulan, islami qanunlar əsasında böyüyüb boya-başa çatan, valideynin hüququna riayət edən, onlara qarşı yaxşılıq etmək adət-ənənələri, ehsan və ədəb qaydaları vəhy mənbəyindən təlqin edilən ailələrdə doğulan övladlar, şübhəsiz, heç bir problem, çətinlik olmadan öz valideynlərinə canla-başla xidmət edir. O, bu cür fədakarlıqlar zamanı dini göstərişlərdən ilham alır, həm də bunu kamalın, tərəqqinin amili kimi bilir, ata-ananın asayişini, səadətini, razılığını özündən irəli bilirlər. Bunun müqabilində dindar olmayan, dini əsaslara etiqad bəsləməyən şəxslər tamamilə mühitin təsiri altına düşərək öz pak fitrətlərini insan sifətində olan şeytanların mənfur niyyətlərinə hədəf edirlər, valideynlərin üzücü, ağır fədakarlıqları qarşısında təşəkkür ruhiyyəsi onların təfəkküründə heç bir məna və məfhum daşımır. Bu cür insanlar əsl insaniyyətdən uzaqlaşmışlar, öz ata-anaları ilə anormal tərzdə rəftar edib onlara əzab-əziyyət verirlər, tam daşürəkliliklə onların zəifliyinə və qocalığına rəhm etmirlər, ev mühitini, ailəni ata-anaları üçün ürəksıxıcı və dar bir zindana çevirir, dözülməz bir şəraitə gətirib çıxarırlar. Din rəhbərlərimiz bizi sağlam olmayan mədəniyyətlərə uymaqdan, insaniyyətdən uzaq olan insanlarla dostluq etməkdən çəkindirmiş, onlarla ünsiyyətdə olmağı ziyanlı hesab etmişlər. Əli (ə) bu qəbildən olan insanların vurduğu ziyan və zərərləri belə bəyan edir: “Nasaleh və nalayiq adamlarla yoldaşlıqdan çəkinin, çünki onlarla yoldaşlıq fəsada səbəb olar, onlarla eyni xasiyyətdə olmağa gətirib çıxarar.” İslam Peyğəmbəri (s) buyurur:“ (Mühitin və dostların təsiri o qədər çoxdur ki,) adətən insanlar dost və yoldaşlarının dininə tərəf cəzb olunurlar.” Ola bilsin ki, bir övlad dindar bir ailədə böyüsün, amma ata-ananın azacıq qəfləti üzündən başqa şəxslər onların dini rolunu zərərsizləşdirsin. Çünki müəllim, tərbiyəçi, ictimai mühit, oynamaq, müxtəlif yoldaşlar, televiziya kino filmləri, ölkə səviyyəsində aparılan təbliğatlar... bütün bunlar övladların tərbiyəsində əsaslı rol oynayır, bəzən bu amillər o qədər güclü olur ki, hətta irsiyyət qanunu, ailə mühiti və valideynin düzgün tərbiyə metodlarının da təsirini aradan aparır. Həzrət Əli (ə) buyurur: “Camaat (təqlid etməkdə, itaətdə, xasiyyət götürməkdə) öz ata-babalarından daha çox öz padşahlarına oxşayırlar.” Bildiyimiz kimi uşaqlar mahnıya, şüara, teatra, filmə, dastana, uşaq veriliş və proqramlarına daha çox həvəs göstərirlər və elə bu proqramların möhtəvası və quruluşu bir ölkənin mədəniyyətinin göstəricisidir. Uşaqlar və yeniyetmələr cəmiyyəti, fikir, düşüncə, adət-ənənə nöqteyi nəzərindən qururlar. Bu proqramlar nə qədər qurucu olsalar, bir o qədər övladlarda, yeniyetmələrdə müsbət təsirə malik olacaqdır. Habelə, bu proqramların qeyri-münasib olması narkotik maddələrə adət etməkdən daha zərərlidir. Bu fəslin axırında təbərrük kimi Qurani-məciddən bir ayəni sözümüzə şahid gətiririk: “Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs(in zəlaləti) sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz). Hamınızın qayıdışı Allaha tərəfdir. Beləliklə, O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir.” Bu ayə təqlidçiliyin, kiminsə mədəniyyətini qəbul etməyin və hər növ yanlış təsirləri məhkum edərək buyurur ki, müsəlman milləti o qədər ayıq və sağlam olmalıdır ki, İslamın əleyhinə yönəldilən xain və zəhərli təbliğatlar və hiylələr azacıq da belə onların ruhiyyəsinə təsir qoymasın. (İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI) Hacı Rasim Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|