Əhli-sünnə mənbələrinə əsasən "Səqəleyn" hədisinin isbatı
Mьəllif: admin1
Tarix: 22-12-2020, 11:31
Əhli-sünnə mənbələrinə əsasən "Səqəleyn" hədisinin isbatı
Həzrət Peyğəmbər (s) özündən sonra iki ağır əmanət qoymuşdur ki, bunlar birlikdə ümmətə doğru yolu göstərsinlər. Biri Allahın Kitabı, digəri isə Peyğəmbərin (s) Əhli-Beytidir (ə).

Əhli-Beyt (ə) – Peyğəmbərin (s) elminin varisi olmuşdur. Buna görə Əhli-Beyti (ə) əmanət qoymuşdur ki, özündən sonra insanlara Quranı və sünnəni düzgün izah etsinlər və ümmət azğınlığa düçar olmasın.

Bugünkü dövrdə Əhli-Beytə (ə) sarılmağımız bu cür ola bilər ki, onları sevək və əziz İmamların (ə) silsilə ilə ata-babalarından buyurduqları hədislərə tabe olaq ki, bizə düzgün yolu göstərsinlər.

Hazırda Həzrət İmam Məhdi (ə.f) – Əhli-Beytin son yadigarıdır. İmam Məhdi (ə.f) səhih hədisə əsasən xüsusi naibləri olan alimlərə yol göstərməkdədir.

Yəni yer üzü İmamsız (ə) və həmçinin Əhli-Beytsiz (ə) boş qalmayıbdır, qalmır və inşəallah, qalmayacaqdır.

İndi isə hədisləri Allahın izni ilə nəql edirik.

Zeyd ibn Ərqəm nəql edir: “Peyğəmbər (s) buyurdu: "Mən sizə elə bir şey əmanət edəcəyəm ki, əgər ona sarılsanız, məndən sonra heç vaxt azğınlığa düşməzsiniz.

Bu şeylərin ikisi də bir-birlərindən daha da böyükdürlər. Göydən yerə uzanan ip kimi olan Allahın Kitabını və İtrətim olan Əhli-Beytimi.

Bu iki şey Kövsər hovuzunun başında mənə qovuşana qədər heç vaxt bir-birlərindən ayrılmayacaqlar. Bu iki şey haqqında mənə necə itaət edəcəyinizə diqqət edin!"”.

Tirmizi hədisdən sonra bəyan edir: “Bu hədis həsəndir” (yəni, tam mötəbərdir).

Tirmizinin kitabını tədqiq edən sələfi hədisşünası Albani bildirib ki, hədisin sənədi səhihdir. (Mənbə: "Sünən Tirmizi", c.8, s.288, hədis 3788).

Cabir ibn Abdullah rəvayət edir: "Peyğəmbəri (ə) həccdə Ərəfə günü Qəsvə dəvəsinə minib xütbə edərkən gördüm və o Həzrətdən (s) belə eşitdim:

"Ey insanlar! Sizə iki şey əmanət qoyuram. Əgər onlara bağlansanız, heç vaxt azmazsınız. Allahın Kitabı və İtrətim olan Əhli-Beytim"”.

Tirmizi hədisdən sonra bəayn edir: “Bu hədis həsəndir” ( yəni, tam mötəbərdir).

Tirmizinin kitabını tədqiq edən sələfi hədisşünası Albani bildirib ki, hədisin sənədi səhihdir. (Mənbə: "Sünən Tirmizi", c. 8, s. 286, hədis 3786).

Əbu Səid əl-Xudri rəvayət edir: "Allahın Rəsulu (s) belə buyurdu: "Mən sizlərə iki ağır şey (əmanət) qoyuram. Əgər onlara bağlansanız, məndən sonra heç vaxt azğınlığa düşəməzsiniz.

Onların hər ikisi də bir-birlərindən daha böyükdürlər. Göydən yerə uzanan ip kimi olan Allahın Kitabını və İtrətim Əhli-Beytimi. Onlar Hovuzun yanında mənə qovuşmayana qədər bir-birlərindən heç vaxt ayrılmayacaqlar"”.

Kitabı tədqiq edən hədisşünas Şuəyb əl-Ərnəut deyib ki, hədis səhihdir.

(Mənbə: "Müsnəd Əhməd ibn Hənbəl", c.3, s 59, hədis 11578).

Zeyd ibn Sabit rəvayət edir: “Həzrət Peyğəmbər (s) belə buyurub: "Mən sizin aranızda iki xəlifə qoyub gedirəm.

Biri göydən yerə uzanmış möhkəm bir ip olan Allahın Kitabı, digəri isə İtrətim, Əhli-Beytimdir. Bu iki şey Kövsər hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar””.

Hədisdən sonra Suyuti bəyan edib ki, hədis səhihdir.

(Mənbə: "Əl-Cəmius-səğir", c.1, s.402, hədis 2631).

Albani də bu hədisi səhih olaraq təsdiq edibdir.

(Mənbə: “Səhih əl-Cəmius-səğir”, hədis 2457).

İmam Əlidən (ə) nəql olunub: "Peyğəmbər (s) Qədir-Xumda Əlinin əlindən tutaraq dedi: "Allah Təbərək və Təalanın sizin Rəbbiniz olduğuna şəhadət verirsizmi?". (Səhabələr) dedilər: "Bəli".

Peyğəmbər (s) dedi: "Allah və Rəsulunun (s) sizə özünüzdən daha əvla (daha da ixtiyar sahibi) olduğuna və Allah və Rəsulunun (s) sizin əvliyanız (dostunuz) olduğuna şəhadət verirsizmi?". (Səhabələr) dedilər: "Bəli".

Peyğəmbər (s) dedi: "Allah və Rəsulu hər kimin mövlasıdırsa (ixtiyar sahibi və dostudursa), bu Əli də onun mövlasıdır (ixtiyar sahibi və dostudur).

Mən sizlərə elə bir şeylər əmanət qoyuram ki, əgər onlara sarılsanız, heç vaxt zəlalətə düşmərsiniz. Onlardan biri Allahın Kitabı və digəri isə mənim Əhli-Beytimdir"”.

Hədisdən sonra İbn Həcər əl-Əsqəlani deyib ki, bu hədisin sənədi səhihdir.

(Mənbə: İbn Həcər əl-Əsqəlani, "əl-Mətalibul-aliyə", c.16, s.142, hədis 3943).

Allah Təala bizləri bu iki ağır əmanətdən möhkəm yapışanlardan qərar versin, inşəallah!




(Allahverdi Əlizadə,/“Dəyərlər”)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031