Haram yeməyin bu dünyada insana qoyduğu mənfi təsirlər
Həqiəqtən insan öz ömrünə, həyatına, arxada qoyduğu günlərə baxdıqda onu bu günə gətirib çıxaran onun dünənidir. Bu gün dünənin üzərində qurulmuşdur.
İmam Sadiq (ə) buyurur: “Haram tikənin təsiri nəsildə aşkar olar.” (Furu-kafi. 1/363) Xüsusən də qidalar. Bu qidalar maddi də ola bilər, mənəvi də. Hər ikisi bu gün üçün çox önəmlidir. Maddi qidalar insanın bədənini, mənəvi qidalar isə insanın ruhunu qidalandırır və böyüdür. Çünki insan yediyi tikələrlə “tikə-tikə” böyüyür. Haram yeməyin iki növ təsiri var: dünya və axirət təsirləri. Quran, hədis və alimlərin sözlərinə əsasən haram tikənin insan həaytındakı mənfi təsirlərinin bir qismi aşağıdakılardan ibarətdir: 1. Duaların qəbul olunmaması Rəvayətlərdən məlum olur ki, haram yeyənin duaları qəbul olunmur. Qüdsi bir hədisdə deyilir: “Yalnız haram yeyənin duası mənim dərgahıma yetişməz.” Başqa bir hədisdə buyurulur: “Allah həzrət İsaya (ə) vəhy etdi ki, Bəni-İsrail zalımlarına de: “Bir halda ki, haram maldan istifadə edirsiniz, evlərinizdə büt var, məni çağırmayın. And içmişəm ki, məni çağıranın duasını qəbul edim. Haramxorların duasının qəbul etməyim onlara lənət və nifrindən ibarətdir.” İslam Peyğəmbəri (s) buyurur: “Bir tikə haram yeyənin duası 40 gün qəbul olunmaz.” Rəvayətdə deyilir: “Həzrət Musa (ə) ağlar halda əllərini səmaya açıb dua edən bir şəxs gördü. Allah tərəfindən Musaya vəhy olundu: “O nə qədər çalışsa da duası qəbul olunmaz. Çünki onun qarnında haram var...” Bir şəxs həzrət Peyğəmbərin (s) yanına gəlib ərz etdi: “Dualarımın qəbul olmasını istəyirəm.” Əziz Peyğəmbərimiz (s) buyurdu: “Yediklərin pak olsun, qarnına haram qida daxil etmə.” Başqa bir hədisdə həzrət (s) buyurur: “Duasının qəbul olmasını istəyən şəxs qidasını, gəlir yolunu və qazancını pak etsin.” 2. Saleh əməllərin qəbul olunmaması Təqva saleh əməllərin qəbulu üçün şərtdir. Haramxor insan ilahi təqvanı ayaq altına aldığından onun saleh əməlləri qəbul olunmur. Çoxsaylı rəvayətlərdə bəyan olunur ki, haramxorun namazı, həcci, sədəqəsi qəbul deyil. İslam Peyğəmbəri (s) bu barədə buyurur: “Haram yeyib ibadət etmək çınqıl daş üstə ev tikmək kimidir.” Başqa bir rəvayətdə həzrət Peyğəmbər (s) digər səmavi kitablardan belə nəql edir: “Haram yeyib xeyir iş görmək xəlbirlə su daşımaq kimidir.” Bir rəvayətdə İslam peyğəmbəri (s) buyurur: “Bir tikə haram yeyənin 40 gecə namazı qəbul olmaz. Bədəninin haramdan yaranan yeri oda daha çox layiqdir. Çünki bir tikədən də ət yaranır.” Həzrət Peyğəmbər (s) haram tikənin həccə təsirini elə şəkildə bəyan edir ki, insan lərzəyə gəlir. Həzrət (s) buyurur: “Hər kəs haram malla həccə getsə və “ləbbəykə Allahummə ləbbəykə” deyərək Allahı eşitdiyini bildirsə, Allah ona buyurar: “La ləbbəykə və la sədəykə”, yəni bu həcc sənin özünün olsun!” İslamda sədəqə ən üstün əməllərdən sayılır. Amma şərt budur ki, insan halal maldan sədəqə versin. Haram maldan sədəqə verən insan haqqında Peyğəmbər (s) buyurur: “Bir şəxs haram qazanc əldə etsə Allah onun sədəqəsini qəbul etməz, qul azad etməyin, həcc və ümrəsinin savabını verməz. Allah gördüyü işlər həddində ona günah yazar. Ölümündən sonra ondan qalan şeylər oda doğru hərəkətində azuqəsi olar.” 3. Daşqəlblilik İslam elmlərində və təcrübi elmlərdə sübuta yetirilmişdir ki, insanın qəbul etdiyi qida təkcə onun bədəninə yox, həm də ruhuna təsir göstərir. Zəhərli qida insan orqanizminə mənfi təsir göstərdiyi kimi haram tikə də insan ruhunu puça çıxarır. Bütün niyyətlər insan qəlbindən qaynaqlanır. Qəlb insanın komandanlıq mərkəzidir. Pak qəlb xeyir işlərə, çirkin qəlb isə haram işlərə sövq edir. Kərbəlada imam Hüseyn (ə) İbn Səd qoşununa üz tutaraq buyurur: “Qarınlarınız haramla dolub, qəlbləriniz möhürlənib. Vay olsun sizə, yoxsa insafınız kəsilib, eşitmək gücünüz yoxdur?!” 4. Tövbənin qəbul olmaması Haram malın mənfi təsirlərindən biri də tövbənin qəbul olunmamasıdır. “Nəhcül-bəlağə”də nəql olunur ki, bir şəxs həzrət Əlinin (ə) hüzurunda diqqət yetirmədən “əstəğfirullah” söylədi. Həzrət (ə) buyurdu: “Anan əzanda otursun, bilirsənmi istiğfar nədir? İstiğfarın altı şərti var...” Həzrət Əli (ə) istiğfarın (tövbənin) beşinci şərtini belə bəyan edir: “(Beşinci şərt budur ki,) haramdan yaranmış ətini nigarançılığınla əridəsən. Belə ki, onun yerinə təzə ət gələ.” (Nəhcül-bəlağə, h.417.) 5. İlahi tövfiqdən (yardımdan, inayətdən) məhrum olmaq Böyük şəxsiyyətlərdən birinin dilindən belə nəql olunur: Qəribə bir haldaydım. Gecə namazından, namazı əvvəl vaxtda qılmaqdan, ümumiyyətlə, ibadət ləzzətindən məhrum olmuşdum. Düşünürdüm ki, axı nə üçün? Nə qədər ağlayırdımsa, nalə çəkirdimsə təsiri olmurdu. Nəhayət, yuxuda mənə deyildi: “Haram xurma yeyən kəs ibadətdən ləzzət almaz.” Yuxudan oyandım. Yadıma düşdü ki, dükandan xurma alanda xurmaların arasında biri yetişməmişdi. Mən dükan sahibindən icazəsiz həmin xurmanı dəyişdim.” 6. Digər günahlara sövq olmaq Mehdi Abbasi xilafəti dövrünün tanınmış qazisi Şərik ibn Abdullah haqqında yazırlar ki, bu şəxs öncə təqvalı bir fəqih olmuşdur. Mehdi Abbasi onu həbs etdirib, sonradan azad olmaq üçün üç yoldan birini seçməyi təklif etmişdir: ya qazilik mənsəbi, ya xəlifə övladlarının tərbiyəsi, ya da xəlifənin təamlarından dadmaq. Şərik xəlifənin son təklifini seçmiş və o biri təklifləri münasib saymamışdı. Xəlifə öz aşbazına göstəriş verir ki, çeşidli təamlar hazırlasın. Xəlifənin süfrəsindən təam dadan fəqih sonradan dəyişmiş, həm qaziliyi, həm də xəlifə övladlarının tərbiyəsini öhdəsinə götürmüşdü. 7. Bərəkətsizlik Haram tikə malın bərəkətini aparır. İmam Sadiq (ə) buyurur: “Qeyri-şəri yolla mal əldə edən insana tikili, su və torpaq hakim olar. (Var-dövlət onu məhv edər)” Yəni bu şəxs var-dövlətini suya-torpağa sərf edər və heç bir fayda götürməz. Sanki torpağa əmr olunub ki, onun var-dövlətini udsun. Digər bir rəvayətdə imam Sadiq (ə) buyurur: “Çox haram yemək insanı ruzidən məhrum edər.” Həzrət Əli (ə) buyurur: “Çox olar ki, bir tikə insanı çox tikədən məhrum edər.” Oxşar xəbərlər
|