İnsan niyə axirət dünyasını dərk edə bilmir?
Əvvəlcə bunu qeyd etmək lazımdır ki, axirət dünyasını nə genişlik mənasında və nə də davamlı olmaq mənasında dünya ilə müqayisə edə bilmərik.
Genişlik mənasına işarə edən ayədə oxuyuruq: “Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış cənnətə doğru tələsin”. (“Ali-İmran” 133). Mərhum Əllamə Təbatəbai buyurur: “Behiştin ölçüsü deyilən zaman onun uzunluğu nəzərdə tutulmur, bəlkə genişliyi nəzərdə tutulur. Bu metafordur, yəni dərəcəsi uca olan bir məkana edilən işarədir. Bəşər xəyalı onu ölçüb-biçə bilməz. Onun üçün xüsusi hədd təsəvvür edə bilməz”. Biz axirət haqqında ancaq Qurandan və hədislərdən xəbərlər eşitmişik. Ona görə də onu dərk etmək bizim üçün asan deyildir. Ancaq bunu qəbul edə bilərik ki, bu cahan məhdud bir yerdir və fanidir. Allah Təala Quranda buyurur: “Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, axirət evi – əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər”. (“Ənkəbut” 64). Bu dünya məhdud olduğu üçün onun hərflərini və sözlərini dərk etmək bizim üçün asandır. Ancaq biz həddi və hüdudu olmayan bir aləmin heç bir hərfi ilə tanış deyilik. Yəni, onun əlifbasından məhrumuq. Ona görə də onu dərk etməkdən də məhrumuq. Aydındır ki, bir şeylə tanış olan zaman ilk olaraq onun əlifbasından başlayarlar. Ancaq bizim əlimizdə axirətin əlifbası yoxdur, biz də onu dərk edə bilmirik. Qısa sözlə desək, axirət dünyası bu qədər genişliyi və naməhdud olması ilə gələcəkdə bizim üçün aydın olacaqdır, bu dünyada olan zaman deyil. İnsan zaman və məkana məhkum olmuş bir varlıqdır. Ona görə də qeybi dərk edə bilməz. Onun dərki ancaq zaman və məkan səviyyəsində mümkünlüdür ki, axirət də bu məhdudluğa sığışmır. Ona görə biz hər nə qədər Quranda və hədislərdə cənnət və cəhənnəm haqqında oxusaq da, onu görməmiş lazımlı dərkə malik ola bilmərik. Çünki insan dərki bu dünyaya uyğun olaraq məhdud yaradılmışdır. Elə ki, bu dünyanı tərk edər, sanki zindandan çıxmış əsirə bənzəyər ki, azadlığın dadını duyar. Nə qədər məhdud bir həyatda yaşadığını anlayar və o zaman axirəti dərk edər. /Deyerler.org/ Oxşar xəbərlər
|