İSLAMDA ƏQİDƏ AZADLIĞI VƏ “MÜRTƏDLİK”
SUAL: İslamda əqidə azadlığı ilə “mürtədlik” necə uzlaşır?
CAVAB: Bu sualın cavabından qabaq əqidə azadlığı və mürtədliyin məna və şərtlərini diqqətlə araşdırmalıyıq. Əqidə azadlığı dedikdə, insanın xarici təzyiqlərə məruz qalmadan, öz istəyi ilə müəyyən bir əqidəni qəbul etməsi nəzərdə tutulur. “Mürtədlik” isə İslam dinini qəbul etdikdən sonra ondan üz döndərmək və onun əsaslarını inkar etməkdir. (“İslamda hüquq nəzəriyyəsi”, Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi, səh.375; “İrtidad və azadlıq”, Ayətullah Cavadi Amuli, səh.7.) İslam əqidə azadlığını xüsusi çərçivə və şərtlər əsasında qəbul edir və əsasən onun bəyənilmiş bir məsələ olmasında şəkk-şübhə yoxdur. Çünki peyğəmbərlərin dəvətinin qəbulu əqidə azadlığından asılıdır. Əgər insanlar öz din və etiqadlarını seçməkdə azad olmasaydılar, heç kim keçmiş əqidələrindən əl çəkməz və peyğəmbərlərin dəvətinə müsbət cavab verməzdilər. Bu isə, yalnız əqidə azadlığını qəbul etməklə məntiqə uyğundur. Həm də, azacıq diqqət yetirdikdə, aydın olur ki, əsas etibarilə batinə və qəlbə aid əqidədə “təkvini” bir iş kimi məcburiyyət yoxdur. “La ikrahə fid-din!” (Dində məcburiyyət yoxdur!) – ayəsi də məhz əqidə azadlığının “təkvini” yönünü aşılayır. Heç kimə təhdidlə, zorakılıqla bir əqidəni yükləmək olmaz. Belə bir şəxs zahirdə onu qəbul etsə də, düzgün bildiyi və ixtiyarı ilə əqidə bəslədiyi zaman ona qəlbən bağlanacaqdır. ((“Azadi və mərdumsalari”, Ayətullah Cəfər Sübhani, səh.91; “İslamda hüquq nəzəriyyəsi”, Ayətulla Məhəmmədtəqi Misbah Yəzdi, səh.381.) Diqqət yetirmək lazımdır ki, hər bir sahədə azadlıq məsələsi çərçivə daxilində bəyənilmiş bir iş sayılsa da, mütləq azadlıq nə mümkündür, nə də bəyənilir. Çünki mütləq və qeyd-şərtsiz azadlıq azğınlığa, ictimai asayişin pozulmasına, zülm və haqsızlığa səbəb olur və dünyada heç bir ağıllı adam bunu müdafiə etmir. İslam dini isə cəmiyyətin ideoloji münaqişələrdən, düşmənlərin hiylələrindən amanda qalmasını nəzərə alaraq azadlıq üçün müəyyən ölçü, hədd-hüdud təyin etmişdir. Qərblə İslam ideologiyası arasındakı azadlıq fərqi odur ki, qərbdə azadlıq istənilən sahədə ayrı-ayrı fərdlərin azadlığına maneçilik törətməmək və dövlət siyasətlərinə qarşı çıxmamaqla şərtlənir. (Əlbəttə, qərb ölkələrində azadlıq adı ilə çıxış edib İslam mədəniyyəti ilə mübarizə aparanların çıxışları boş şüardan başqa bir şey deyil. Bunu sübut edən faktlar göz qabağındadır. Onların örpəkli müsəlman qadınlarla açıq-saçıq qadınlar arasında ayrıçekilikləri, onlara təhsillərini davam etdirməyə imkan verməmələri həmin faktlardan biridir. Böyük fransız tarixçisi Ruje Qarvedi öz kitabında ikinci dünya müharibəsində milyonlarla yəhudinin öldürülməsi iddiasının yanlış olduğunu qeyd etdiyi üçün mühakimə olundu, cəza tədbirlərinə məhkum edildi, hətta onun kitabını çap edən nəşriyyat belə bağlandı. Bir halda ki, Salman Rüşdinin “Şeytani ayələr” adlı kitabı qərb ölkələrinin himayəsi ilə onlarla dilə tərcümə və çap olunmuşdur. Beləcə, İslam ölkələrində qərb ölkələri tərəfindən azadlığın müdafiə edilməsi məsələsi tamamilə elmi və məntiqəuyğun deyil, əksinə öz çirkin hədəf və amallarından başqa bir şey izləmirlər.) İslamda isə azadlığın şərti dini göstərişlərə riayət etməkdir. İslam cəmiyyətdə fitnə-fəsad və əxlaqsızlıq yaranmadığı, insanların səadət və xoşbəxtliyi təhlükəyə düşmədiyi təqdirdə, əqidə azadlığına icazə verir. İslamda kiminsə gizli əqidələrini arayıb-axtarmaq caiz deyildir. Hər kəs istədiyi əqidəni yanlış olsa da, qəbul edə bilər və onu aşkar etmədiyi vaxta qədər fiqhi-hüquqi baxımdan mühakimə oluna bilməz. Amma aydındır ki, o, yanlış əqidə seçdiyi üçün həqiqət yolundan uzaqlaşacaq və yaxud axirətdə əzabla sonuclanacaq. (“İslamda hüquq nəzəriyyəsi”, Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi, səh.375; “Azadi və mərdumsalari”, Ayətullah Cəfər Sübhani, səh.89.) Dini əqidələrlə bağlı sorğu-sual və tədqiqatın heç bir eybi yoxdur, hətta bu, İslamda bəyənilir, haqq-həqiqət axtaranlar təşviq edilir və bir növ təbliğ metodu sayılır. Bir ayədə buyurulur: ادْعُ إِلِى سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَجَادِلْهُم بِالَّتِي هِيَ أَحْسَنُ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ “(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır.” (“Nəhl” surəsi, ayə 125.) Qurani-Kərimdə kor-koranə təqlidlər aydın şəkildə məzəmmət edilir: وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنزَلَ اللّهُ قَالُواْ بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لاَ يَعْقِلُونَ شَيْئاً وَلاَ يَهْتَدُونَ. “(Müşrik və kafirlərə) “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar “(xeyr,) əksinə, biz atalarımızın getdiyi yola tabe oluruq!” deyərlər. Görəsən, ataları hətta bir şey anlamayıb, (düz yola) hidayət olunmamış olsalar belə (onlar yenə atalarının yoluna tabe olacaqlar)?!” (“Bəqərə” surəsi, ayə 170.) Mütəal Allah agah seçim və başqalarını haqq yola dəvət etməklə əlaqədar Peyğəmbəri-Əkrəmə (s) və ardıcıllarına belə buyurur: قُلْ هَـذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللّهِ عَلَى بَصِيرَةٍ أَنَاْ وَمَنِ اتَّبَعَنِي وَسُبْحَانَ اللّهِ وَمَا أَنَاْ مِنَ الْمُشْرِكِينَ “(Ya Peyğəmbər!) De: “Bu mənim yolumdur. Mən və mənə tabe olan hər bir kəs bəsirət və gözüaçıqlıqla Allaha tərəf dəvət edirik. Allah bütün eyib və nöqsanlardan pakdır və mən müşriklərdən deyiləm.” (“Yusif” surəsi, ayə 108.) Bəzən insanın əqidə və düşüncəsinə hücum çəkən şübhələr haqda İslam maarifi və dinin zəruri məsələlərinə əks olsa da, tədqiqat aparmağa icazə verilir və buna adi baxılır. Həqiqət sorağında olan şəxs həqiqətə çatmaq üçün zehnində dolanan sual və şəkk-şübhələri açıqlayır və bu da onun əsla “mürtəd” olması demək deyildir. İnsan yalnız o zaman “mürtəd” adını daşıya bilər ki, yetkinlik həddi, əql və ixtiyar kimi şərtlərlə yanaşı aşağıdakı şərtlərə də malik olsun: 1. Bilərəkdən dinin zəruri məsələlərini inkar etsin; dinin zəruri məsələləri haqda bunu demək kifayətdir ki, onların sırf dinlə bağlı olmasında şəkk-şübhə yoxdur. Buna namaz, oruc, həccin vacibliyi, tövhid, məad, behişt və cəhənnəmə etiqad bəsləməyi misal göstərmək olar. (“İslam və bəşər hüquqları baxımından mürtəddin hökmləri”, Seyfullah Sarəmi, səh.334.) 2. İnsan bilməlidir ki, dinin zəruri məsələlərini inkar etdikdə, Peyğəmbəri-Əkrəmin (s) nübüvvəti və dinin əsaslarını da inkar edəcəkdir. Əgər bir şəxs bu şərtlər çərçivəsində dinin zəruri məsələlərini istər elmi müzakirələr nəticəsində, istərsə də dünyəvi və maddi hədəflərinə çatması üçün inkar edərsə, həqiqətdə İslamdan çıxmış və mürtəd olmuşdur. (“Əl-mosuətul-fiqhiyyətil-meysərə”, Məhəmmədəli Ənsari, 2-ci cild, səh.15.) Əlbəttə, əgər pis niyyəti olmadan və yalnız elmi şübhələri nəticəsində dini inkar edən şəxs Allah dərgahında üzrlü sayılacaq və axirət əzabına düçar olmayacaqdır. Demək, əgər bir şəxs həqiqəti bilmədən dinin zəruri və qeyri-zəruri məsələlərindən birini inkar etdikdən, yaxud Qurani-Kərimin və məsumların (ə) kəlamlarının doğruluğunu inkar edən bir söz dedikdən sonra yanıldığını bilib sözünü geri götürərsə, ona “mürtəd” demək olmaz. (“İrtidad, azadi, pasdare-İslami”, səh.7.) Aydındır ki, bu iki qeydə əsasən, “mürtədlik” dini etiqadlarla bağlı şəkk-şübhəyə qapılan şəxsə aid deyil və yalnız ciddi şəkildə dini inkar etmək niyyəti olan şəxs “mürtəd” adlanır. Uyğun mövzu ilə əlaqədar bir çox incəliklər vardır ki, onlardan biri də İslama qarşı məkrli planlarla mübarizə aparmaqdır. Amma İslam prinsipləri üzərində tədqiqat aparmaq və şübhələri aradan qaldırmaq üçün, həmişə yol açıqdır. (“Azadi və mərdumsalari”, Ayətullah Cəfər Sübhani, səh.109.) Həqiqətən, müqəddəs İslam dini digər dinlərdən fərqlənərək agahlıqla düşünməyə və iman gətirməyə daha çox yer verir, kor-koranə təqlidlərdən çəkindirir, xurafatla qarışıq əqidələrlə mübarizəyə qalxır. Demək, İslam maarifi ilə azacıq tanışlığı olan bir şəxs İslamın “mürtədlik” hökmü ilə elm və əqidə azadlığına qarşı olması fikrini məhkum edəcəkdir. Çünki İslam böyük fəxrlə elmi artırmaq və həqiqəti axtarıb tapmağa təkid edir. Qurani-Kərimdə kitab əhlindən bir qrupunun məkrli planları üzə çıxarılmaqla “mütəd”liyin fəlsəfəsi haqda belə buyurulur: وَقَالَت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ آمِنُواْ بِالَّذِيَ أُنزِلَ عَلَى الَّذِينَ آمَنُواْ وَجْهَ النَّهَارِ وَاكْفُرُواْ آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ “Kitab əhlindən bir qrupu (onların alimləri öz ardıcıllarına) dedilər: “İman gətirənlərə nazil olan şeylərə (Quran ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah və xəbərdar adamlar kimi tanıyırlar və sizin tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər).” (“Ali-İmran” surəsi, ayə 72.) Mərhum Əllamə Təbatəbai bu ayənin təfsirində yazır: “Kitab əhli möminləri şəkk-şübhəyə salaraq öz işlərini yozmaq üçün belə deyirdilər: Biz elə bilirdik ki, İslam özünün haqq və doğru olmasına dair dəlil-sübutu vardır, lakin müsəlman olduqdan sonra gördük ki, belə deyildir. Bizim onun batil olması üçün bir sıra faktlarımız var, ona görə də İslamdan üz döndərdik.” (“Əl-mizan fi təfsiril-Quran”, Əllamə Təbatəbai, səh.257.) İslamda “mürtəd”liyin sübutu ilə bağlı göstərilən şərtlərə diqqət yetirdikdə, bu incəliyi açıq-aşkar görmək olar. Belə ki, “mürtəd” üçün təyin edilən ağır cəza tədbirlərində məqsəd fitnə-fəsadın, hərc-mərcliyin, dini etiqadlara hörmətsizliyin qarşısını almaq, eləcə də, ilahi və insani bir dəyər kimi imanı və düzgün etiqadları qorumaqdır. İslam bu hökmü verməklə kor-koranə təqlidlərin, düşmənlərin məkrli planlarının yolunu bağlayır və təhqiqat nəticəsində yaranan imanın lüzumuna təkid edir. Qeyd etdiyimiz kimi, əgər bir müsəlman batinən mürtəd olduğunu aşkar etmədiyi təqdirdə, İslamda “mürtəd” üçün nəzərdə tutulmuş hüquqi cəza tədbirləri ilə məhkum edilməyəcək. Lakin əqidəsini aşkar etdikdə, öz çirkin məqsədlərini yayıb İslamla mübarizə apardıqda, cəza tədbirləri ilə qarşılaşacaq, azadlığı məhdudlaşdırılacaqdır. Bu da tamamilə məntiqə uyğundur. Demək, cəmiyyət və dövlət yoluxucu bir xəstəliyin qarşısını almaq məqsədilə təhlükəsizlik tədbirlərə əl atdığı kimi, ruhi-mənəvi xəstəliklərin qarşısının alınması haqda da bir çarə fikirləşməlidir. Çünki düzgün əqidələrə bağlanan insanların dünya və axirət səadəti, şübhəsiz, onların cismani sağlamlığından olduqca önəmlidir. Belə isə oğrunun, cinayətkarın və narkotik maddələrə qurşananların cəzaya məhkum edilməsində əsla tərəddüdə yol verilmədiyi kimi, düzgün əqidələri oğurlayıb öldürücü və azdırıcı düşüncələri rəvac verənlərin cəzalandırılmasında da azacıq belə tərəddüd edilməməlidir. Odur ki, düzgün əqidə və imanı ən mühüm dəyər hesab edən müqəddəs İslam dini cəmiyyətin ilahi düşüncələrinin qorunmasına yüksək əhəmiyyətlə yanaşır. İslam dini əqidə azadlığını cəmiyyətin dünya və axirət, maddi və mənəvi xoşbəxtliyi təhlükəyə düşmədiyi təqdirdə, aşkar təbliğ etməyə icazə verir. Qeyd etmək lazımdır ki, hər kim İslam göstərişləri və əqidələrini düzgün və məntiqə uyğun metodlarla təhqiq etsə, sözsüz, onların doğru və həqiqət olduğuna iman gətirəcək. Amma elmi şübhələrə qapılaraq dinin zəruri məsələləri və əsaslarını inkar etsə, üzrlü sayılsa da, “mürtəd” adını daşıyacaqdır. (“Həqiqət sorağında” əsərindən, müəllif: Bir qrup din alimi, 4-cü sual.) “İlahi, biz Sənə buyruqlarına qarşı çıxmaqdan, dinindən xaric olmaqdan və nəfsin istəklərinin ardıcıl olaraq hücum çəkməsindən pənah gətiririk!” (İmam Əlidən (ə): “Nəhcül-bəlağə”, xütbə 215.) Tərcümə edən: Rza Şükürlü (Maide.az) Oxşar xəbərlər
|