HƏYAT YOLDAŞI İLƏ GÖZƏL RƏFTARIN TƏSİRLƏRİ
Mьəllif: admin1
Tarix: 6-05-2024, 11:02
HƏYAT YOLDAŞI İLƏ GÖZƏL RƏFTARIN TƏSİRLƏRİ
Qadınlar tarix boyu həmişə məzlum yaşamış, zülmün ağır tufanlı dalğalarına məruz qalmışlar. Qadınların çox zərif və insani duyğulara malik olmalarına baxmayaraq insan hesab edilməmiş, ondan çox ağır işlərdə, o cümlədən, yer şumlamaqda, əkin sahələrini suvarmaq üçün quyulardan su çəkməkdə istifadə edirdilər.

İndi də bu qanun zalımcasına bəzi Amerika ölkələrində hinduların arasında yayılmışdır və adi bir qaydadır. Çox təəssüflə qeyd etmək lazımdır ki, məsihiyyət icmalarında da katoliklər qadının ruhiyyəsinin necəliyi barəsində araşdırma apardıqdan sonra belə nəticəyə gəliblər ki, bütün qadınlar arasında yalnız Həzrət Məryəm insandır və onun əbədi ruhu vardır, yerdə qalanlar isə insanla heyvan arasında keçid rolunu oynayırlar.

Əfsuslar olsun ki, hazırkı əsrdə qadın azadlığı və onların kişilərlə bərabərliyi iddia edilərək onlar dəyərsiz bir əmtəə həddinə gətirilmiş, kabarelərdə, işvəxanalarda sui-istifadələrə məruz qalırlar, onları ailə təşkil edilməsi, yeni nəslin sağlam tərbiyə olunması və tərəqqiyə sövq edilməsi kimi əsli yoldan sapdırırlar.

Amma İslam dini qadınların bütün hüquqlarını 14 əsr bundan əvvəl hörmətlə yad etmiş, səadətli və layiqli yaşayışı üçün müsəlmanları onların haqlarına riayət etməyə səsləmişdir.

Onlara qarşı insani rəftarların ardınca gözəl nəticələr gəlir ki, onlara işarə edirik:

1 Ailədə yüksək əhval-ruhiyyə, şadlıq və sevinc

Mütəal Allah yaradılış aləmində Özünün qüdrət və bacarıq nişanələrindən birini qadınların həyat yoldaşı ilə evlənməsi bilir. Belə ki, bunlar ailə ocağında qəlblərin aramlıq tapdığı və ülvi hislərin çiçəkləndiyi bir ocaqdır ki, xüsusi səfa-səmimiyyətlə, məhəbbətlə ailə üzvlərinə daha artıq sevinc bəxş edir.

Bu ayə ər-arvad arasında həyatın, dostluq mehr-məhəbbət dolu rəftarın keyfiyyətini bəyan edib buyurur ki, onlar bir-biri ilə o qədər mehriban yaşamalıdırlar ki, öz ailə ocaqlarını yüksək məqamlı behiştlərə çevirib evdən çöldə olan yorğunluqları da məhz bu yolla aradan qaldıra bilsinlər.

Əli (ə) öz oğlu Məhəmməd Hənəfiyyəyə tövsiyə edir ki, öz həyat yoldaşınla tam razılaş və onu çoxlu işlərə məcbur etməkdən çəkin, ailə mühitini həmişə qızğın, hərarətli saxla. Çünki bu iş ailə daxilində sevincə səbəb olacaq.

Bunun oxşarını əziz oğlu Həsən Müctəbaya da vəsiyyət edərək onu həyat yoldaşı ilə yaxşı rəftar etməyə tövsiyə etmişdir. Çünki bu iş ər-arvadın qəlbinin aram, könlünün sevinməsinə səbəb olur, ailə üzvləri şad və sevinclə yaşayırlar.

O Həzrətin özü əməl məqamında öz həyat yoldaşı ilə o qədər mehiban davranırdı ki, onun mislini dünyada tapmaq olmaz. Əli (ə) evin daxilində olan işlərdə də Həzrət Zəhraya (s.ə.) kömək edirdi. Onun evində əlavə bir xidmətçinin olmasına baxmayaraq,

İmam Sadiqin (ə) buyurduğuna əsasən: “O Həzrətin özü bəzən xörək bişirməkdə, ocaq qalamaqda kömək edir: odun gətirir, quyudan su çəkir və evi süpürüb təmizləyirdi.”

Beləliklə də öz ardıcıllarına fədakarlıq, həyat yoldaşı ilə sağlam mühitdə yaşamaq dərsini verir. Əli (ə) həyat yoldaşı Fatimeyi-Zəhranın sadə evində elə şadlıqla, sevinclə yaşayırdı ki, o şəhid edildikdən sonra öz səbirsizliyini, taqətsizliyini bəyan edir.

Rəsuli-Əkrəmin (s) şərif qəbrinə xitab edərək deyir: “Ey Allahın Peyğəmbəri, sənin qızının ayrılığında taqətim kəsilmiş və səbirsizliyim azalmışdır. Zəhranın getməsi ilə qüdrətim əldən getmişdir.”

Onların bu müqəddəs ailədəki həyatı o qədər sevinc dolu, həmahəng idi ki, ömür boyu azacıq da belə bir-birindən narahatlıq görməmiş, mehr-məhəbbətlə həyat çətinliklərini, o dövrün acı siyasi hadisələrinin təsirlərini, Fədəkin və Əlinin (ə) xilafətinin qəsb edilməsindən yaranan ruhi sarsıntıları asanlaşdırmışlar.

Bir gün Rəsuli-Əkrəm (s) öz qızı və kürəkənini görmək üçün onların evinə daxil olub gördü ki, hər ikisi əl dəyirmanının yanında oturub bir-birinə kömək edirlər. Həzrət salam verib hal-əhval tutduqdan sonra buyurdu: Hansınız daha çox yorulmusunuz? Mən onun yerinə oturum və onun işini görüm.

Həzrət Əli (ə) ərz etdi ki, ya Rəsulaəllah, Fatimə daha çox yorulub. Sonra Fatimə atasının əmri ilə ayağa qalxdı və Peyğəmbər (s) öz kürəkəninin evində un üyütməyə başladı.

Beləliklə, məlum olur ki, Həzrət Əli (ə) və Fatimənin (s.ə.) ailəsinə necə də mənəvi və ruhi sevinc, səfa-səmimiyyət hakim idi. Belə ki, Peyğəmbər (s) kimi bir qayınata öz kürəkəninin evində işləyir və onlara mehr-məhəbbətlə hansının yorulduğunu soruşur. Allah bütün İslam ardıcıllarına tam agahlıq əta etsin ki, bütün qadın və kişlər ailədə bir-birinin yanında şad və sevinclə, yüksək əhval-ruhiyyə ilə yaşasınlar.

2 Allah dərgahına yaxınlaşmaq səbəbi

Həyat yoldaşı ilə ailə mühitində səfa-səmimiyyətlə, xoşluqla yaşamaq, yaxşı rəftar etmək ailə mühitində ruhən aramlıq yaradır. Bu iş ər-arvadı bir-birinə qarşı mehriban etməkdən əlavə, axirət savabına da malikdir, insanı Allah dərgahına yaxınlaşdırır, indi də bu barədə bir neçə hədisi qeyd edirik:

Rəsuli-Əkrəm (s) buyurur: “Sizlərin ən yaxşısı və ən imtiyazlısı odur ki, öz həyat yoldaşı ilə daha mehriban olsun. Bunu da bilin ki, mən sizin içərinizdə öz ailəmə ən mehriban adamam.”

Əlinizdəki kitabda Rəsuli-Əkrəmdən (s) başqa bir hədisdə nəql olunmuşdur ki, “həyat yoldaşına mehriban olan kişi Allah dərgahına ən yaxın və müqərrəb olan şəxslərdəndir.”

İmam Sadiq (ə) buyurur: “Hər kəsin Allaha və Onun Rəsuluna (s) daha çox məhəbbəti olsa, öz ailəsinə daha çox məhəbbət göstərər.”

Bu hədis ailədəki nəvazişin, mehr-məhəbbətin Allaha iman ilə mütənasib olduğunu bildirir və həyat yoldaşına ehtiram qoymağı imanın əlaməti hesab edir.

Rəsuli-Əkrəm (s) müfəssəl bir hədisdə ər və arvadın yaşayış üslubunu təcəssüm edərək buyurur: “Ailə mühitində həya eşq-məhəbbətlə yanaşı olmalı, ər-arvad bir-birinin xətalarını əfv etməlidir.

Əgər bir-birinə əziyyət versələr, mütəal Allah onların ibadətlərini qəbul etməz, hətta bütün ömürlərini ibadətlə keçirsələr, Allah yolunda çoxlu qul azad etsələr və mal-dövlətlərini Allahın razılığını əldə etmək üçün sədəqə versələr də belə.”

Bir-birinə əzab-əziyyət verən ər-arvad cəhənnəm oduna daxil olan ilk şəxslərdəndir. Amma ailə mühitindəki çatışmamazlıqlara, nöqsanlara dözərək onları şadlıqlara çevirməyin mükafatı və savabı Həzrət Əyyubun əcri qədərdir.

Rəsuli-Əkrəm (s) buyurur: “Möminlərin iman cəhətindən ən kamil olanı–xislət və əxlaq cəhətindən ən yaxşı olanları, öz ailələrinə qarşı ən mehriban olanlarıdır.”

Burada lazım görürük ki, Rəsuli-Əkrəmin (s) Allah tərəfindən Əliyə (ə) bəyan etdiyi müfəssəl bir hədisi bəyan edək. Əli (ə) buyurur: “Bir gün Rəsuli-Əkrəm (s) bizim evimizə gəldi. Həzrət Zəhra qazanın yanında oturmuşdu, mən isə mərcimək təmizləyirdim.

Həzrət mənə buyurdu: Əlican, bu mətləbləri Allah tərəfindən sənə bəyan edirəm: “Hər kəs evdə həyat yoldaşına kömək etsə, Allah-taala onun bədənində olan hər tük qədər onun üçün bir illik ibadət yazar; gündüzlərini oruc tutub gecələrini səhərə kimi ibadətlə məşğul olan bir il.

Həzrət Davud, Həzrət Yəqub və Həzrət İsa kimi peyğəmbərlərin savabını ona mərhəmət edər. Ey Əli, ürək yanğısı üzündən evdə öz ailəsinə kömək edən şəxsin adını Allah-taala şəhidlərin cərgəsində qərar verər.

Hər gecə-gündüz müqabilində min şəhidin əcrini yazar, bu yolda atdığı hər bir addıma həcc və ümrə ziyarətinin savabını verər, bu yolda axıdılan hər damla tər müqabilində onun üçün behiştdə bir şəhər tikilər. Ey Əli, əhli-əyala xidmət etməyin savabı min illik ibadətin savabından üstündür.

Həyat yoldaşına xidmət və hörmət etmək min ümrə və həccdən, min qul azad etməkdən və min cihadda iştirak etməkdən daha üstündür. Həmçinin, həyat yoldaşına kömək və xidmət etmək minlərlə xəstənin yoluxmasına getməkdən, cümə namazında iştirak etməkdən, cənazənin dəfn mərasimində iştirak etməkdən, acları-çılpaqları doyurmaqdan, daha artıqdır””.

Bu hədisin əlavə şərhə ehtiyacı vardır, amma ixtisara riayət edilsin deyə, şərh etmirik. Həyat yoldaşına xidmət etməyin əhəmiyyəti, onun axirət təsirləri böyükdür. Çünki ailə üzvləri arasında qarşılıqlı anlaşma yaradır və ictimai problemləri həll edir.

3 Övladın gözəl tərbiyəsindəki təsiri

Bütün insanlar istəyirlər ki, övladları layiqli və əməlisaleh olsun; onları görməklə xoşhal olsun, köməklərindən istifadə etsinlər. Bundan əlavə, şəriət nəzərindən də ata-analar övladlarının düzgün tərbiyəsində məsuliyyət daşıyırlar.

Bu barədə hər növ səhlənkarlıq və etinasızlıq axirətdə cəzalandırılmağa, ilahi dərgahda məhkəməyə çəkilməyə səbəb olacaqdır. Belə ki, imamlarımız bu barədə xətər hiss edərək bu mühüm dini və ictimai vəzifəni yerinə yetirməkdə Allahdan kömək istəmişlər.

Ata və ana öz həyatlarında gərək övladlarının təlim-tərbiyə məsuliyyətini nəzərə alsınlar, bir-biri ilə elə rəftar etsinlər ki, onların əxlaqi və mənəvi təkamülünə səbəb olsun, fikri və əxlaqi azğınlıqlardan, sapmalardan amanda olsunlar.

Əks halda, valideynlər övladların tərbiyəsində xəta yolu getmiş olurlar. Nəticədə İlahinin dərgahında müqəssir sayılacaqlar və heç vaxt öz arzuslarına–saleh övlada malik olmaq arzusuna çatmayacaqlar.

Rəsuli-Əkrəm (s) buyurur: “Övladlar öz ata-anaları qarşısında yaxşılıq etməkdə və onlara tabe olmaqda məsuliyyət daşıdıqları kimi, ata-ana da övladın düzgün tərbiyə olunması və onların hüquqlarının təmin olunmasında ağır məsuliyyət daşıyırlar və səhlənkarlıq edəcəkləri təqdirdə üzünə ağ hesab olunacaqlar.”

İmam Sadiq (ə) bir hədisdə belə nəql edir: Rəsuli-Əkrəm (s) buyurur: “Övladların ata üzərində olan hüquqlarından biri də budur ki, ata öz həyat yoldaşı ilə düzgün və şadlıq yaradan tərzdə rəftar etsin, həyat yoldaşına ehtiram qoymaqla çalışsın ki, hər növ nalayiq danışıqdan və təhqirdən çəkinsin.”

Bu hədisdə qız və oğlanların təlim-tərbiyəsində bir-biri ilə fərqlənən vəzifə və təlim-tərbiyə üsulları nəzərə alınmışdır.

Həmçinin, həyat yoldaşı ilə yaxşı rəftar etmək, ona ehtiram qoyub əzizləmək övladların hüquqlarından sayılır. Çünki uşağın beyni fotoaparatın lenti kimidir, ata-ananın bütün əməl və rəftarları onların beynində həkk olunur və övladlar onlara diqqət yetirib beyinlərində saxlayırlar.

Bilirik ki, ailə mühiti və valideynlərin əməlləri övladda digər əməllərdən daha çox təsir qoyur. Uşaqlar, adətən, rəftar və əməllərində öz ata-analarını təqlid edirlər.

Buna görə də müqəddəs İslam dini ata-analara tövsiyə edir ki, ailə mühitində səmimi yaşasınlar, övladlarını sevsinlər, hər növ vurmaqla tənbeh etməkdən, nadürüst kəlamlardan, xoşagəlməz hərəkətlərdən çəkinsinlər, uşağın həyat mühitini öz mehr-məhəbbətləri ilə isti saxlasınlar.

Əgər Allah eləməmiş, bir-biri ilə yaramaz, qeyri-səhih tərzdə rəftar edərlərsə, onların övladları da münhərif və tərbiyəsiz olacaqlar. Bu fəslin axırında əməlisaleh övladların dəyəri barəsində olan bir neçə hədisi diqqətinizə çatdırırıq:

İmam Baqir (ə) buyurur: “İnsanın səadətlərindən, xoşbəxtliklərindən biri də budur ki, qiyafə, əxlaq və s. cəhətlərdə ona oxşayan övladı olsun.”

İmam Sadiq (ə) buyurur: “Allahın mömin bəndəsindən olan mirası budur ki, onun layiqli övladı olsun və onun üçün istiğfar etsin.”

Rəsuli-Əkrəm (s) buyurur: “Övladlarınıza ikram edin (əzizləyin), onların ədəblərini gözəlləşdirin ki, Allah sizi bağışlasın.”

Həzrət yenə buyurur: “Əməlisaleh övlad cənət güllərindən olan bir ətirli güldür.”


(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930