HƏR ŞEYİN HESABI VAR!
Mьəllif: admin1
Tarix: 26-03-2018, 21:25
HƏR ŞEYİN HESABI VAR!
Qiyamətdə hesab dinimizin zəruri və danılmaz məsələlərindən biridir. Buna görə də, qiyamətin adlarından biri də “hesab günü”dür. (“Peyami-Quran” kitabında (5-ci cild) qiyamət üçün yetmiş ad qeyd edilmişdir.)

Ayə və rəvayətlərdən başa düşüldüyü kimi, qiyamətdə hesab-kitab olduğu kimi, bu dünyada da hesab-kitab vardır. Böyük aləmə (yaradılış aləminə) dəqiq hesab-kitab, nizam-intizam hakim olduğu kimi, kiçik aləmə (insan bədəninə) də hakimdir.

Öz yaradılışı haqda düşünən insan vücudundakı hesab-kitab və nizam-intizamın dəqiq və incəliyini dərk edəcəkdir. İnsanın orqanizmi iyirmidən çox ünsürdən təşkil olunmuş və metallarla doludur; dəmir, kalsium, oksigen, yod, hidrogen və sairə insan orqanizminin tərkib hissələridir!

Bütün bunlar müəyyən hesab üzündəndir və azalıb-çoxaldıqda, insan xəstələnir. Demək, xəstəliklər orqanizmə hakim hesabın pozulmasının nəticəsidir.

İnsan orqanizminin kimyəvi tərkibləri xüsusi nizama malik olduğu kimi, fiziki hərəkətləri də hesab üzündəndir.

Misal üçün, gün ərzində oyaq və yuxu halında, yeridiyi və yaxud qaçdığı halda hər yaş həddinin sağlam qəlbinin neçə dəfə döyünməsi də hesab üzündəndir!

Nəbz döyüntüsü elə bir hesaba əsaslanır ki, qədim təbiblər yalnız onun vasitəsilə xəstəlikləri ayırd edirdilər. Təbiblərdən biri deyirdi: “Xəstəliyi xəstənin gözündən ayırd edə bilirəm. Göz bütün xəstəliklərin aynasıdır!”

Bütün bunlar yaradılış aləminə hakim hesab və nizam-intizamın nişanəsidir. Əgər buna inanırıqsa, təbiət kimi, şəriətə də xüsusi nizamın hakim olduğunu qəbul etməliyik.

İmam Əli (ə) necə də gözəl buyurmuşdur:

جَعَلَ اللَّهُ لِكُلِّ عَمَلٍ ثَواباً وَ لِكُلِّ شَىْ‏ءٍ حِساباً؛

“Allah-Taala hər yaxşı əmələ savab və hər bir şeyə hesab təyin etmişdir.” (“Qurərul-hikəm”, hədis 4779.)

Bilməliyik ki, böyük və kiçik hadisələr səbəbsiz deyil. Bəzən, onların səbəblərini başa düşmürük. Amma hər bir hadisənin səbəbini anlayan və ondan ibrət alan şəxs müvəffəqdir.

Mərhum Əllamə Məclisi “Biharul-ənvar” kitabında belə nəql edir: “İmam Əliyə (ə) xəbər verdilər ki, dostlarınızdan birini ilan çalmış və buna görə çox narahatdır.

Həzrət buyurdu: “Onu evinə aparın, hələ bu tezliklə sağalmayacaq. O, pis bir əməlinin cəzasını çəkir.” Həmin şəxs iki aydan sonra sağaldı və İmamın (ə) hüzuruna gəlib onun səbəbini soruşdu. Həzrət buyurdu: “Sən fılan zülmkar hakimin yanına getmişdin. O zaman Qənbər içəri daxil oldu və sən ona ehtiram olaraq ayağa qalxdın.

Hakim səndən: “Nə üçün onun ayağına qalxdın?” – deyə soruşduqda, belə cavab verdin: “Məgər Qənbəri tanımırsınız?! O, elə bir kəsdir ki, mələklər öz qanadlarını onun yolu üstə sərirlər.”

Hakim əsəbləşib Qənbəri cəzalandırır. Qənbərin əziyyətinə səbəb olan sənin yersiz tərifinə görə, ilan səni çaldı!”” (“Biharul-ənvar”, 26-cı cild, səh.237.)

Əgər hesablar bu qədər dəqiqdirsə, əməllərimizdə daha çox diqqətli olmalı və bu qanuna əsasən, uğursuzluğumuz, ibadətdə halsız olmağımız, başımıza gələn ağır hadisələr və çətinliklərin səbəblərini arayıb-axtarmalıyıq! (“İmam Əlidən (ə) 110 ibrət dərsi”, Ayətullah Məkarim Şirazi, 107-ci dərs.)


(Maide.Az)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930