DÜZGÜN İBADƏT ETMƏK
İslamda düzgün ibadətin digər mənəvi faydaları ilə birlikdə insanı günahdan qorumaqda da mühüm rolu vardır.
Ümumiyyətlə ibadət etməkdə məqsəd Allahı tanımaqdan sonra günahlardan qorunmaqdır. İslam dinində bütün ibadətlər təkcə Allaha görə olmalıdır. Bu niyyətlə hər gün ibadət etmək insanın Allahla rabitəsini möhkəmləndirir; insanı Ona daha yaxın edir. «Bəqərə» surəsinin 183-cü ayəsində oruc tutmağın son məqsədi günahlardan təmizlənmək kimi qeyd olunmuşdur. “Ənkəbut» surəsinin 45-ci ayəsində isə namaz qılmaqdan məqsəd günahlardan uzaqlaşmaq kimi bildirilmişdir. Bu barədə bir çox hədislər də vardır: İslam Peyğəmbəri (s) buyurur: «Namaz axar su kimidir. İnsan namaz qılarkən etdiyi günahlar təmizlənir». İmam Sadiq (ə) buyurur: «Namazının Allah dərgahında qəbul olub-olmamasını bilmək istəyən şəxs namazına baxmalıdır. İbadət edənin namazı onu günahdan nə qədər çəkindirirsə, bir o qədər də Allah dərgahında qəbuldur». (Məcməül-bəyan, bu ayə haqqında.) İmam Əli (ə) buyurur: «Allah-təala namazı lovğalıqdan (təkəbbürdən) uzaq olmaq üçün vacib etdi». Günahlardan təmizlənməkdə diqqət olunası mövzulardan biri də günahların müalicə yollarıdır. Hər bir günahın öz dərmanı və öz müalicə yolu vardır. Bu mövzu əxlaq elmində geniş surətdə araşdırılır. Lakin biz burada bir neçə mövzunu açmağa kömək edən hədisə işarə edirik. Əmmar Yasir deyir: «Kufə şəhərinin küçələrinin birindən keçirdim. Bu zaman İmam Əlini (ə) gördüm. Bir dəstə adam onun başına toplaşmışdı. O Həzrət isə günahların hər birinin müalicə yollarını onlara öyrədirdi». İmam Əli (ə) başqa bir hədisdə buyurur: «Qəlblərin ən çətin dərdi günah dərdidir». (Üsuli-kafi, 2-ci cild, 275-ci səh.) İmam Baqir (ə) buyurur: «Hər dərdin dərmanı var. Günahların dərdi isə tövbədir». İmam Əli (ə) buyurur: «Təqvanın (günah etməməyin) vasitəsi ilə dərdlərinzə dərman edin». Oxşar xəbərlər
|