Ən xoşbəxt və ən bədbəxt insan
Görəsən mübarək dinimizin nəzərində ən xoşbəxt və ən bədbəxt insan kimdir? İmam Əli (ə) buyurur: “Dünyada ən xoşbəxt insan o kəsdir ki, onun üçün ziyan olan şeylərdən uzaq olar.
Ən bədbəxt insan o kəsdir ki, nəfsani istəklərinin ardınca gedər”. Bəs Qiyamət günü ən peşman insan kim olacaq? İmam Sadiq (ə) buyurur: “Qiyamət günü ən peşman olan şəxs o kəsdir ki, insanlara ədalətdən danışar, ancaq özü başqalarına ədaləti rəva bilməz”. Xoşbəxt insanlara xas olan izzət hissi nədədir? Dinimiz bəlli edir ki, elm və kamal – izzətdir. Əmirəl-möminin (ə) buyurur: “Ən əziz izzət – elm və kamaldır. Çünki məadı tanımaq və insanın ruzisini təmin etməsi onun vasitəsilə həyata keçər”. İslamın nəzərində Allahın dostları və ya şeytanın dostları olmağın meyarı nədir? Dinimiz çatdırır ki, ölümə və arzulara münasibət bu dostluğun xasiyyətini müəyyən edər. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman kimsə Allaha dostluğa və xoşbəxtliyə layiq olar – ölüm gözlərinin önünə gələr və arzuları başının arxasına keçər. Nə zaman kimsə şeytana dost olmağa və bədbəxt olmağa layiq olar – arzu gözünün önündə və ölüm başının arxasında qərar tutar”. (Avini) Həzrət İmam Sadiqdən (ə) nəql edilən hədisdə isə ölümü yada salmağın insan üçün faydaların aişarə edilmişdir. İmam (ə) buyurur: “Ölümü yada salmaq – nəfsin istəklərini öldürər, qəflət cücərtilərinin kökünü kəsər, qəlbə Allah vədəsi ilə güc verər, həvəs bayraqlarını sındırar, hərislik atəşini söndürər və dünyanı nəzərində kiçik edər”. Mübarək dinimiz bizə həm dünyası və axirəti sağlam qalan insanlardan olmaq üçün nələrə riayət etməyi öyrədir. İmam Əli (ə) buyurur: “Hər kimdə (bu) üç sifət olarsa, dünya və axirəti sağlam qalar: 1. Yaxşılığa əmr edər və özü də ona əməl edər. 2. Çirkin işlərdən çəkindirər və özü də çəkinər. 3. İlahi hədləri qoruyar”. Digər hədisdə behişt əhlinin dörd nişanəsi göstərilib. İmam Sadiq (ə) buyurur: “Behişt əhlinin dörd nişanəsi vardır: 1. Gülərüzlülük. 2. Mülayim dil. 3. Mehriban qəlb. 4. Verən əl”. Allah Təala bizlərə bu mübarək xüsusiyyətlərə sahib olmağı nəsib etsin. /Deyerler.org/ Oxşar xəbərlər
|