FƏLAKƏT VƏ ÇƏTİNLİKLƏR GİRDABINDA
Mьəllif: admin1
Tarix: 3-04-2018, 10:17
FƏLAKƏT VƏ ÇƏTİNLİKLƏR GİRDABINDA
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 214-cü ayəsində buyurur:

أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا یأْتِكُمْ مَثَلُ الَّذِینَ خَلَوْا مِنْ قَبْلِكُمْ مَسَّتْهُمُ الْبَأْسَاءُ وَالضَّرَّاءُ وَزُلْزِلُوا حَتَّى یقُولَ الرَّسُولُ وَالَّذِینَ آمَنُوا مَعَهُ مَتَى نَصْرُ اللَّهِ أَلَا إِنَّ نَصْرَ اللَّهِ قَرِیبٌ

“(Ey möminlər!) Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları (şiddətli) fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta peyğəmbər və iman gətirənlər birlikdə: “Allahın köməyi nə vaxt gələcək?” – demişdilər. Bilin ki, Allahın köməyi (sizə) yaxındır!”

AYƏNİN TƏFSİRİ

Ayədə ilkin müsəlmanların çətinliklərə qarşı dözümü və onlara verilən təsəllidən söz açılır. Belə ki, kafir və müşriklərlə döyüş, sıxıntı və çətinliklər keçmiş ümmətlərin də başına gələn hadisədir. Onlar öz peyğəmbərlərinin rəhbərliyi altında daim müşriklərlə döyüşüb təzyiq və sarsıntılara məruz qalsalar da, müqavimət göstərib dözürdülər. Odur ki, Qurani-Kərimdə sıxıntı və çətinliklərə dözənlər səbir sahibləri kimi təriflənirlər:

...وَالصَّابِرِينَ فِي الْبَأْسَاءِ وَالضَّرَّاءِ وَحِينَ الْبَأْسِ ۗ أُولَٰئِكَ الَّذِينَ صَدَقُوا ۖ وَأُولَٰئِكَ هُمُ الْمُتَّقُونَ...

“Çətinliklər (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı müqavimət göstərib səbir edənlər (imanları, sözləri və əməllərində) doğru olanlardır. Təqvalı olanlar da onlardır!” (“Bəqərə” surəsi, ayə 177.)

Misal çəkilən ayədə keçmiş ümmətlərin mübarizə meydanlarında Allahın düşmənləri ilə döyüşüb əllərindən gələni əsirgəmədikləri, şiddətli təzyiqlər nəticəsində canın boğaza yığıldığı zaman, hətta peyğəmbər və möminlərin nə vaxt qeybi yardımların gələcəyini diləmələri onların hansı sıxıntılara məruz qaldıqları göstərilir.

Bu ayə “Xəndək” müharibəsində hər tərəfdən mühasirəyə alınmış müsəlmanların düşdüyü vəziyyətlə əlaqədar nazil olub. O zaman İslam Peyğəmbəri (s) də səbir və müqaviməti tövsiyə edərək onları qeybi yardımlarla müjdələyir. Şübhəsiz, qələbə səbir və müqavimətdədir. Onu yalnız məqsədi uğrunda səbir edib müqavimət göstərənlər əldə edirlər. Sədi Şirazi demişkən:

صبر و ظفر هر دو دوستان قديمند

كه از اثر صبر نوبت ظفر آيد

“Səbirlə zəfər (qələbə) iki qədim dostdur və səbrin nəticəsi zəfərdir.”

MÜSİBƏT VƏ ÇƏTİNLİKLƏRİN ROLU

Burada belə bir sual yaranır ki, əgər Allah-Taala möminləri düşmənə qalib etməyə qadirdirsə, nə üçün onlar belə təzyiq və çətinliklərlə üzləşməlidirlər?

Əgər Allah-Taala hər şeydən agahdırsa, onları belə sınaqlardan keçirməyə nə ehtiyacı var?

Adətən, ilahi sınaqlar bir sıra məqsədlərə görə həyata keçirilir:

a) İnsanın tanınması, etiqad və itaətin həddi;

b) İstedadların gerçəkləşməsi;

c) Əməlisalehlərin qeyrilərindən seçilməsi;

d) Kafirlər və günahkarlara haqdan sonra bəhanə yeri qalmaması.

1. İnsanların əsl siması yalnız sınaq meydanlarında üzə çıxır. Odur ki, ilahi sınaqlarda bu məqsəd daim ön plana çəkilir.

2. Çox vaxt ilahi sınaqlar insanların istedadlarının üzə çıxması üçündür. Sınaqdan keçməyənlərdə inkişaf və ruhi-psixoloji təkamüldən söz gedə bilməz. Məsələn, həzrət İbrahimin (ə) Allah yolunda oğlunu qurban verməyə hazır olması onun nə böyük iradəyə malik olduğunu göstərir.

3. İmtahan və sınaqsız yaxşı və pis insanı ayırmaq mümkün deyil. Odur ki, həyatda hökmən möminlə münafiq, əməlisalehlə fasiq, yaxşı ilə pis bir-birindən ayrılmalıdır. Qurani-Kərimdə bu“təmhis” (xalis) ibarəsi ilə qeyd edilir:

وَلِیمَحِّصَ اللَّهُ الَّذِینَ آمَنُوا وَیمْحَقَ الْكَافِرِینَ

“(Bu həm də) Allahın iman gətirənləri xalis edib saflaşdırması və kafirləri tədricən məhv etməsi üçündür.” (“Ali-İmran” surəsi, ayə 141.)

İmam Əli (ə) وَاعْلَمُوا أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ... (Bilin ki, mal-dövlətləriniz və övladlarınız fitnədirlər – sınaq vasitələridirlər.) (“Ənfal”/8.) – ayəsinin təfsirində belə buyurur: “Heç biriniz “İlahi, sınaq və imtahanlardan Sənə pənah aparıram!” deməməlidir. Çünki sınanmayan şəxs yoxdur. İnsan gərək (haqq yoldan) azdıran fitnələrdən Allaha pənah aparsın. Nöqsan sifətlərdən pak və uzaq olan Allah buyurur: وَاعْلَمُوا أَنَّمَا أَمْوَالُكُمْ وَأَوْلَادُكُمْ فِتْنَةٌ... (Bilin ki, mal-dövlətləriniz və övladlarınız fitnədirlər.) Allah insanları var-dövlət və övladları ilə imtahana çəkir ki, ruzisinə qəzəblənənlə qismətilə razılaşan bəlli olsun, hərçənd, eyib və nöqsanlardan pak olan Allah onların özündən də çox xəbərdardır. İmtahanlar ona görədir ki, savab və cəzaya layiq əməllər aşkar olsun. Məlum olduğu kimi, bəziləri oğlan uşağını sevib qızdan xoşları gəlmir, bəziləri də var-dövləti xoşlayıb qənaətdən narazıdır.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 93; “Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 6-cı məsəl.)


Tərcümə etdi: Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031