Gec evlənməyin problemləri
Həyatda ən mühüm qərarlardan biri ailə qurmaq qərarıdır. İnsanın həyatda böyük seçimlər üçün fürsətləri çox olmur. Yetkinlik həddinə çatmış insan ağıl və iradəsi ilə mühüm mövzularda seçim apara bilər.
Bələd, 10: "Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!" İnsan, 3: "Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)." İnsan öz seçimi ilə taleyini təyin edir. Əgər ağıl və tədbirlə seçim aparsa dünya və axirət səadəti qazanır, azğın nəfs və şeytan vəsvəsələrinə tabe olsa əbədi bədbəxtliyə düçar olur. İslam təlimlərinə əsasən insan həyatının ən dəyərli dönəmi gənclikdir. İnsan məhz bu dövürdə həyati əhəmiyyətli seçimlər aparır. Əgər düzgün qərar çıxarsa həyatını düzgün qurur. Bu dönəm çox həssasdır. İnsan dinini də elə bu dövürdə seçir. Bu seçimdə məcburiyyət yoxdur. (bax: Bəqərə, 256). Bu dövürdə düzgün seçim aparmış gənc böhran yaşamır, çaşqınlıq içində olmur. Düzgün seçim insanın həyatını behiştə çevirir. O qəlb aramlığı ilə yaşayır. Həmişə qəlbində mərhəmət və dostluq hissləri var. Heç bir başqa seçim insanı belə aramlığa çatdıra bilməz. Ailə mövzusuna gəldikdə düzgün seçimin əhəmiyyəti azalmır. Düzgün həyat yoldaşı seçimi insan həyatını şirinləşdirir. Quran ayələrindən aydın olur ki, gənclik dövrü olduqca həyati əhəmiyyətli bir dövrdür. İnsanda yetkinlik əlamətləri görünəndə o özünü ailə həyatına hazırlamalıdır. Məhz bu dövürdə iki gənc ilahi nikahla kamilliyə doğru hərəkət edə bilər. Gənclik dövründə insan öz xarakterini asanlıqla dəyişir. Ailə quran gənclərin bir-birinə uyğunlaşması asan olur. Şirin övlad neməti ailə bünövrəsini daha da möhkəmləndirir. Gənclərin yaşı artdıqca ailə qurmaq şəraiti ağırlaşır. Çünki artıq şəxsiyyət formalaşır, xasiyyətlər möhkəmlənir. Xarakteri, fikirləri dəyişmək çətinləşir. Yaş ötdükdən sonra ailə quranların bir-birinə uyğunlaşması çətin olur. Psixoloqlar bu fikirdədir ki, xarakter formalaşdıqdan sonra onu dəyişmək çətin olur. Dini rəvayətlərdə valideynə tövsiyə olunur ki, qızlarını xarakteri formalaşana qədər ərə versinlər. Əgər belə etməsələr qız ailə həyatı qurandan sonra onu yeni şəraitə uyğunlaşması çətinləşir. Allah-Taala Quran ayələrində təşviq edir ki, insanlar yetkinlik yaşına çatanda ailə qursunlar. Əlbəttə nəzərə almalıyıq ki, büluğ həddi, yetkinlik dedikdə həm cinsi, həm əqli, həm fiziki baxımdan yetkinlik nəzərdə tutulur. Nur, 59: "Sizdən olan uşaqlar da həddi-buluğa çatanda (yanınıza daxil olmaq istədikləri zaman) özlərindən əvvəlkilər kimi izin istəsinlər. Allah Öz ayələrini sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" Nisa, 6: "Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (həddi-buluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər (böyüyən kimi mallarına sahib olacaqlar) deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan (qəyyum) o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə (ehtiyacı olduğu qədər, çəkdiyi zəhmətin əvəzi miqdarında) yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər!" Bu ayəyə əsasən yetkinlik yaşına çatan şəxsin ailə həyatına hazırlığı yoxlanılmalıdır. Kəhf, 66: "Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?" Aydın olur ki, insan elm və tərbiyəyə ehtiyaclıdır. Müxtəlif surələrdə büluğ həddi ilə bağlı nöqtələr açıqlanır. Qəsəs, 14: "(Musa) Yetkinləşib kamilləşəndə (otuz-qırx yaşlarına çatanda) ona hikmət və elm (şəriət elmi) verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!" Ənam, 152: "Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!" Yusuf, 22: "(Yusif gəncliyinin) Ən yetkin dövründə çatdıqda ona hikmət (peyğəmbərlik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!" Nəzərdə tutulmuş yetkinlik 40 yaşda əldə olunur. Əhqaf, 15: "Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! (Özümü cani-dildən Allaha təslim edənlərdənəm!)" Bu yaş peyğəmbərlik, rəhbərlik, imamət, böyük məsuliyyətlərin qəbulu üçün lazım olan kamillik yaşıdır. Amma ailə qurmaq üçün ən münasib yaş cinsi yetkinlikdən bir qədər sonradır. Ailə cinsi yetkinliyə çatmış övladı ailə həyatına hazırlamalıdır. İslamda ailə həyatı qurmaq çox tövsiyə olunsa da müəyyən şərtlər var. İslama görə insan evlənməklə dininin yarısını hifz edir. Həzrət Peyğəmbər (s) buyurur ki, ailə quran insan dininin yarısını qorumuşdur. Bununla yanaşı qeyd olunur ki, tez izdivac edən insan dininin üçdə ikisini hifz edir. Həzrət Peyğəmbər (s) buyurur ki, insan ailə quranda şeytan fəryad qoparıb deyir: "Aman, aman! Dininin üçdə ikisini əlimdən çıxardı!" Gənclər izdivacı gecikdirdikdə günaha şərait yaranır. Saleh bir ailənin qurulması fürsəti əldən çıxır. Çünki xarakterlər möhkəmlənir, bir-birinə uyğunlaşma imkanları azalır. Uyğunlaşma dedikdə cinsi yox, düşüncə uyğunlaşması nəzərdə tutulur. Allah-Taala əqidə fərqlərinə görə möminlərə buyurur ki, müşriklər və kafirlərlə evlənməyin. Belə nikahın aqibəti xoş deyil. Yaşa dolduqdan sonra ailə quran insanlar arasında ixtilaflar qaçılmazdır. Gecikmiş izdivac sevgi və mərhəmətin yerinə nifrət və qəzəbi qoyur. Nur-az.com Oxşar xəbərlər
|