Sehr nədir və necə baş verir?
Mьəllif: admin1
Tarix: 6-04-2018, 21:31
Sehr nədir və necə baş verir?
Qədim dövrlərdə Babil şəhərində sehr elmi özünün ən yüksək zirvəsində idi. Allah Təala iki mələyi insan cildində yer üzərinə göndərir.

Bu mələklər insanlara sehrin ziyanını və batil bir əməl olduğunu bildirməli və insanları sehrdən qorumalı idilər. Ancaq bu mələklər sehirbazların sehrini batil etmək üçün sehri də açıqlamalı olurlar ki, bunun vasitəsilə sehrə qalib gələ bilsinlər.

Bu da səbəb olur ki, bir qrup insan sehrbazların sırasına qoşulsunlar və insanlar üçün yeni narahatlıqlar yaratsınlar. Baxmayaraq ki, bu iki mələk insanlara bunun yeni bir İlahi imtahan olduğunu söyləmişdilər, ancaq onlar qulaq asmadılar.

“Babildə Harut və Marut (adlı) iki mələyə nazil olanları, o iki mələk: “Həqiqətən, biz imtahan vasitəsiyik, (gözlə sehrə girişməklə ) kafir olma!” – deməmişdən heç kəsə öyrətmirdilər.

Amma onlar o iki mələkdən bir şeylər öyrənirdilər ki, onunla ər-arvad arasına ayrılıq salsınlar. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər yetirən deyildilər. Onlar bir şeylər öyrənirdilər ki, onlara zərər yetirirdi, fayda yetirmirdi.

Həqiqətən onlar bilmişdilər ki, bu kimi şeyləri satın alanlar axirətə bir pay aparmayacaqlar. Nə qədər pis bir şeyin müqabilində özlərini satmış oldular, fəqət bilmiş olsaydılar”. (“Bəqərə” surəsi 102).

Yuxarıdakı ayədən göründüyü kimi, bu iki mələk yer üzərinə insanlara təlim vermək üçün göndərilmişdilər. Burada belə bir sual meydana çıxır ki, görəsən mələklər insanlar üçün müəllim ola bilərlərmi?

Bu sualın cavabı elə ayənin özündədir ki, Allah Təala onları insan cildində yerə göndərmişdi. Bu məsələyə “Ənam” surəsinin 9-cu ayəsində də rast gəlmək olur: “Və əgər onu bir mələk etsəydik, yenə onu bir kişi (surətində) edərdik və onları düşdükləri şübhəyə bir daha salmış olardıq”.

Yuxarıdakı ayədən göründüyü kimi, sehrbazlar Allahın izni olmadan heç kimə zərər vura bilməzlər. Bu o mənada deyil ki, cəbr vardır. Xeyr, bu tövhidin üsullarından birinə işarədir.

Yəni, bu dünyada olan bütün qüdrətlər İlahi qüdrətdən bəhrələnir. Hətta alovun yandırmaq qüdrəti, qılıncın kəsmək qüdrəti belə onun əmri ilə olur. Bu belə deyil ki, sehrbaz Allahın iradəsinin əksinə olaraq, yaradılışa təsir göstərsin.

Və bu belə deyil ki, Allahın hökumətini məhdudlaşdıra bilərlər, bunlar bəzi təsirlər və xüsusiyyətlərdir ki, Allah müxtəlif varlıqlarda onu qərarlaşdırmışdır.

Bəziləri ondan yaxşı işlər üçün istifadə edir və bəziləri də sui-istifadə edirlər. Allahın insanlara verdiyi bu azadlıq və ixtiyar onların imtahan olmalarının bir vasitəsidir.

Sehr nədir?

Bunu demək olar ki, sehr çox qədim zamanlardan insanların arasında yayılmışdır. Ancaq onun dəqiq tarixi əlimizdə yoxdur. Sehrə tərif verəsi olsaq, deyə bilərik ki, sehr qeyri-adi əməldir ki, insanlara öz təsirini qoyur. Bəzən gözbağlıca formasında olur, bəzən də psixoloji və xəyali olur.

Sehr lüğətdə iki mənada işlənmişdir;

1. Fırıldaq, hoqqabazlıq və gözbağlıca mənasında.

2. O şey ki, onun amili müəmmalı və məxfi şeydir.

“Sehr” kəlməsi Quranda üç mənada işlənir:

1. Hoqqabazlıq və həqiqəti olmayan xəyallar.

2. Şeytanların xüsusi yolla çağırılması və onlardan kömək istənilməsi.

3. Bəzilərinin batil nəzəri tənqid edilir ki, sehr vasitəsilə nəyinsə mahiyyətini dəyişmək mümkündür. Məsələn insanı onun vasitəsilə heyvana çevirmək olur. Ancaq bu boş xəyaldan başqa bir şey deyildir. Həqiqi deyildir.

Sehr sözü Quranın “Taha”, “Şüəra”, “Yunis”, “Əraf” və başqa surələrində işlənmişdir. Allah Peyğəmbərlərinin sərgüzəştlərində, məsələn, Həzrət Musa, Həzrət İsa, Rəsuli-Əkrəm (s) haqqındakı sərgüzəştlərdən belə nəticəyə gəlmək olur ki, sehr Quranın nəzərincə iki yerə bölünür.

1. O yerdə ki, məqsəd hoqqabazlıq, gözbağlıca və fokusdursa, sehr deyildir. Musanın (ə) zamanında cadugərlər əsalarını sehr vasitəsilə hərəkət etdirərdilər.

“Onların sehri nəticəsində (Musaya) elə gəldi ki, onların çəlikləri və kəndirləri çabalayır”. (“Taha”, 66).

“Adamların gözlərini sehrləyib, onları qorxutdular və böyük bir sehr göstərdilər”. (“Əraf”, 116).

Bu ayələrdən görmək olur ki, sehrin həqiqəti yoxdur, bir şeyə təsir qoya bilmir. Bəlkə, bu sehrbazların fokusudur ki, bu cür özünü göstərir.

2. Quranın bəzi ayələrindən görmək olur ki, bəzi sehrlər həqiqətən təsir qoyur. Belə ki, bəzi ayələrdə deyilir ki, onlar sehr vasitəsilə ərlə arvad arasına ayrılıq salırdılar.

Bəs sehrlər ancaq psixoloji təsir qoyur, yoxsa cismi təsiri də vardır?

Bəziləri bu fikirdədirlər ki, sehrin ancaq psixoloji təsiri vardır. Bunu da qeyd etmək lazımdır ki, bəzi sehirbazlar kimyəvi maddələrdən istifadə edərək, sadəlövh insanları aldadırdılar.

Məsələn, Həzrət Musanın (ə) zamanındakı sehrbazlar haqda oxuyanda görürük ki, bu sehrbazlar öz əsalarının içində kimyəvi maddə gizlədirdilər ki, günəş şüaları düşəndə və ya müəyyən hərarət nəticəsində həmin əsanı hərəkətə gətirərdi. Bu cür “sehrlərə” bizim zamanımızda da rast gəlmək olur.

İslamın nəzərində sehr

İslam fəqihlərin hamısı bu fikirdədirlər ki, sehri öyrənmək, sehrbazlıqla məşğul olmaq haramdır. Bu haqda hədislərimiz vardır və bir neçəsinə müraciət edək.

İmam Əli (ə) buyurur: “O kəs ki, sehr öyrənər, az ya da çox - kafir olmuş deməkdir. Onun Allahla rabirəsi tamamilə kəsilər”.

Ancaq əgər bu üsulları sehrbazların sehrini batil etmək üçün öyrənərsə, problemi yoxdur.

İmam Sadiq (ə) haqda gələn hədisdə deyilir: “Sehrə görə pul alan sehrbazlardan biri İmamın xidmətinə gəlir və deyir: “Mənim sənətim sehirdir. Ona görə pul alıram.

Gündəlik ehtiyaclarımı da o pulla ödəyirəm. O pulla Həccə də getmişəm. Ancaq indi onu tərk etmiş və tövbə etmişəm. Mənim üçün nicat yolu vardırmı?”. İmam Sadiq (ə) cavabında buyurdu: “Sehrin düyününü aç, ancaq cadugərlik düyününü vurma””.

Bu hədisi belə təfsir edirlər ki, sehri batil etmək üçün onunla məşğul olmaq olar, ancaq cadugərlik haramdır.

Tövratın nəzərində cadugərlik

Tövrat kitabında da sehr elmi bəyənilməyən bir əməl hesab edilir. Belə ki, Tövratda gəlir: “O kəs ki, cin əhli və cadugərlərlə əlaqəsi olar, zina yolu ilə onların davamçısı olar, onu qövmündən uzaqlaşdıracağıq”.

Müqəddəs kitab olan Qamusda deyilir: “Aydın idi ki, Musa şəriətində sehrin yeri yox idi, şəriət o kəslərə ki, sehrlə məşvərət edirdilər, kəskin surətdə onu qadağan edirdi”.

Maraqlısı budur ki, Qamus kitabının yazıçısı etiraf edir ki, buna baxmayaraq, yəhudilər cadugərliyi öyrənirdilər. Tövratın əksinə olaraq, yəhidilər bu fikirdə deyildirlər. Ona görə də Quran onları kəskin surətdə məzəmmət edir və onların özlərini baha qiymətə satdığını vurgulayır.

Müasir dövrümüzdə olan sehr

Bu gün də elə bir elm mövcuddur ki, sehrbazlar keçmişdə ondan istifadə edərək, sehrlərini göstərərdilər.

1. Xüsusi kimyəvi maddələrdən istifadə edərək. Belə ki, Musa (ə) haqda gələn dastanda deyildiyi kimi onlar kimyəvi maddələrdən istifadə edərək, əsanı ilan kimi hərəkətə gətirərdilər.

Əlbəttə kimyəvi maddələrdən istifadə etmək heç bir zaman qadağan edilməmişdir. Onlar haqda daha çox məlumat toplayıb, öyrənmək lazımdır. Ancaq onlardan insanları aldatmaq məqsədilə istifadə edilərsə, sehrin bir növü hesab edilər.

2. Hipnozdan, telepatiyadan istifadə etmək.

Əlbəttə, bu elm də müsbət elmlərdən hesab edilir. İnsan həyatının müxtəlif sahələrində faydalı şəkildə istifadə edilə bilər. Ancaq sehrbazlar ondan sui-istifadə edərdilər və insanları qorxutmaq və aldatmaq üçün istifadə edərdilər. Əgər bu gün də sadəlövh insanlar qarşısında ondan istifadə edilsə, sehr hesab edilər.

Qısası onu demək olar ki, sehrin mənası genişdir. Bu da eyni zamanda sübut edilmişdir ki, insan iradəsinin qüdrəti çox güclüdür. Nəfsini tərbiyə edərək, dahilərimiz elə bir məqama çatmışdılar ki, qeyri-adi işlər görə bilirdilər.

Bunu da qeyd etmək lazımdır ki, nəfsi iki cür tərbiyə etmək olar, şəri yolla və qeyri-şəri yolla . Əgər şəri yolla tərbiyə etsən, nəfsin pak gücə malik olar. Ancaq əgər qeyri-şəri yolla tərbiyə etsən, şeytani gücə malik olarsan.

Hər ikisi də mümkündür ki, qeyri-adi işlər görsünlər, ancaq birincisində müsbət olacaqdır, ikincisində isə mənfi. Allah bizi sehrbazların və cadugərlərlərin şərindən qorusun. Amin!
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031