İMAM HÜSEYNİN (Ə) HƏYATI
Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi mətləbləri nəzərinizə çatdırırıq:
Şəhidlər sərvəri imam Hüseyn (ə) 4-cü hicri-qəməri ilinin Şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açdı. İslam Peyğəmbəri (s) bu xəbəri eşidən kimi sevinə-sevinə qızı Fatimeyi-Zəhranın (ə.s.) evinə yola düşdü. Xanım Fatimeyi-Zəhranın (ə.s) xidmətçisi Əsma uşağı ağ parçaya büküb, Peyğəmbərin (s) hüzuruna gətirdi. Peyğəmbər (s) körpəni qucağına alıb sağ qulağına “azan”, sol qulağına isə “iqamə” oxudu. İmam Hüseynin (ə) dünyaya gəlişinin 7-ci günü Allah tərəfindən Peyğəmbərə (s) nazil olan mələk belə dedi: “Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Əli də sənin dostun və qardaşındır. Buna görə də, bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcəsi Hüseyn) qoy!” Beləliklə, imam Hüseynin (ə) adı Allah tərəfindən təyin edildi. İmam Hüseynin (ə) təvəllüdünün 7-ci günü, xanım Fatimeyi-Zəhra (ə.s) oğlu üçün bir qoyunu qurbanlıq edib ətini yoxsullara payladı. Həzrət Peyğəmbər (s) dəfələrlə onu qucağına alıb öpərək ağlamış və buyurmuşdu: “Hüseyni qarşıda böyük müsibət gözləyir. Əməvilərdən zalım bir dəstə oğlumu öldürəcəkdir. Onlar qiyamət günü mənim şəfaətimdən məhrum qalacaqlar”. PEYĞƏMBƏRİN (S) HÜSEYNƏ (Ə) MƏHƏBBƏTİ Peyğəmbərin (s) səhabəsi Salman Farsi bu barədə belə deyir: ”Peyğəmbəri (s) oğlu (nəvəsi) Hüseyni dizi üstündə oturdub onu öpərək nəvaziş etdiyini və belə buyurduğunu gördüm: “Sən imamsan, imam oğlu və imamlar atasısan. Sənin nəslindən doqquz imam gələcək ki, onların sonuncusu “vəd olunmuş Mehdidir”. Peyğəmbərin (s) Hüseynə (ə) sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: “Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edib”. (“İmamların ictimai-siyasi tarixi”, imam Hüseynin (ə) həyatı.) İMAM HÜSEYN (Ə)-İN İMAMƏTDƏN QABAQKI MÜBARİZƏLƏRİ İmam Hüseyn (ə) elə gənclik dövründən siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O, atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir. “Cəməl” döyüşündə ordunun sol cinahının başçılığı imam Hüseynin (ə) öhdəsində idi. “Siffeyn” döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda, istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır. (“Siffeyn döyüşü”, səh.144, 249, 530.) İmam Hüseyn (ə) atasının şəhadətindən sonra zəmanənin rəhbəri imam Həsənlə (ə) birgə olmuşdur. İmam Həsənin (ə) ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında imam Hüseyn (ə) imam Həsənlə (ə) bir olmuşdur. Müaviyə imam Həsənə (ə) sülh təklif etdikdə, o həzrət imam Hüseyn (ə) və Abdullah ibn Cəfəri çağırıb, bu təklif barədə onlarla məsləhətləşdi. Nəhayət, sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birgə Mədinəyə qayıtdılar. ("Sireyi-Pişvayan”, imam Hüseynin (ə) həyatı.) İMAM HÜSEYNİN (Ə) HƏYAT MƏRHƏLƏLƏRİ İmam Hüseyn (ə) uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirmişdir. Peyğəmbərin (s) vəfatından sonra otuz il atası imam Əli (ə) ilə birgə yaşamış və imam Əlinin (ə) hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. İmam Əlinin (ə) şəhadətindən sonra (hicrətin 40-cı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı imam Həsənlə (ə) çiyin-çiyinə çalışmışdır. İmam Həsənin (ə) şəhadətindən sonra (hicrətin 50-ci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründə islami vəzifələr imam Hüseynin (ə) öhdəsinə düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, hicrətin 61-ci ili Məhərrəm ayının 10-da Kərbəla çölündə şəhadətə yetmişdir. (Maide.Az) Oxşar xəbərlər
|