HƏYAT YOLDAŞI İLAHİ ƏMANƏTDİR
Qadınlarla yaxşı rəftar etməyi İslam dini çox təkid edir. Belə ki, hətta onları Allahın əmanətləri kimi təqdim edərək onların hüquqları barəsində azacıq belə laqeydliyi, etinasızlığı, diqqətsizliyi ilahi əmanətə xəyanət hesab edir.
Buna əsasən, bu böyük və ilahi nemətin, əmanətin qorunmasında səy etməliyik ki, ilahi ədalət məhkəməsində mühakiməyə çəkilməyək. Rəsuli-Əkrəm (s) qızı Fatiməni Əli ibn Əbutalibin (ə) evinə köçürəndə ona buyurdu: “Ya Əli, qızım sənin əlində əmanətdir.” Bu məsələ İslami tarix və rəvayətlərdən əlavə, Həzrət Əmirəlmöminin Əli ibn Əbutalibin (ə) öz kəlamlarında da görünməkdədir. Belə ki, o Həzrət Zəhranı (s.ə.) dəfn etdikdən, mübarək əlləri ilə Rəsuli-Əkrəmin (s) əmanəti olan o məzlum xanımı təhvil verərkən məlum olur. Belə ki, o Həzrət (ə) Rəsuli-Əkrəmə (s) salam verdikdən, Həzrət Zəhraya (s) qarşı edilən zülmlərdən, haqqını qəsb edənlərdən şikayət etdikdən sonra dedi: “Ey Peyğəmbər, Allahın və Onun Rəsulunun əmanəti təhvil verildi və o, sənə doğru gəldi. Mən isə bundan sonra həmişə qəmli olacağam, gözlərimə yuxu getməyəcəkdir.” Rəsuli-Əkrəm (s) buyurur: “Həqiqətən qadınlar kişilərin yanında heç bir xeyrə və ya zərərə malik deyillər. Onlar sizin yanınızda olan ilahi əmanətlərdir. Onlara əsla zərər yetirməyin, hüquqlarını unutmayın.” Osman ibn Məzunun arvadı Rəsuli-Əkrəmdən (s) ər-arvadın hüquqları barəsində soruşdu və Həzrət (s) onların hüquqlarını şərh edərək buyurdu: “Qardaşım (Cəbrəil) həmişə qadınları tövsiyə edirdi. O qədər tövsiyə etdi ki, belə sandım ki, kişinin öz arvadına “uf” deməsi belə caiz deyildir. O mənə xəbər verib dedi ki, ey Mühəmməd, qadınlar barəsində Allahdan qorx və onlarla müdara et! Çünki onlar sizin əlinizdə olan əmanətlərdir. Siz onları ilahi əhd-peyman əsasında əmanət almısınız və onların namuslarına, canlarına hakim kəsilmisiniz. Onların barəsində yaxşılıqdan başqa bir iş görməyin.” Bu hədisdən aydın olur ki, qadınlar ərlərinin əlində əmanətdir. Onların barəsində hər növ qəflət, qüsur, ifrat və ya təfrit ilahi dərgahda məsuliyyətə səbəb olur. (İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI) Hacı Rasim Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|