HƏYAT YOLDAŞINA MƏHƏBBƏT İMAN ƏLAMƏTİDİR
Mьəllif: admin1
Tarix: 27-04-2023, 10:40
HƏYAT YOLDAŞINA MƏHƏBBƏT İMAN ƏLAMƏTİDİR
Ailədə dinc və sağlam əhval-ruhiyyədə yaşamaq müqəddəs İslam dininin ən böyük hədəflərindən biridir. Hər kəs bu məsələyə diqqət yetirsə, deməli, dindar və vəfalı bir kəsdir; hər kəs buna etinasız yanaşarsa, dini və ictimai nəzərdən dəyərsiz bir şəxsdir.

Həzrət Rəsul (s) buyurur: “Bir bəndənin imanı nə qədər artsa, qadınlara qarşı məhəbbəti də bir o qədər artar.”

İmam Sadiq (ə) buyurur: “Bir kəsin bizə məhəbbəti nə qədər artsa, bir o qədər də arvadına məhəbbəti artar.”

Həzrət yenə buyurur: “Peyğəmbərlərin əxlaqından biri də öz arvadlarını sevməkdir.”

Peyğəmbər (s) buyurur: “İnsanların iman nəzərindən ən yaxşısı ən gözəl əxlaqı olanı və öz əhli-əyalına lütflü və mehriban olanıdır. Və mən öz əhli-əyalıma hamınızdan artıq mehribanam.”

İmam Sadiq (ə) buyurur: “Mən heç də güman etmirəm ki, bir nəfərin imanı xeyir cəhətindən artmış olsun, amma öz qadınlarına məhəbbəti artmasın.”

Peyğəmbər (s) buyurur: “Əsir başqasının ixtiyarında olduğu kimi, qadın da ərinin ixtiyarındadır. Buna görə də Allah dərgahında sizlərdən ən yaxşı adam odur ki, həyat yoldaşı barəsində ehsan etsin, ona qarşı ən mehriban şəxs olsun.”

Bu hədis və kəlamlardan nəticə alırıq ki, ilahi övliyalar və peyğəmbərlər öz həyat yoldaşlarını sevmiş, onlara məhəbbət və ehtiram göstərmişlər, öz ardıcıllarına da tövsiyə etmişlər ki, öz qadınlarının qədəmlərini əziz saysınlar.

Bu məsələ imanın bir hissəsi, dinin, etiqadın nişanəsi kimi təqdim edilmişdir. Bu qəbildən olan kişilər İlahinin dərgahına ən yaxın və ən əziz insanlar hesab edilir. Hətta Rəsuli-Əkrəm (s) özünü bu ilahi qanuna əməl etmək baxışlardan insanların ən irəlidə olanı bildirmişdir.

Başqa bir hədisdə bu məsələyə əhəmiyyət verməmək bədbəxtlik və axirət əzabının amili kimi göstərilir. İndi isə sizin diqqətinizi bir tarixi hadisəyə cəlb edirik.

Ənsarın ən nüfuzlu şəxsiyyətlərindən biri olan Səd ibn Məaz Mədinə şəhərində Peyğəmbərə (s) iman gətirən ilk səhabələrdən biri idi. O, Bədr müharibəsində bütün varlığı ilə Həzrət Peyğəmbəri (s) müdafiə etmişdi.

Əhzab müharibəsində müsəlmanların əksəriyyətinin canına qorxu, vəlvələ düşdüyü bir zaman Həzrətə (s) ərz etdi: “Ya Rəsulallah, öz şəmşirlərim ilə təcavüzkarların müqabilində dayanacağam.”

O, elm, təqva və mövqe baxımından Peyğəmbərin (s) yanında elə bir məqama malik idi ki, Həzrət (s) onu Bəni Qüreyzə münafiqlərini cəzalandırmaq üçün hakim təyin etdi və Cəbrəili-Əmin onun bu barədə etdiyi hökmü Allahın haqq hökmü kimi qiymətləndirdi.

Səd ibn Məaz Allah yanında o qədər sevimli bəndə idi ki, o vəfat edərkən Allahın ərşi lərzəyə gəldi. 90 min məlaikə Cəbrail ilə birlikdə asimandan nazil olub onun dəfn mərasimində iştirak etdi.

Peyğəmbəri-Əkrəm (s) ayaqyalın və əbasız onun qoyulduğu tabutdan tutmuşdu. Hətta Həzrət özü şəxsən ləhəd daşlarını öz rəhmət əlləri ilə möhkəmlətdi.

Belə ki, o vaxta qədər Həzrətdən belə iş görünməmişdi. Sədin anası Həzrətdən bu qədər lütf və mehribanlıq müşahidə etdikdə vəcdə gəlib dedi: “Ey Səd, xoş olsun halına, behiştə getdin!”

Həzrət buyurdu: “Allahın tərəfindən yəqinliklə danışma! (Bu ilahi insanın bütün təqva, iman, şücaət və sair məziyyətləri ilə yanaşı, tam təəssüflə ailədəki əxlaqı çox da xoşagələn deyildi. Ailəsində azacıq kobud rəftar edirdi.) Bu səbəbdən də qəbir onu sıxdı.”

Bu hədisdən aydın olur ki, ailədə yaxşılıq etməli, Allah eləməmiş, kobud rəftardan uzaq olmalıyıq.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930