Ağvalideynlik edən varlı oğula dəhşətli cəza – Həzrət Əlinin (ə) nəqli
Əmirəl-möminin Həzrət Əli (ə) nəql edir: “Ağlayan qoca kişi oğlunun əlindən tutub Mədinəyə Peyğəmbərin (s) xidmətinə gəlir.
Həzrətə (s) deyir: “Ey Allahın Rəsulu! Bu, mənim oğlumdur ki, kiçikliyindən onu yedizdirmişəm, izzət və ehtiramla böyütmüşəm. Bütün istəklərini yerinə yetirmişəm. Mal və sərvətimlə ona yardım etmişəm o zamana qədər ki, zəngin və qüdrətli olubdur. Mən onu yetişdirmək yolunda canımı və malımı qoymuşam. İndi isə qocalmış və zəifləmişəm. Bu qədər zəhmətimin qarşılığında bu oğlum mənə heç bir maddi yardım etmir”. Həzrət Peyğəmbər (s) üzünü cavana tutub, buyurur: “Nə deyirsən?”. Cavan: “Mənim xərclərimi ödəmək və ailəmi saxlamaqdan artıq pulum yoxdur ki, ona yardım edəm”. Həzrət (s) üzünü qocaya çevirib buyurur: “Sən nə deyirsən?”. Qoca: “Yalan deyir. Buğda, arpa, xurma, kişmiş anbarları, qızıl və gümüşlə dolu pulları vardır”. Həzrət (s) cavana buyurur: “Cavabın nədir?”. Cavan: “Onun iddia etdiyi heç bir şey mənim deyildir”. Həzrət (s) buyurur: “Allahdan qorx, ey cavan! Mehriban atana ki, sənə bu qədər yaxşılıq və ehsan etmişdir, yaxşılıq və ehsan et ki, Allah da sənə ehsan etsin”. Cavan: “Mənim heç nəyim yoxdur”. Həzrət (s) buyurdu: “Mən atanın bu aylıq xərcini verirəm. Ancaq sonrakı aylarda xərcini sən verəcəksən”. Sonra Əsaməyə buyurur: “Bu qoca kişiyə ailəsini saxlamaq üçün yüz dirhəm pul əta et”. Əsamə həmin pulu verir. Bir ay sonra həmin qoca oğlu ilə birlikdə yenə Həzrətin (s) yanına gəlirlər. Oğlu yenə deyir ki, mənim heç nəyim yoxdur. Həzrət Peyğəmbər (s) buyurur: “Sənin çoxlu sərvətin vardır. Ancaq bu günü elə gecə edəcəksən ki, zəlil və yoxsul olacaqsan. Atandan da yoxsul olacaqsan”. Cavan evinə qayıdan zaman görür ki, qonşuları anbarlarının yanında toplaşıb, kif iyindən əziyyət çəkdiklərini söyləyirlər. Cavan çırağı götürüb anbarlara daxil olur və görür ki, hər bir şeyi kiflənmiş və məhv olmuşdur. Cavan məcbur olur ki, işçilər tutsun və anbarı boşaltsın ki, qonşulara əziyyət verməsin. Cavan qızıl və gümüş kisələrinin yanına gedir ki, işçilərin pulunu versin, görür ki, onların hər biri dəyərsiz bir daşa çevrilmişdir. İşçilər vəziyyəti belə görüb ondan əl çəkmirlər və o, məcbur olur ki, evini və içində olanları satsın ki, bu işçilərin pulunu ödəyə bilsin. Çox yoxsul və zəlil hala düşür və xəstələnir. Həzrət Peyğəmbər (s) bu hadisəni eşidib, buyurur: “Ey ağvalideyn olanlar! Bu hadisədən dərs alın. Bilin ki, necə dünyada malı məhv oldu, behiştdə onun üçün hazırlanmış dərəcənin əvəzinə, həmin qədər onun üçün cəhənnəmdə dərəcə müəyyən olundu””. Allahım, cəmi müsəlmanları bu acı aqibətdən Özün saxla! /Deyerler.org/ Oxşar xəbərlər
|